“Onlar hakimiyyəti zəbt etmişdi” - İlham Əliyev

onlar-hakimiyyeti-zebt-etmisdi
Oxunma sayı: 2862

“Əgər bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı”. 

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev YAP-ın bu gün keçirilən qurultayında deyib. O, bildirib ki, Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı: “Belə bir vəziyyətdə Azərbaycan xalqı öz Liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır. Onu da biz yaxşı xatırlayırıq və əlbəttə partiya üzvləri bunu bilir, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəlmiş və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verilmişdir. 

Ondan bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəmiz inkişaf yoluna qədəm qoydu. AXC-Müsavat cütlüyü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qayda-qanun yaradıldı, milli vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası bəyan edildi və bu gün də bizim əsas ideoloji dayağımızdır. Ölkə Konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi islahatlara start verildi, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi və ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı. Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olmuşdur. Çünki sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. 

2003-cü ildən bu günə qədər keçən dövr haqqında geniş danışmaq istəmirəm. Mən müntəzəm olaraq həm görülmüş işlərlə və həm də planlarla bağlı Azərbaycan ictimaiyyətinə məlumatlar verirəm. Sadəcə onu demək istəyirəm ki, bu illər Azərbaycanda sürətli inkişaf dövrü olmuşdur və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır”.