Ombudsmanın kitabı…

ombudsmanin-kitabi
Oxunma sayı: 1589

Raminə Eyvazqızı

Elmira Süleymanovanı postuna yerləşdirəndə ağzıgöyçəklər deyinirdilər ki, bu vəzifə nəyə gərəkdir, bir insan bu boyda ölkənin öhdəsindən necə gələ bilər?

Ombudsmanın süfrəsində çörək kəsmiş publisistlərdən biri isə dedi ki, qadınlğına baxmayın, yaxşı xarici dil bilir, təcrübəsi boldu. İndi ötən 14 ilə baxanda məlum olur ki, Elmira xanımın samballı, nəticəli işlərinin sayı çox azdır. Bəli, 78 yaşlı xanım bu gün də nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edir, Azərbaycandan gəldiyini deyir…

Elmira xanım kimya elmləri üzrə mütəxəsisdir, ölkə insanının kimyasını nə qədər bilir? Qidanın, içkinin, adamın da kimyası olur, hələ hüquq müstəvisinə toxunmuram. O həm də Azərbaycan Qadın və İnkişaf Mərkəzinin (BMT-yə bağlı milli QHT) prezidentidir, hələ əsl vəzifəsindən danışmıram. Beynəlxalq və yerli konfraslarda çıxış etməklə, 10-15 dəqiqəlik məruzələrlə iş bitmir. Əgər bu böyük qadın özünün “ölkədə əxlaqsızlıq baş alıb gedir”, “boşanmalara səbəb əxlaqsızlıqdır”, “atalar var, qızlarını qumarda uduzur” fikirlərini dilə gətirirsə, onda o azərbaycanlı qadınlarının hamısının əxlaqını şübhə altında qoyur.

O bir ombudsmana yaraşmayan tərzdə ölkəsi üçün 14 illik fəaliyyətindən sonra bu sözü deyirsə, onda o öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini də bəyan edir. İnsan haqları üzrə müvəkkil hər fərdin ayrıca hüquqlarının qorunması üçün çalışmalıdır, nədənsə Elmira xanımı daha çox məhkumlar üçün nə isə etməli olduğu ampulada görürlər. Yaxud kollektiv hüquq pozuntusu olmadan reaksiya verilmir. Bu da ondan irəli gəlir ki, ombudsman institutu hələ də formalaşmayıb. Halbuki hüququ pozulmuş bir vətəndaşın məsələsini elə qaldırmaq olardı ki, minlərlə insan da bundan xeyir görərdi.

Bizə özgə sayılan Moldova ombudsmanı Aureliya Qriqoriu “Azərbaycan mənim qəlbimdir” sözlərini elə deyir ki, adam qürurlanır. Aureliya xanım Qarabağın bizə məxsus olduğunu deyə-deyə xristian millətlərlə üz-göz olub, hələ təzyiqlərə də məruz qalıb.

Ölkəmizin Avropadakı səfirliklərindən birinin keçmiş rəsmisi nəql edir ki, ombudsman səfirliyimizə təşrif buyuranda özü ilə müəllifi olduğu kitabları da gətirib. Səfirlik əməkdaşları da kitabı vərəqləyib Elmira xanımın toy şəkillərinə baxırmışlar. Bir-ikisi də kitabdan nicat ummadığından onu zibil qutusuna atıb. Demirəm doğru davranışdır, əsla. Amma axı Elmira xanımın toy-büsatda çəkdirdiyi şəkilləri paylaşan vaxtıdı da…

Baş müvəkkil kiçik vəzifə deyil, hətta ölkə rəhbəri qədər nəhəngdir, səriştələri, hüquqları çoxşaxəlidir. Ombudsman Aparatının rəsmi internet saytına nəzər yetirdikdə məlum olur ki, ora daxil olan şikayətlərin son statistikası 2010-cu ilə, başqa sözlə, Emira xanımın ikinci dəfə bu vəzifəyə seçilmə vaxtına təsadüf edir. Yaxud, daxil olan şikayət ərizələrinə 30 gün ərzində baxılır, əlavə məlumat tələb edildikdə isə bu vaxt 30 gün uzadılır. Şikayətlərə baxılma qaydasından “operativ” iş barədə təssəvvür yaranır. Bax belə…