“On bir dəqiqəlik ehtiras və otuz dəqiqəliyə rəfiqə olmaq” - Koelyo

on-bir-deqiqelik-ehtiras-ve-otuz-deqiqeliye-refiqe-olmaq-koelyo-
Oxunma sayı: 1743



“Qafqazinfo” son vaxtlar Paulo Koelyonun Azərbaycan gəncliyi arasında çox məşhurlaşan “On bir dəqiqə” əsərindən bir parçanı təqdim edir.


Bu peşəylə məşğul olan gündən onun qarşısından keçən kişilər var gücləriylə özlərinə inanan ömür sahibləri kimi görünməyə çalışırdılar,amma Mariya onların gözlərində həmişə qorxu – arvad qarşısında qorxu, həlledici anda biabır olmaq qorxusu, hətta fahişəylə - pul verdikləri qadınla da lazımi səviyyədə ola bilməmək qorxusu görürdü. Bax, əgər mağazadan bir cüt başmaq alsaydılar, o başmaq xoşlarına gəlməsəydi, doğurdanmı əllərində çek qayıdıb pullarını geri almağa cəsarətləri çatmazdı? Onlar burda da hər hansı firmaya pul ödəyirlər, amma uğursuzluğa düçar olanda heç bir vəchlə “Kopakabana”ya gəlməzlər, çünki bundan hamının xəbər tutacağına əmindilər. Bundan da utanırlar.

Buna görə də onları əzablardan qurtarmaq istəyib, Mariya özlərini rahat saymaları üçün hər şey eləməyə çalışırdı, əgər görürdüsə, müştəri formada deyil, yaxud həddən artıq içib, nəvazişlərlə kifayətlənib tamam-kamal intimsiz keçinməyə çalışırdı – bu da onların çox xoşuna gəlirdi. Bununla belə, əgər dərindən fikirləşsək, yersiz görünürdü , çünki bu da ondan ötrü lazım deyildi.

Bütün vasitələrlə çalışmaq lazımıydı ki, müştəri heç nədən utanmasın. Öz kabinetlərində bu qədər qüdrətli, yenilməz olan, qarşılarından tabeliklərində olanların, tərəf-müqabillərin, təminatçıların sonsuz sırasının gəlib keçdiyi, hər şeyin gizli, riyakar, qorxulu olduğu kişilər axşamlar “Kopanakabana”ya gəlir, bir gecəliyə özlərindən imtina etmək üçün üç yüz əlli franklarına heyifsilənmirdilər.

Bir gecəliyə? Şişirtmək lazım deyil, Mariya. Əslində, seans qırx beş dəqiqə çəkir, əgər soyunub-geyinməyə, saxta nəvazişlərə, bayağı söhbətlərə sərf olunan vaxtı çıxsaq, onda sırf intimə on bir dəqiqə qalır:

On bir dəqiqə. Dünyanın üzərində fırlanan şey cəmi on bir dəqiqə sürür.

Uzun iyirmi dörd saatlıq sutkanın azacıq bir hissəsini tutan bu on bir dəqiqələr naminə onlar nikaha girirlər, ailə qururlar, körpələrin ağlamasına dözürlər, əgər evə həmişəkindən gec gəlirlərsə, təhqir olunmuş halda özlərini təmizə çıxarırlar, Cenevrə gölünün qırağında gəzmək istədikləri onlarla, yüzlərlə qadını gözdən keçirirlər, özlərinə bahalı və arvadlarına daha bahalı paltarlar alırlar, fahişələr, kosmetikanın, pəhrizlərin, bütün bu fitnes ve şeypinqlərin, hakimiyyətin nəhəng sənayesinə yardım göstərirlər, özləri kimilərinə rast gələndəsə fərqli fikirlərə rəğmən heç vaxt qadınlar barədə danışmırlar. Amma iş, pul, idman barədə söhbət açırlar.

Sivilizasiyamız lazım olan yerə getmir, burda qəzetlərin elan elədikləri kimi, məsələ ozon dəliyində, Amazonka meşələrinin məhv olunmasında, panda ayılarının məhv olunmasında, siqaret çəkilməsində, kanserogen məhsullarda, həbsxana sisteminin böhranında deyil. Məhz Mariyanın çalışdığı məişət sahəsində - intimdəydi.

Yeri gəlmişkən, o, bəşəriyyəti xilas eləməyə yox, öz bank hesablarını doldurmağa, yarım il də tənhalığa, elədiyi seçimə dözməyə, müntəzəm olaraq, anasına pul göndərməyə, əvvəl ağlına gəlməyənləri almağa çalışırdı. O özünə başqa, daha rahat mənzil tutdu, mənzilin pəncərəsindən kilsə, yapon restoranı, böyük mağaza, qəzetləri vərəqləməyi sevdiyi yaraşıqlı kafe görünürdü.

Öz-özünə qoyduğu müddətə əməl eləmək qalırdı. Qalan şeylərsə hələlik həmişəki kimi gedirdi: “Kopakabana”, “İcazə verirsiniz, sizi qonaq eləyim?”, rəqs, “ Siz Braziliyadansınız?”, otel, pul əvvəlcədən, söhbət, bədənin və ruhun - əsasən ruhun lazımi yerlərinə toxunmaq bacarığı, intim problemlərə kömək, on bir dəqiqəlik ehtiras və otuz dəqiqəliyə rəfiqə olmaq. Sağ olun, ümidvaram, bir həftədən sonra görüşərik, sən – heyrətamiz kişisən, qalan şeyləri gələn dəfə danışarsan, ah, sağ olun, hətta özümü səninlə necə yaxşı hiss elədiyimi deməyə utanıram.

Ən başlıcası - vurulmamaq. Bu “Kopakabana”dan yox olmamışdan braziliyalı qızın ona verdiyi ən əsas, ən həyəcanlı məsləhətiydi - o, vurulduğuna görəmi yox oldu? İşlədiyi iki ay müddətində ona bir neçə dəfə, həm də bir dəfə tamamilə ciddi təklif elədilər: birinci yüksək vəzifəli bank xidmətçisiydi, ikincisi, debüt elədiyi həmin təyyarəçi, üçüncü, silah mağazasının sahibiydi. Hər üçü “onu bu həyatdan qoparmağa” söz verir, onun öz evi, layiqli gələcəyi, uşaqları, ola bilsin, nəvəsi olacağını vəd eləyirdi. Bütün bunlar gündə on bir dəqiqə xətrinəmi? Ola bilməz. İndi “Kopakabana”da işləyib bilirdi ki, tənhalıq təkcə onun qisməti deyil. Bəşər nəslinin övladısa bir həftə su içməyə, iki həftə yemək yeməyə, illərlə evsiz keçinə bilər – amma tənhalığa tab gətirmir. Tənhalıq - ən sərt cəza, ən ağır əzabdı. Onun yanında olmaq istəyən çox-çox başqaları kimi, üç iddaçı Mariyanin özü kimi, bu dağıdıcı hissi – bütün dünyada kimsəyə lazım olmadığını duyurdular.

Günahlardan qaçmaq naminə qəlbini gündəliklərə vermişdi. “Kopakabana”ya o, yalnız özünün gündəngünə daha incə, daha həris bədənini və ağlını gətirirdi. Özünü inandıra bildi ki, Cenevrəyə gəlib, axırda “Kopakabana”ya ali mülahizələr üzündən düşüb, hər dəfə də kitabxanadan növbəti kitabı götürəndə görürdü: heç kəs sutkadakı bu ən vacib on bir dəqiqəni lazım olduğu kimi təsvir eləməyib. Ola bilsin, onun bu dünyadakı vəzifəsi, indi nə qədər qəddar olsa da, işi kitab yazmaq, öz tarixçəsini danışmaq, öz macəraları barədə söz açmaqdı. .

Məhz belə - Macəra! Ola bilsin, o, elə həyatda macəra axtarırdı, bununla belə, adamlar bu qadağa sözü hətta söyləməyə də cəsarət eləmirdilər, amma televizor və kino ekranlarında başqalarının macəralarına ləzzətlə baxırdılar. Bu söz səhralarla, buzlaqlarla, vəhşi, insan ayağı dəyməyən diyarlara səyahətlərlə, çayın ortasındakı gəmidə söhbətləşən sirli adamlarla, kinostudiyalarla, təyyarələrlə, hindu qəbilələriylə, Afrikayla necə gözəl uzlaşırdı!

Kitab yazmaq fikri onun ürəyinə yatdı, hətta kitaba ad da tapdı – “On bir dəqiqə” .

O öz müştərilərini üç qrupa böldü. Birinci tip – “terminatorlar”: onlar “Kopakabana”ya artıq yüngülcə hallı gəlirdilər, özlərini elə göstərirdilər, guya heç kəsə baxmırlar, elə hesab eləyirdilər, guya hamının gözləri onlara dikilib, rəqs eləməyi xoşlamırdılar, sorğu-sualsız onunla otelə yollanırdılar. İkinci tipi o, “milaşkalar” adlandırmışdı: onlar yaraşıqlı, o qədər diqqətli, hörmətkardılar ki, elə bil, bunsuz Yer kürəsi öz oxundan çıxardı.Onlar ozlərini elə göstərirdilər, guya küçəylə gedirdilər, “Kopakabana” barını görüblər, niyə baş çəkməsinlər axı? Onlar əvvəlcə mehriban, otel nömrəsindəsə bir o qədər özlərinə inamsız, amma məhz bu səbəbdən axırda “terminatorlardan” min dəfə tələbkar olurdular. Üçüncu tip “ Böyük Boss” adı almışdı. Onlar qadına mala yanaşan kimi münasibət bəsləyirdilər . Onlar utanmırdılar, riyakarlıq eləmirdilər, necə vardılarsa, eləydilər – rəqs eləyirdilər, danışırdılar, düz deyildiyi qədər pul verirdilər, bir frank da artıq vermirdilər, heç vaxt ona ürəklərini açmırdılar. Elə onlar da, deyəsən, “macəra” sözünün mənasını bilən yeganə adamdılar.

Mariyanın işləyə bilmədiyi müddətdə gündəliyində apardığı qeyd:

Əgər bu gün kiməsə öz həyatım haqqında danışmalı olsaydım, bunu elə eləyə bilərdim ki, məni müstəqil, fədakar, xoşbəxt qadın sayardılar. Amma bu belə deyil axı: mənə on bir dəqiqədən daha vacib olan bir yeganə sözü söyləmək qadağan edilib – bu söz – “sevgi”di.

Bütün həyatım boyu sevgini dərk olunmuş, könüllü köləlik kimi qəbul eləmişəm. Amma yanılmışam – azadlıq yalnız aşkara çıxarıldığı, nümayiş etdirildiyi zaman mövcuddur. Hissə kor-koranə tabe olan kəs, özünü azad hiss eləyən kəsdi, o da qəlbinin bütün gücüylə sevir.

Qəlbinin bütün qüvvəsiylə sevənsə özünü azad hiss eləyir.
Elə bu səbəbdən də nə eləsəm, necə yaşasam, özüm üçün nə kəşf eləsəm – hamısı mənasızdır. Ümid eləyirəm ki , bu müddət tez ötüb-keçəcək – mən də məni başa düşəcək , əzab çəkməyə məcbur eləməyəcək kişi tapıb özümə qayıdacağam.

Nə boş-boş danışıram? Sevən sevdiyinə heç vaxt əzab verməz; hər birimiz keçirdiyimiz hisslərə görə məsuliyyət daşıyırıq, bu məsələdə başqasını günahlandırmağa haqqımız yoxdur.

Vurulduğum adamların itkisi əvvəl qəlbimi yaralayırdı. İndi əminəm: kimsə kimsəni itirə bilməz, çünki kimsə kimsəyə məxsus deyil.

Bax , əsl azadlıq budu – sənə hər şeydən əziz bir kəsin olsun , amma ona sahib olmayasan…