Ona it əti yedizdirmək lazımdır

ona-it-eti-yedizdirmek-lazimdir
Oxunma sayı: 3621

Seymur Verdizadə

Yazıçı dostum Tofiq Babayev maraqlı həmsöhbət olduğu üçün biz tez-tez görüşürük. Boş vaxtlarımızda parkda gəzir, Azərbaycan ədəbiyyatının durumu ilə bağlı fikir mübadiləsi aparırıq. Bir neç gün əvvəl yenə parkda gəzəndə Füzuli rayon icra hakimiyyətinin sabiq başçısı Nəbi Muxtarov və Laçının keçmiş icra başçısı Ramiz Cəbrayılovla qarşılaşdıq. Həm Nəbi müəllimi, həm də Ramiz Cəbrayılovu çoxdan tanıdığım üçün bir yerdə gəzməyi təklif etdim. Dərhal razılaşdılar...

Beş-altı addım atıb, Nəbi Muxtarovun gənclik illərilə bağlı nəql etdiyi hadisəyə yenicə diqqət kəsilmişdik ki, bir dəstə sahibsiz it bizə hücum etdi. Sahibsiz itlər yaltaq adamlar kimi qorxaq olduğundan ayaqlarımı yerə döyəndə, hərəsi bir tərəfə qaçdı. Tofiq müəllim təhlükənin sovuşduğuna əmin olandan sonra belə dedi: “Sizə Seyfəddin qənim olsun”.

Hər üçümüz eyni vaxtda soruşduq: “Seyfəddin kimdir?”

Tofiq Babayev həm mənim, həm Nəbi Muxtarovun, həm də Ramiz müəllimin baxışlarının ona zilləndiyini görəndə, izahat vermək məcburiyyətində qaldı: “Seyfəddin Novruzov Bərdədə yaşayır. Sahibsiz itlərin qənimidir”.

Yenə heç nə başa düşmədik. Bu dəfə mən soruşdum: “Sahibsiz itlərə necə qənim kəsilib? Görəndə, onlara daş atır?”

Tofiq müəllimdən əvvəl Ramiz Cəbrayılov dilləndi: “Mənim üçün də maraqlıdı”.

Tofiq Babayev hər üçümüzün ona diqqət kəsildiyini görəndə, ətraflı izahat verməli oldu: “Seyfəddin mənimlə tay-tuşdur, onu çoxdan tanıyıram. Bu adamın işi sahibsiz itlərin, ölmüş eşşəklərin, murdar olmuş mal-qaranın ətini Bakıya daşımaqdı. Onun müştərilərinin əksəriyyəti, şadlıq evlərinin, kafe və restoranların sahibləridir”.

Nəbi Muxtarov ayaq saxladı. Qeyri-ixtiyari olaraq, biz də dayandıq. İyirmi ilə yaxın icra başçısı işləmiş Muxtarov qınayıcı nəzərlərlə Tofiq müəllimi süzdü: “Şadlıq evlərinin, kafe və restoranların sahibləri görmürlər ki, Seyfəddinin gətirdiyi ət iylənib? Bu adamlar murdar olmuş heyvanların ətinə hansı ağılla pul verirlər?”

Tofiq Babayev onun sözlərinə şübhə ilə yanaşdığımızı hiss etsə də, bunu büruzə vermədi. O, təmkinini pomadan söhbətinə qaldığı yerdən davam etdi: “Seyfəddin Novruzovu təkcə Bərdədə deyil, qonşu rayonlarda da yaxşı tanıyırlar. Bərdədə, Tərtərdə, Yevlaxda, Ağcabədidə, hətta Ağdaş və Ucarda da kimin mal-qarası, atı, eşşəyi, iti ölürsə, leşini ucuz qiymətə Seyfəddinə satır. Seyfəddin həmin heyvanın dərisini boğazından çıxarandan sonra ətini həyətindəki böyük soyuducuda dondurur. Bu minvalla, iki-üç ton ət düzələndə, maşına yükləyib Bakıya gətirir. Dövlət Baytarlqı Xidmətinin əməkdaşları indiyə kimi iki-üç dəfə Seyfəddinin həyətindən külli miqdarda mənşəyi bəlli olmayan ət aşkarlayıblar. Amma o, hər dəfə cərimə ödəməklə canını qurtara bilib”.

Tofiq müəllim dünyagörmüş adam olduğu üçün bu mövzuda çox danışıb, könlümüzü bulandırmadı. Biz parkda təxminən 2 saat gəzəndən sonra sağollaşıb, evlərimizin yolunu tutduq. Artıq heç kimdə restorana getməyə həvəs qalmamışdı...

Bu söhbət mənə pis təsir etdiyi üçün evə çatan kimi Seyfəddin Novruzov barədə araşdırmalara başladım. İnternetdə apardığım axtarış zamanı qarşıma bu məlumat çıxdı: “Dövlət Bayatrlıq Nəzarəti Xidməti əməkdaşlarının keçirdiyi reyd nəticəsində Bərdə rayonu ərazisində 20 ton yarasız ət aşkarlanıb. Bərdə rayon sakini Seyfəddin Novruzovun həyətyanı sahəsindəki soyuducuda aşkarlanan ətin məhv edilməsi üçün Xidmətin əməkdaşları həmin ünvana gəlib. Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ANS PRESS-ə bildiriblər ki, aşkarlanmış ət laboratoriyada yoxlamadan keçirilib. Ətin tərkibində bir sıra zərərli bakteriyaların olduğu aşkar edilib ki, bu da ciddə xəstəliklərə yol aça bilər. Baytarlıq xidmətindən onu da bildiriblər ki, yarasız ət yandırılma üsulu ilə məhv ediləcək”.

P.S.Dünən Bərdədə yaşayan dostlarımı arayıb, Seyfəddin Novruzov haqda məlumat toplamaq istədim. Dedilər ki, yenə əvvəlki işi ilə məşğuldur. Məlum oldu ki, o, cəmi 100 manat cərimə ödəməklə canını qurtara bilib.

P.P.S.Mənşəyi bəlli olmayan ət satan adamlarla mübarizə aparmağın bircə yolu var: satdıqları əti onların özlərinə yedizdirmək lazımdır. Əgər bu adamlar bircə dəfə it əti yesələr, bir də belə yaramaz əmələ qol qoymazlar...