“Onlar seçkini yox, özlərini boykot edirlər” - Fəzail Ağamalı

“Onlar seçkini yox, özlərini boykot edirlər”
Oxunma sayı: 796

“Dövlət başçısının Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladığı vaxtdan bu günə qədər seçki prosesi Azərbaycan qanunvericiliyi çərçivəsində və Seçki Məcəlləsinin bütün müddəalarına əməl etmək şərti ilə tam şəffaf, demokratik davam etməkdədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. F.Ağamalı bildirib ki, seçkilərdə bütün namizədlər üçün bərabər imkanlar yaradılıb: “Təsadüfi deyil ki, artıq 7 nəfərin namizədliyi qeydə alınıb. Əminəm ki, bundan sonrakı mərhələdə də bütün namizədlər üçün bərabər imkanlar yaradılacaq, seçkilər tam demokratik, şəffaf, Azərbaycan xalqının iradəsinə söykənərək keçəcək”.

Milli Şurasının seçkiləri boykot etməsi məsələsinə gəlincə, F.Ağamalı bildirib ki, bu, əslində boykot deyil, sadəcə müxalifətin radikal qanadı olan Milli Şura və digər radikal xarakterli müxalifət zəif olduğu üçün bu seçkilərə gedə bilmədiyinə görə boykot taktikasını seçib:

“Mən tam əminəm ki, onların imza toplamaq gücü də yoxdur. Yəni boykot ilk növbədə zəiflikdən irəli gələn bir məsələdir. İkinci tərəfdən, heç şübhəsiz ki, boykot məsələsində antiazərbaycan qüvvələrinin təsirinin olması da istisna deyil, çünki onların antiazərbaycan qüvvələri ilə sıx bağlılığı var. Boykot anlayışı belədir: müxalifət elə gücə malik olmalıdır ki, onun boykot taktikası nəticəsində seçki prosesi baş tutmasın. Ancaq bu gün müxalifətin elə bir gücü yoxdur. Ona görə də onlar seçkiləri boykot etməklə özlərinin zəifliklərini ört-basdır etməyə çalışırlar və faktiki olaraq boykot deyil, “biz seçkilərdə iştirak etmirik” anlayışını gündəmə gətirsələr, daha doğru olar. Əslində onlar seçkiləri deyil, özlərini boykot edirlər”.

Partiya sədri əlavə edib ki, radikal müxalifətin boykotu Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə heç bir təsir göstərə bilməz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi