Ondansa bir-bir soyunun…

ondansa-bir-bir-soyunun
Oxunma sayı: 2376

Raminə Eyvazqızı

Bunu yazmaya bilməzdim. Hamı deyir, boş verək, amma... Həddini aşmışlar artıq nə deyilən sözə, nə də sözə hörmət edənlərə məhəl qoymurlar. Bir -iki kitab yazmaqla insan olunmaz, cənablar. Gedin kitablarınızı yandırın, cırın, üstündən də axşamlar Lider TV-də tez-tez reklam olunan araqlardan birini vurun və yatın, amma sərsəmləməyin! 

Yazarı  istəyir içsin, istəyir içirtsin, istəyir səhər kal dursun, istəyir axşama yetişsin, bizə nə. Amma əgər kitab çıxarıb hekayənlə, şeirinlə oxucuları "ov"laya bilirsənsə, farağat dur. Qoy, hörmətin getdikcə artıq olsun. Sus. Ağzına sahib çıx. Tənqid etməklə təhqir etmək arasındakı fərqi bilməyəndən qələm sahibi olmaz! Özündən orijinal çoxbilmiş də düzəltməyə dəyməz!

Şəhriyar adlı dilli-dilavərli şair özünə sığal çəkməkdən, bahalı ətirindən danışanda arada şeirlərindən də paylaşıb, arxaik, klassik ədəbi sözlərlə, müraciətlərlə hamını əlinə alır. Amma onun da insanlar arasına qoyduğu ayrı-seçkilik, özünü əvəzolunmaz biri kimi təqdim etməsi, başqalarına etdiyi hörmətsizlik nümunələri sadalanmayacaq qədər çoxdur. Adam onun "Atamın həyat yoldaşı" adlı essesini oxuyanda bu əsərin Şəhriyarın təndirindən çıxdığına belə inanmır.

Bədiiləşmiş insan qeyri-səmimi ola bilməz, cümlələrində şişirtmələr edər, amma humanistliyini poza bilməz. 

Bir ara Aqşin Yeniseyin Səməd Vurğun haqqında dediyi təhqirlərin uzun-uzadı müzakirələri polemikaları vaxtımızı aldı. S. Vurğunu "yaltaq" kimi təqdim edən bu adam ətrafına baxıb demədi ki, bu günün də şair, ədəbiyyatçıları hələ də, gül-bülbül, gözəlin gəmzəsi arasında gedib-gəlirlər. Şeirlər ictimailəşə, sosiallaşa bilmir. Şair, yazıçısı Bakı ilə rayonu arasında qalır, bir az dünyəvi düşünə bilmir. Bir-iki nəfərdən başqa xaricə açılmaq istəyəni yoxdur, bəziləri arada döyülməsə sözə baxmayan uşaqlar kimi, söyülməyə aludə olublar. Bəlkə də psixoloji cəhətdən müalicəyə ehtiyacları var, çünki  maraqlı yanaşmaları ilə hörmət qazanan insanlar niyə özünü rüsvay etsin ki… 

Kəramət Böyükçölün Xəlil Rza Ulutürk haqqında mənasız, məntiqsiz və təhqirdolu fikirlərini də unutmamışıq. Ətrafı haqsız çıxaran, haqsızlığını obyektivlik kimi sırımaq istəyən, bekarçılıqdan xatırlanmaq üçün Xəlil Rza kimi fədakar xalq şairi, şəhid atasının az qala qəbrinə söyməsi üçün birinin düşmən olması lazımdır. Amma belələrinin  oturduğu yerdə sayaqlaması yadın etdiyi zərərdən də min qat qəbulolunmazdır. İşimizi-gücümüzü atıb özünü ədəbiyyatçı kimi təqdim edənə təzədən dərs verməyə həvəsimiz də yoxdur artıq. Tək onu bilirəm ki, bunlar ucuzlaşmaq, məşhurlaşmaq siyasətini uğurla həyata keçirən zümrədir. Zümrə deyirəm, çünki davamçıları yavaş-yavaş gəlir. Həyatda olanları tənqid edə bilməyənlər, sümükləri belə çürümüşlərin qeybətini edib şeiriyyatın dəyərindən dəm vururlar. Elə dəm vəziyyətdə. Tüfeyli yaşamaq olar, amma tüfeyli danışmaq təhlükəlidir. Belələrinin  soyunmaqla,  hansısa kişinin məşuqəsi olmaq xəbəri ilə gündəmə gəlmək istəyən qadınlardan fərqi yoxdur! O halda bir-bir soyunub, xəbərə çevrilin! Kəraməti susdurmağımız bitmişdi ki,  daha biri sosial şəbəkəyə nalayiq barıtını yerləşdirib özünü məşhurlaşdırmaq istəyir. Öz şeirlərinə tərif yağdıran bu kəs, indi də Mikayıl Müşfiqin şeirini, özünü məsxərəyə çevirməyə can atır. Deyir, Müşfiq "mənasız şair" olub. Məni təəssüfləndirən, o boyda Yazıçılar Birliyinin dinməz qalmasıdır. 

Özünə yazar adı verib , ara-sıra "alkaş" cümlələrlə camaatın ürəyini bulandıranlar, bir düşünün. Əlbət, başı dumanlının düşünmə qabiliyyəti də olmur. Oxucu iltifatlarından başı gicəllənənlər üçün üzr mədəniyyəti anlayışı da yoxdur. Bu da əslində heç nəyi dəyişə bilməz! 

Haşiyə. Dünən Bakıdakı Yunus Əmrə İnstitutunun təşkil etdiyi Cumhuriyyətimizin 100 illiyinə həsr olunmuş tədbirində idim. Şeir həvəskarı olmayan biri kimi, tədbirdə seir haqqında düşüncələrim dəyişdi. Vətən haqqında türkiyəli qızın şer ifaları təsiredici idi. Hətta bir oğlan çıxışında ağladı. Türkiyəli professorun "Türkiyə ədəbiyyatında Vətən mövzusu" adlı mühazirəsi belə diqqətimi çəkdi. Amma bizim professorun yerli ədəbiyyatımızla bağlı təqdimatı uzunçuluqla yadda qaldı. Anladım ki, biz çox istedadlı, bacarıqlı ola bilərik, amma təqdimat məsələsində savadsızıq. Bəlkə də gənc ədəbiyyatçıların ara-sıra havada üçuşan təhqirlərinin əsas səbəbi budur. İfadə mədəniyyəti böyük uğurdur!