On-line qeydiyyat başlandı

on-line-qeydiyyat-baslandi
Oxunma sayı: 849

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, biznesin qeydiyyatı sahəsində aparılan radikal dəyişikliklərin davamı olaraq sahibkarların elektron qeydiyyat sisteminin tətbiqi Nazirlik tərəfindən Azərbaycan Respublikası əhalisinə göstərilən elektron xidmətlərin keyfiyyətcə daha yeni mərhələyə yüksəlməsinə səbəb olacaq.

Artıq sistemin proqram təminatı hazırlanıb və test rejimində yoxlanılıb. Vergi ödəyicilərinin on-layn qeydiyyatı sisteminin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən ölkənin ən böyük dövlət portallarından biri olan Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınacaq. 18 yaşı tamam olmuş və şəxsiyyət vəsiqəsi alan hər bir Azərbaycan vətəndaşı artıq on-line rejimində qeydiyyata alına bilər.

İyulun 1-də Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxlərin dövlət qeydiyyatı İdarəsində ilk fiziki şəxsin on-layn rejimində nümunəvi qeydiyyatı həyata keçirilib. İdarənin rəisi Nigar Alimova KİV nümayəndələrinə qeydiyyat prosesi barədə ətraflı məlumat verib. Əsgərov Emil Əsgər oğlu on-line rejimində qeydiyyata alınan ilk fiziki şəxs olub.

Elektron qeydiyyat sisteminin tətbiqi vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi, vergi ödəyiciləri ilə fiziki əlaqə formalarının məhdudlaşdırılması, eyni zamanda həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına imkan verəcək.

Nigar Məmmədli