“Onlar bir-birinə olan sevgini qoruyub” - Birinci xanım haqda məqalə

onlar-bir-birine-olan-sevgini-qoruyub
Oxunma sayı: 6193

Rusiyanın “LIVEJOURNAL” nəşrində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirən məqalə dərc olunub. 

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, məqalədə bildirilir ki, 2017-ci il dekabrın 26-da Moskvadakı Xilaskar İsa Kafedral Kilsə Məbədinin Taxt-tac salonunda Rusiyanın patriarxı Kirill M. Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltif edib. “Mehriban Əliyeva nə iş görüb ki, belə bir yüksək ordenlə təltif olunub” sualı edən məqalədə qeyd olunur ki, buna əsaslı səbəb var imiş: “İnternetdə onun haqqında məlumat çoxdur. Biz Mehriban xanımın kimliyini və onu məşhurlaşdıran məsələləri araşdırmağa çalışdıq.

Onu Cənubi Qafqazın ən nüfuzlu xanımı adlandırırlar, müasir dəbin simalarından biri hesab edirlər və artıq bir ilə yaxındır ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsində çalışır. İnsanlar bu xanımın müdrikliyinə və gözəlliyinə heyrandırlar”.

Yazıda qeyd edilir ki, M. Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana tikilib: “O, ehtiyacı olanlara həmişə kömək əlini uzadır.

O, Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi uğurla təkzib edir”. 


Məqalədə bildirilir: “Mehriban Əliyevanın uğurları təkcə siyasi və ictimai fəaliyyətlə məhdudlaşmır. O, həm də qayğıkeş həyat yoldaşı və üç övlad böyüdən xoşbəxt anadır. Əliyevlər ailəsi nümunəvi ailədir. Təntənəli tədbirlərdə Prezident və xanımı həmişə birgə iştirak edirlər. Ailə qurmalarından 30 ildən çox keçməsinə baxmayaraq, onlar bir-birinə sevgi və qarşılıqlı hörmət hisslərini qoruyub saxlayıblar. Buna görə onlara heyran olmamaq mümkün deyil. Mehriban xanım öz ailəsini çox sevir və həmişə onun yanında olmağa çalışır, çünki onun fikrincə, məhz ailə dəyərləri birinci yerdə olmalıdır”.

Yazıda bildirilir ki, M. Əliyeva həm də dəbin həqiqi siması sayılır: “Birinci ledinin fotoşəkilləri dünyanın moda nəşrlərinin səhifələrindən düşmür. Onun qüsursuz zövqü və gözəlliyi stilistlərin və dizaynerlərin dilinin əzbəridir. Həqiqətən, zaman keçdikcə bu xanımın məlahəti əsla azalmır. Mehriban xanımı çox vaxt qızları ilə dəyişik salırlar. Məsələn, Ağ evdə Əliyevlər ilə ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin ailəvi görüşü zamanı maraqlı bir hadisə olub: tədbirdə təhlükəsizliyi təmin edən ABŞ xüsusi xidmətlərinin agentləri Əliyevlər ailəsi ilə ilk görüş zamanı Azərbaycan ailəsinin nümayəndələrindən kimin ana və kimlərin onun qızları olmasını dərhal anlaya bilməyiblər. Təsadüfi deyil, dünya birliyi Mehriban Əliyevanı ən cazibədar birinci xanım hesab edir”.

Məqalə müəllifi bildirir ki, M. Əliyeva hazırda karyerasının zirvəsindədir: “Lakin onun xarakterini, özünə inamını və son dərəcədə dözümlü olmasını nəzərə alaraq cəsarətlə deyə bilərik ki, kamilliyin son həddi yoxdur. Mehriban xanımın Azərbaycanda, Rusiyada və dünyanın digər ölkələrində inanılmaz dərəcədə populyarlığı əsil fenomendir”.