“Onlar buna can atmalıdırlar” - - Nazim İbrahimov

onlar-buna-can-atmalidirlar-
Oxunma sayı: 1552



- Nazim müəllim, ölkə prezidenti “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlərin keçirilməsi barədə sərəncam imzalayıb. Xocalı soyqırımı ilə bağlı diaspor təşkilatları səviyyəsində dünya ölkələrində keçiriləcək tədbirlər, “Xocalıya ədalət” kampaniyası çərçivəsində indiyədək görülmüş işlər barədə nə deyə bilərsiniz?

- Xocalı soyqırımının dünyaya tanıdılması, ümumiyyətlə, Qarabağ münaqişəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya tərəfindən qəbul olunması Azərbaycan diasporu qarşısında duran əsas vəzifələrdədir. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də digər dövlət qurumları birgə fəaliyyət proqramı çərçivəsində xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının səmərəli təbliğat işini daha da gücləndirir. Xocalı qətliamının Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınması üçün ən böyük kampaniya “Xocalıya ədalət” kampaniyası bildiyiniz kimi 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və proses həm diaspora təşkilatlarının xətti ilə, həm də digər resurslardan istifadə olunmaqla ardıcıl olaraq davam etdirilir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə faciə haqda daha dolğun və əhatəli informasiya yeni, maraqlı və kreativ ideyalarla dünya ictimaiyyətinə çatdırılır. Görülən işlər də öz bəhrəsini verir. Bu kampaniya nəticəsində dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumat əldə edə bildi. İslam Konfransı Təşkilatı bu faciənin soyqırımı aktı kimi tanıyan qərar qəbul etdi. Bu olduqca ciddi bir uğur idi. Diaspor təşkilatlarımız da bu kampaniyaya öz töhfəsini verməyə çalışırlar.

- Hazırda soyqırım həqiqətlərinin yayılması üçün konkret olaraq hansı işlər görülür?

- Artıq bir sıra ölkələrdə  Xocalı soyqrımının ildönümü və anma mərasimləri, faciənin soyqırım kimi dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar tədbirlər keçirilib və bu tədbirlər indi də davam edir. Fevral ayının əvvəlindən dünyanın bir çox ölkəsində aksiyalar keçirilməklə yerli ictimaiyyətin diqqətinin bu faciəyə yönəldilməsinə çalışılır. Qeyd edim ki, son illərdə tədbirlərin əksəriyyəti qapalı məkanlarda deyil, daha çox ictimaiyyətə açıq yerlərdə mitinq, yürüş formasında təşkil edilir. Məsələn, bu il dünyanın müxtəlif yerlərində - Nyu York şəhərində BMT-nin mənzil qərargahı qarşısında, Vaşinqtonda, Brüsseldəki Ermənistan səfirlikləri qarşısında, Berlində, Parisin mərkəzi küçələrdə azərbaycanlıların etiraz aksiyaları, yürüş və avtoyürüşlər təşkil edilir və qarşıdakı günlərdə belə tədbirlər daha da intensivləşdiriləcək. Kanadada faciənin ildönümü ilə əlaqədar keçiriləcək tədbirlər demək olar ki, ölkənin bir çox şəhərlərini əhatə edəcək. Türk və Azərbaycan diasporunun güclü olduğu Almaniyada bu il də genişmiqyaslı aksiyaların keçirilməsi planlaşdırılıb. Berlin, Hannover, Hamburq, Frankfurt, Maqdeburq, Drezden kimi şəhərlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları fotosərgi, konfrans və etiraz aksiyaları keçirməklə yerli ictimaiyyətin diqqətini bu faciəyə yönəldiləcək. Bundan əlavə ictimai nəqliyyat vasitələrində faciəyə həsr olunmuş videoçarx və posterlərin yayılması məlumatlandırma kampaniyasında böyük effekt verir. Belə təbliğat vasitələri hər gün nəqliyyatdan istifadə edən yüz minlərlə insanın bu çarxları görməsi ilə nəticələnir. Bununla yanaşı, yerli kanallarda Xocalı soyqırımını əks etdirən filmlərin nümayişi, rəsmi orqanlara müraciətlər də apardığımız kampaniyanın tərkib hissədir. Rusiyada, qardaş Türkiyədə də Xocalı soyqrımına həsr olunmuş tədbirlər, görüşlər, aksiyalar həyata keçirilir. Fevralın 26-da Ankarada Azərbaycan diaspor nümayəndələrinin Türkiyə Böyük Millət Məclisində görüşləri nəzərdə tutulub.

- Ermənilərin Türkiyəyə qarşı qaldırdığı qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində diaspor təşkilatlarımızın fəaliyyətinin gücləndirilməsi istiqamətində Azərbaycan tərəfi hansı addımları atmağı planlaşdırır?

- Sirr deyil ki, ermənilər “uydurma soyqırım”ın tanıdılması istiqamətində uzun illərdir iş aparırlar ki, 2015-ci ildə “uydurma erməni soyqırımı”nın 100-cü ildönümünü qeyd etsinlər. Hətta bununla bağlı dövlət səviyyəsində müəyyən planları var. Əlimizdə olan məlumatlara görə, erməni diaspor təşkilatlarına və lobbi qurumlarına da bəzi təlimatlar verilib. Biz öz növbəmizdə həmin  informasiyaları təhlil edib təkliflər hazırlayırıq. Amma mən hesab edirəm ki, biz erməni diasporu və lobbi qurumlarının kampaniyalara cavab addımlarından daha çox diqqəti Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırımı aktlarının daha geniş coğrafiyada tanınmasına yönəltməliyik. Başqa sözlə desək, cənab Prezidentin tövsiyələrinə uyğun olaraq hücum taktikasına üstünlük verməliyik. Ermənilərin bu təbliğatı yüz ildir ki, davam edir, ancaq bu gün Azərbaycan dövlətinin gücü, imkanları, beynəlxalq nüfuzu elə bir səviyyədədir ki, Ermənistanın istənilən təşəbbüsünün qarşısını ala bilir. Yəni indi inamla deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin qurduğu və ardıcıl həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsində, cənab İlham Əliyevin davamlı zəhməti, yorulmaz fəaliyyəti sayəsində  Azərbaycan az bir vaxtda sözün həqiqi mənasında çox iş görüb. Ermənilərin yüz illərlə görə bilmədiyi işləri Azərbaycan dövləti ümummilli liderin, Prezident İlham Əliyevin sayəsində cəmi bir neçə ildə görə bildi. Sovet müstəmləkəsindən çıxmış, dünyada demək olar ki, tanınmayan bir ölkə cəmi bir neçə ildə yüz illərlə formalaşmış yalançı “erməni mifi”nə kölgə salmağı bacardı. ABŞ kimi bir ölkənin 12 ştatı ermənilərin Xocalıda törətdiyi soyqırımı rəsmən tanıdı. Strateji məqsədlərə hədəflənən ardıcıl səmərəli təbliğat, ölkədə keçirilən mötəbər beynəlxalq tədbirlər Azərbaycanı bütün dünyaya tanıtdı, onun həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər də xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın tanıdılması istiqamətində geniş fəaliyyəti, Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” kampaniyasının  keçirilməsi artıq dünyanın əksər ölkələrinin parlamentlərində, yüksək strukturlarında 1992-ci il fevralın 26-da Xocalıda baş verənlərin soyqırım kimi qəbul edilməsi yönündə böyük addımlar sayılmalıdır. Məqsəd dünya ictimai fikirində formalaşan yalançı “erməni mifi”ni tamamən darmadağın etmək, Azərbaycan həqiqətlərinin, reallıqlarının tam olaraq beynəlxalq fikirdə təsdiqlətməkdən ibarətdir.  “Erməni mifi”nin dağılması elə “soyqrımı mifi”nin də dağılmasına gətirib çıxaracaq. Bir sözlə, bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin, o cümlədən də Diaspora Komitəsinin fəaliyyəti buna yönəlib, hesab edirəm ki, həyata keçirilən tədbirlərin nəticəsini, bəhrəsini bundan sonra da görəcəyik. Bugünkü Azərbaycan diasporu da beş il, on il bundan əvvəlki ilə müqayisədə daha güclüdür, on il bundan sonra indikindən daha da güclü olacaq. Bizim türk diaspor təşkilatları ilə də çox yaxşı əməkdaşlıq təcrübəmiz var. Ən əsası isə ermənilərin soyqırım iddiaları heç bir tarixi fakta əsaslanmır. Yəni biz burda həm də haqlı tərəfik.

- Sizcə, erməni təbliğatına qarşı Türkiyə və Azərbaycan diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti təmin edilibmi?

- Ümumiyyətlə, Türkiyə və türkdilli ölkələrlə dostluq və qardaşlıq münasibətlərinin qurulması və inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Buna görə də Azərbaycanda müxtəlif vaxtlarda ölkəmizin Türkiyə və digər türkdilli dövlətlərlə sarsılmaz birliyinin yaradılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tədbirlər keçirilib. Xüsusilə 2013-cü il ərzində baş tutan tədbirlər Türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələrin inkişaf səviyyəsinin daha da yüksəldilməsi ilə nəticələnib. Ötən il Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu türk birliyi ideyasının gerçəkləşməsi və istiqamətində önəmli addım idi. Bu forumda 44 ölkədən Azərbaycan, Türk, Qazax, Qırğız diasporunu təmsil edən 450-yə qədər nümayəndə iştirak etdi. Forumun yekununda Bakı Bəyannaməsi və dörd  ölkənin prezidentinə müraciət qəbul olundu. Bu tədbirlər zamanı aparılmış müzakirələr və qəbul olunmuş qərarlar gələcəkdə türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığını konkret istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Xüsusilə də diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya olunması, türkdilli xalqları narahat edən məsələlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün işlək mexanizmlərin yaradılması baxımından əhəmiyyətli olub.

- Diasporun durumu ilə bağlı müxtəlif yanaşmalar var. Siz Azərbaycan diasporunun hazırkı vəziyyətini necə qiymətləndirərdiniz?

- Əsas onu qeyd etmək istəyirəm ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni üsullardan istifadə etməyə başlamışıq artıq. Həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında, həm də diaspora təşkilatlarının koordinasiyası istiqamətində daha müasir texnologiyadan, yeni təbliğat üsullarından istifadə olunur. Ötən ilin dekabrında Bakıda Dünya Azərbaycanlılarının ilk onlayn forumu keçirildi. Bu il də belə bir forumu lakin daha geniş coğrafiyada keçirməyi planlaşdırmışıq. Hələlik yeddi ölkədəki diaspor təşkilatlarımız onlayn forumda iştirak etmək imkanına malikdir, çünki video-konfrans sistemi yalnız 7 ölkədə quraşdırılıb. Bu il biz Azərbaycan diaspora təşkilatlarının fəaliyyət göstərdiyi bütün ölkələrin forumda iştirak etməsini nəzərdə tutmuşuq. Bunun üçün də 60 nöqtədə video-konfrans sisteminin quraşdırılması planlaşdırılır. Bu sistemin tətbiqi ilə qısa müddət ərzində diaspor təşkilatları rəhbərlərini bir araya toplayıb  müzakirələr aparmaq xeyli asanlaşıb. Bundan əlavə, biz düşünürük ki, yerli diaspor təşkilatlarımız həmçinin yaşadıqları ölkələrdə siyasi partiyalarda təmsil olunmağa daha da can atmalıdırlar. Müasir dövrümüzdə önəm daşıyan məsələlərdən biri kütləvi informasiya vasitələri ilə əlaqələrdir ki, təşkilatlarımız  bu əlaqələri də genişləndirməlidirlər. Hesab edirəm ki, bu istiqamətdə  Azərbaycan diaspor təşkilatları  qarşısında bir çox vəzifələr durur  və o vəzifələrin yerinə yetirilməsi ölkəmizin milli maraqları baxımından cox vacibdir. Bu il bu məsələlərlə bağlı də müəyyən planlar var ki, onları həyata keçirməyə çalışacağıq.