Onlar edam olunmayacaq

onlar-edam-olunmayacaq
Oxunma sayı: 5272

Qaçaq yollarla Türkiyəyə gedən iki nəfər iranlı gəncin miqrasiya polisi tərəfindən tutularaq İrana deportasiya olunması hər iki ölkədə qalmaqala səbəb olub.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, gənclər İrana geri dönmək istəməyərək polisə yalan ifadə veriblər. Gənclərdən biri (oğlan) bildirib ki, onun bədənində döymələr olduğuna görə İranda onun qolunu kəsəcəklər. Digər gənc (qız) isə saçını boyadığına görə ölkəsində edam ediləcəyini vurğulayıb. Bu məlumat Türkiyə mətbuatında və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və hər iki ölkədə birmənalı qarşılanmayıb.

Doğurdanmı İranda saçını boyayanlar və bədənində döyməsi olanlar cəzalandırılır?

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Azərtac İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, İranın istər cinayət, istərsə də mülki prosessual məcəllələrində saç boyamaq və bədənə döymə etmək üçün cəza kəsilməsi nəzərdə tutulmayıb. Hətta dini qaydalara görə də hər iki hal haram hesab edilmir. İran İslam respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyinin döymə ilə əlaqədar fətvası da var. Bu fətvada deyilir ki, döymə insan dərisinin altında baş verən və insanın həyat fəaliyyətini tənzimləyən bioloji proseslərə yəni qan dövranına maneə törətmədiyi üçün haram sayılmır.

Bundan başqa İranda saçını boyayan və bədənində döyməsi olan kifayət qədər insan var. Bu insanlar sənət və idman aləminin tanınmış simalarıdır. Onlar İranda hər zaman ictimaiyyət qarşısında olurlar və saçlarının boyasını eləcədə döymələrini çəkinmədən nümayiş etdirirlər. Buna görə onlara heç bir irad tutulmur.

“Sözügedən gənclərə gəldikdə isə qeyd etmək lazımdır ki, qanunsuz yollarla qonşu ölkəyə gedənlər öz əməllərini gizlətmək üçün belə yalan ifadə veriblər.

Nəzərə çatdıraq ki, Türkiyədə sosial şəbəkələrdə bu gəncləri geri qaytarmağa çalışan miqrasiya polisi tənqid edilirdi. Şəbəkə istifadəçiləri gənclərin edam ediləcəyi təqdirdə onların geri qaytarılmasını qeyri insani hesab edərək polisdən tələb edirdilər ki, gənclər Türkiyədə qalsın. Əvvəla dövlətin qanunlarını şəbəkə istifadəçilərinin istəyi ilə pozmaq olmaz. Digər tərəfdən isə gənclər yalan məlumat veriblər. İranda heç kim saç boyamağa və döymə etməyə görə nəinki edam edilmir, ümumiyyətlə cəzalandırılmır”.