“Ömründə həkim tanımayan insanlar...” - Hesabat

omrunde-hekim-tanimayan-insanlar
Oxunma sayı: 4009

Prezident İlham Əliyev fevralın 12-dən mayın 12-dək Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələrdən keçirilməsi ilə bağlı tapşırıq verib. Artıq rayonlarda “Sağlam həyatı seç, müayinədən keç” devizi altında əhalinin tibbi müayinəsi davam etdirilir. Səhiyyə Nazirliyi bölgələrdəki tibb müəssisələrində yaradılan şərait və müayinələrlə bağlı vəziyyəti öyrənmək məqsədilə Siyəzən və Quba rayonkarına press-tur təşkil edib.

“Qafqazinfo”nun press-turda iştirak edən əməkdaşının verdiyi məlumata görə, jurnalistlər tur çərçivəsində ilk olaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində tibbi müayinənin təşkili ilə tanış olublar. Mərkəzin baş həkimi Dadaş Hümbətov bildirib ki, hər ay müayinələrin təşkili ilə bağlı hesabat verilir.

Baş həkimin sözlərinə görə, bu müayinələrin məqsədi xəstəliklərin vaxtında aşkarlanmasıdır. Diaqnostik mərkəzdə 1 ay ərzində 12 min nəfər tibbi müayinədən keçirilib. 

Baş həkim bildirib ki, müayinələr zamanı müraciət edən vətəndaşlara baxış keçirilir, xəstəliklər haqqında məlumat toplanır və gələcəkdə fəsad törədəcək risk faktorları barədə onlara tövsiyələr verilir: “Elə xəstələrimiz var ki, illərlə həkim müayinəsindən keçməyib. Biri deyir ki, mən ömrümdə həkimə getməmişəm, ömrümdə iynə vurdurmamışam. Elə bilirsiniz bu yaxşı haldır? Həmin qeyri-sağlam həyat keçirən, ömründə həkim tanımayan həmin insanlar bu müayinələrdən keçir, sağlamlıqları ilə bağlı müəyyən məlumatlara sahib olurlar. Müayinələrə gələnlərin sayı isə ilbəil artır” 

Siyəzən Mərkəzi rayon Poliklinikasının baş həkimi Əhməd Quliyev isə deyib ki, rayon üzrə 5566 nəfər müayinəyə cəlb olunub: “Müayinələr zamanı aşkarlanan xəstəliklər arasında ürək- damar və şəkərli diabetdən əziyyət çəkənlər üstünlük təşkil edir. Şəkərli diabet aşkar olunan xəstələr qeydiyyata alınmaqla yanaşı, dərmanlarla da təmin edilirlər.  Aksiya çərçivəsində ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları yaradılıb. Onlar da əsaslı səbəbdən müayinəyə gələ bilməyən və ucqar kəndlərdə yaşayan xəstələri evlərində ziyarət edir. Ümumilikdə, gün ərzində 250-yə yaxın insan tibbi müayinədən keçirilir”. 

Xızı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Bəhdaş Nəbiyev də görülən işlərin hesabatını verib. Onun sözlərinə görə, Xızıda 3700-dən çox insan profilaktik yoxlamalardan keçib. Onlardan 119-da ürək-damar, şəkər və ağciyər xəstəlikləri aşkarlanıb. 

Şabran Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini Kəmalə Süleymanova da müayinələrlə bağlı hesabat verib. Tədbirə qatılan Siyəzən ağsaqqalları, icra hakimiyyətinin nümayəndələri tibbi müayinələrin əhəmiyyətindən danışıblar. 

Daha sonra jurnalistlər Quba rayonunda tibbi müayinələrin təşkili ilə tanış olublar. 

Quba rayon xəstəxanasının baş həkimi Əliyar Sərvərov bildirib ki, 169796 min əhalinin 32994-ü müayinəyə cəlb edilib. Xəstəlik aşkarlanmış rayon sakinlərindən 245-i cərrahiyyə əməliyyatı olunub. Əsasən tənəffüs yolları, həzm xəstəlikləri aşkarlanıb. 

Tədbirə qatılan Qusar rayon xəstəxanasının baş həkimi Mübariz Zeynalov isə deyib ki, bu müayinələr vaxtında profilaktik tədbirlərin görülməsi, fəsadların aradan qaldırılması və lazimi tibbi yardım göstərilməsi baxımından çox əhəmiyyətlidir. İllərdir həkimə getməyən rayon sakini tibbi müayinəyə cəlb edilir. Qusar rayon xəstəxanasında təcili tibbi yardım, qəbul şöbəsi, şüa diaqnostikası, laboratoriya, onkologiya, doğum, cərrahiyyə, reanimasiya, qadın məsləhətxanası, vərəm, infeksion xəstəliklər şöbələri fəaliyyət göstərir. Xəstəxanada qastroskopiya, kolonoskopiya, şüa diaqnostika şöbəsində ultrasəs, rentgen, rentengoskopiya və rentengoqrafiya müayinə metodları aparılır. 

Həmçinin xəstəxanada müasir avadanlıqla təchiz olunmuş doğum şöbəsi fəaliyyət göstərir. Doğum şöbəsində cərrahiyyə bloku da yaradılıb və lazım olduqda qeysəriyyə əməliyyatları aparılır. 

Tədbirdə Xaçmaz rayon xəstəxanasının baş həkimi Səyyaf Tağıyev də hesabat verərək bildirib ki, rayonda 177600 əhali yaşayır və artıq 52734 nəfər müayinədən keçib. Müayinədən keçənlərdən 16828-i ambulator müalicəyə cəlb olunub, 69 nəfər cərrahiyyə əməliyyatı olunub. 

Qeyd edək ki, prezidentin tapşırığının icrası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 4 briqada yaradılıb. Mütəxəssislər Lənkəran, Şəki, Gəncə və Quba bölgəsində fəaliyyət göstərən tibb müəssisələrinə ezam olunurlar. Ötən il respublika üzrə 2041388 nəfər müayinədən keçirilib, 68427 nəfər dispanser nəzarətinə alınıb, 27059 nəfəri hospitalizasiya olunub. Əhalinin müayinələrə cəlb edilməsini nazirlik nəzarətə götürüb.