On altı yaşlı qızın “Beş gəlin” verilişində nə işi var?

on-alti-yasli-qizin-bes-gelin-verilisinde-ne-isi-var
Oxunma sayı: 4297

Nərmin Dadaşova

Azərbaycan telekanalları  başdan-ayağa bəla bəhridir, dərddir, ağrıdır, çərdir, çordur, yalodur. Arada mənə elə gəlir ki, xüsusi olaraq ən istedadsız, ən bayağı adamları seçirlər televiziya üçün, anti reklam da bir reklamdır prinsipi ilə. Əl-əlbət ki, istisnalar da yox deyil. Ancaq iki cümləni yan-yana qoya bilməyən, dil qüsuru, beyin qüsuru, intellekt qüsuru olan bu qədər adamı bir araya toplayıb yaxşıları da it-bat eləyirlər aralarında.

Bir dəfə təsadüfən Türkiyə kanallarından birində evlilik verilişinə gözüm sataşdı. On doqquz yaşlı bir xanım özünə arzuladığı “ağ atlı şahzadə” haqqında danışırdı. Evlilikdən gözləntiləri, gələcək namizəddən tələbləri, gələcək planları haqqında o qədər sərbəst, o qədər səlist danışdı ki, matım-mutum qurudu. Bizim heç ali təhsilli, illərdir əlində mikrafon girinc-giriftar qalmış aparıcılarımızın çoxunda belə nitq, belə diksiya yoxdur, inanın mənə. Nitqi, səs tonu, danışıq qabiliyyəti o yana dursun, intellektual səviyyələri sıfırın altında olan, həftənin beş günü canlı yayımda bazar söhbətləri edən aparıcılar sadalayaram sizə. Verilişlər oğurluq, ssenarilər oğurluq,  geyimlər “varoş”, makiyajlar Nazpəri Dostəliyeva, bircə beyinlərinin mənbəyi-mənşəyi bəlli deyil, qardaş.

Artıq ikinci sezondur ki, ATV telekanalı “misli-bərabəri” olmayan “Beş gəlin”  adlı veriliş yayımlayır. Verilişin çox “ali” missiyası var, qızları gəlin olmağa, qaynana buyruğunda durmağa hazırlayırlar. Təsəvvür edin, on altı yaşlı qız, “Beş gəlin” verilişinə qatılıb. Yemək bişirməyi, təmizlik etməyi, qısacası, buyruq qulu olmağı öyrənir. Ay adamlar, siz axı nə vermisiz Azərbaycan gəncliyinə ala bilmirsiz? On altı yaşlı uşaqdan niyə qadın düzəltməyə çalışırsız? Ümumiyyətlə, televiziyanı niyə bazara, mətbəxə, hamam-tualetə çevirmisiniz? İndi bilirsinizmi ki, cəmiyyətin sizə necə ehtiyacı var?! Onlar bizim yazdıqlarımızı oxumurlar,  oxuma vərdişləri yoxdur çünki, sizə ki, baxırlar... Sizin ki, onların bir başa beyinlərinə, qulaqlarına girə bilmək kimi bir üstünlüyünüz var. Bu nə bayağılıqdır, bu nə ucuzluqdur, bu nə bazardır belə?

Siz Allah, kanalın İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Turan İbrahimovun verdiyi açıqlamaya baxın:

“…Evliliklər qısa müddətdə dağılır, səbəb evlənən qızların qayınanası ilə yola getməməsi, ev işlərini görə bilməməsidir. Biz də indidən onun təbliğatını aparırıq”.

Fəlakətdir. Kanal rəsmisi düşünür ki, evliliklərin dağılma səbəbi gəlinlərin qayınanaları ilə yola gedə bilməmələridir. Onlar da elə bir veriliş hazırlamaqla boşanmaların sayını azaltmağa çalışırlar. Gözlərim doldu, Turan bəy. Bu nə həssasiyyət.

Sizə haqqında tez-tez yazdığım sosial şəbəkələrin qadın qruplarından (sonuncu yazıdan sonra bir neçəsi məni blok etdi. Heyif) birində dünən bir xanım sevgilisi haqqında status paylaşdı. Elə bil “google translate” ilə ingiliscədən dilimizə tərcümə edilmişdi cümlələr. Səviyyə sıfırın altında, sevgi bayağı, özünüifadə qeyri-etik… Normal ünsiyyət qura bilməyən, danışa, fikrini ifadə edə bilməyən adam kələm dolmasını yaxşı bişirsə nə olacaq, bişirməsə nə olacaq, Turan bəy?  Niyə qadınları məişətin dibinə sürükləyirsiz? Əllərinə kitab yox, çömçə verirsiz? Niyə axı, nə səbəbə?