On yaşlı vokalçımız Beynəlxalq Uşaq Pop Musiqi Festivalında üçüncü olub

on-yasli-vokalcimiz-beynelxalq-usaq-pop-musiqi-festivalinda-ucuncu-olub
Oxunma sayı: 865

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin vokal ixtisası üzrə şagirdi, on yaşlı Yasin Həsənov 16-22 may tarixlərində Rumıniyanın Bakau vilayətinin Oneşt şəhərində keçirilmiş XVI “Tİ AMO” Beynəlxalq Uşaq Pop Musiqisi Festivalında iştirak edib. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Almaniya, Bolqarıstan, İtaliya, Malta, Moldova, Polşa, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və s. ölkələrdən 40-dan çox uşağın iştirak etdiyi bu festivalda Azərbaycanın yeganə təmsilçisi Yasin uğurla çıxış edərək III mükafata və xüsusi diplomlara layiq görülüb.
Qeyd edək ki, Y. Həsənov cari ilin aprel ayında Rusiyanın Sankt-Peterburq şəhərində və Belarusun Mozır şəhərində keçirilmiş uşaq musiqi müsabiqələrində də yüksək nəticə göstərib və hər iki müsabiqənin Qran Pri mükafatına layiq görülüb. Gənc vokalçı 2011-ci ilin iyul ayında Belarusun Vitebsk şəhərində keçiriləcək “Slavyan bazarı” beynəlxalq uşaq yaradıcılığı festivalında iştirak etməyə hazırlaşır.

Nigar Məmmədli