Onlar Şeyxi biabır edir – - Mirəziz Seyidzadəyə cavab

onlar-seyxi-biabir-edir-
Oxunma sayı: 6751




Uca Allah buyurur: “Ey insanlar! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın. Aldadan da sizi Allah ilə aldatmasın!” (“Fatir” surəsi, 35/5; bax: “Loğman” surəsi, 31/33).

***
Haqqımda hər deyiləni, hər yazılanı həm oxumağı, həm də reaksiya verməyi vaxt itkisi sayanlardanam. Çünki hər dediyimin, hər yazdığımın, hər çıxışımın kimlərinsə pətəyinə çomaq soxmaq olduğunu da dərk edənlərdənəm. Bilirəm ki, hər haqq söz haqsızların “haqq”ına “haqsızlıq”dır və ya onlar haqsız hesab edib ağızlarında saqqız edirlər. 

Şeyxi biabır edən axund

Bu yazımda haqsızların haqqını vermək üçün bir idarənin iki hacısına cavab verməklə kifayətlənmək istəyirəm. Bunlardan biri İçərişəhərdə yerləşən Cümə məscidinin axundunun bəyanatıdır. Axunddan sitat: “Şeyx, xahiş edirəm ki, bir məsələni də qeyd edim. İçərişəhər məscidlərindən olan Aşurbəy məscidinə yüzlərlə insan axışır, gözüyaşlı valideynlər deyir ki, əgər məscid bizə fəlakət gətirərsə, belə məscid bizə lazım deyil. Şeyx bunu nəzərə alın, əgər tədbirlər görülməsə, 2-3 aydan sonra görəcəksiz ki, orada vətəndaş müharibəsi olub. Mən bunu deyirəm və sözümün də arxasında dayanıram”.
Şeyx isə cavabında bildirib ki, İçərişəhər məscidlərindən Hacı cavabdehdir: “İndi dediklərinizi yazılı formada bizə təqdim edin və məsələ ilə bağlı dövlət lazımi tədbir götürəcək”.
Maraqlı cəhət bilirsiniz, nədir? Niyə həmin məscidə yığışanlar haqqında şikayət Qafqaz Müsəlmanları İdarəsinə deyil, bu axunda müraciət edilir. Səbəb nədir ki, şikayət etdiyi iddia edilənlər (təbii ki varsa), niyə bu məscidin mollasından “dərdlərinə dərman” axtarırlar? Bu axund İdarədən və ya həmin İdarənin sədrindən çox ümid yeridir ki (əslində ümid yeri həmişə Allah olmalıdır), insanlar ona dərdlərini açırlar? Hansı valideynlər deyir ki, məscid bizə lazım deyil? “Məsciddə vətəndaş müharibəsi” ifadəsini də ədəbiyyatçılarımızın ixtiyarına buraxıram... Görəsən, bu axund, niyə Şeyxi bütün mətbuat nümayəndələrinin içində biabır edir? Niyə İçərişəhər məscidlərindən cavabdeh olan bir şəxs vaxtında yazılı formada İdarəyə hesabat verməyib? Bu məsələnin bir neçə tərəfi...
Bu cür “dərin” təfəkkürlülər dayaz düşüncəlilərə, görəsən, dini necə anladacaqlar? Necə izah edəcəklər ki, onların yanına təşrif buyuranlar dindar olsunlar? Hansı dünya görüşü ilə başa salacaqlar ki, dini öyrənmək istəyənlər dini dar dindarlardan olmasınlar? Nə isə…

Məscidin bağlanma tələbi

İndi gələk məscidin bağlanma məsələsinə. Çox zamanında və məkanında deyilmiş fikirdir. Çünki bir halda ki, ən təmirli məscid olduğu halda, təmir adı ilə qapıları hələ də bağlı qalan Şəhidlik məscidi, Əbubəkr məscidi kimi böyük məscidlərin açılmasından bircə nəfər də bəhs etmirsə, bunları yada salmırsa, deməli açıq qalan bəzi məscidləri də bağlamaq lazımdır… Bu tip axundların bu cür dərin düşüncələrini görəndə Azərbaycanda dinin gələcəyi ilə bağlı adamın ümidləri bərq vurur. Amma pis fikir deyil. Elə bu fikirlə də mövzunu davam etdirək…
Bəli, Ləzgi məscidi kimi məşhurlaşan 20-30 kvadratmetrlik bu məscidi də bağlayaq. Bura yığışanlar sonra hara toplaşacaqlar? Deyək ki, İlahiyyat məscidinə. Sənədlərinin tam olmadığını iddia edib, oranı da qapadaq. Bəs bu qədər insan harda ibadət edəcək? “Göy məscid” kimi tanınan, Əjdərbəy məscidində. Həmin məscid də bir nazirliyin qarşısında yerləşdiyinə və mərkəzi yollardan birində tıxacın yaranmasına səbəb olduğuna görə, oranı da kilidləyək. Sonra bura yığışan həmin insanlar məscidlərin bağlanmasını istəyən şəxsin mollalıq etdiyi məscidə, yaxud təmsil etdiyi İdarənin yerləşdiyi “Təzə Pir” məscidinə yığışsalar, oranı da bağlamalıyıq? Yoxsa birdəfəlik bu adamların hamısını stalinvari repressiyalar üçün namizdliklərini verməliyik? Nəticə? Məntiq? Bəli, nədənsə bu fikir mənə çox arxaik və axmaq gəldi. Bu məntiqlə metropolitendə cinayət törədənə görə metropoliteni bağlamalı, bir tələbənin səhvinə görə universitetin lisenziyasını ləğv etməli, bir cinayətkara görə gəmini batırmalıyıq?
Bu cür fikirlə ortaya çıxmaq dövlətçiliyə qarşı çıxış deyilmi? Tolerant ölkə imicini məscid bağlatmaqla zərbə altında qoymaqla axund nə etmək istəyir? Hələ də qapısı kilidli məscidlərə Aşurbəy məscidi kimi tanınan Ləzgi məscidi də əlavə olunsa, məzhəb qarşıdurmasının küllərinə benzin tökmək olmayacaqmı? Deyilməyəcəkmi, niyə məhz konkret olaraq müəyyən məzhəb nümayəndələrinin getdikləri məscidlərə qarşı “səlib yürüşləri” aparılır? Sadəcə onların daha çox yığışdıqları məscidlər qapadılır? İnsanlar düçünməyəcəklərmi ki, Qafqaz Müsəlmanları İdarəsi və İdarənin bütün nümayəndələri konkret olaraq sədrinin məzhəbinin genişlənməsinə şərait yaradır? Bu dindarlarla dövlət arasında uçurumun dərinləşməsinə aparıb çıxaracaq bir çıxış deyilmi? 
 Bu məsələni, dinini yaydıqlarını iddia etdikləri, ya da dinindən “çörəkpulu” qazandıqları Uca Allahın bir ayəsi ilə bitirib digər məsələyə keçid alaq: “Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların dağılmasına çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” (“Bəqərə” surəsi, 2/114).

Monopolist dini darlar

İndi gələk ikinci hacının fikirlərinə. Bu şəxs isə şəxsən məni hədəf aldığı üçün məsələyə axırda toxunmaq istədim. Deməli, bu hacı Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri Mirəziz Seyidzadədir. Sözü bu şəxsə təhvil verirəm: "Elşad Mirinin din adından danışmağa haqqı yoxdur. Ona görə ki, onun bütün dövrlərdə din adından söhbət etməyi, dindarlarla danışmağı hamısı hiylə və dünya malı qazanmaq olub. Bu mətləblə ki, bir çox müxtəlif işlərlə məşğul olub. İndi beş-on kəlmə ərəb dilində bilməklə dinin şəriətini bilməz. Belə olsa onda bütün ərəblərin hamısı şəriət üzrə ayətullah olarlar".
İndi qısa da olsa bunlara aydınlıq gətirək. Dindən danışmağa haqqım yoxdur deyir... Deyək ki, razılaşdıq. Bəs görəsən, ona bu sözləri deməyə kim haqq verib və ya o, dindən danışmaq haqqını kimdən alıb? Bu adamın məntiqilə heç biri dini savadı olmayan, lakin yanlarında əl-pəncə dayandıqları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eks sədri Hidayət Orucov da danışmamalıydı. Hazırki Komitə Sədri də dini təhsili olmadığı üçün dindən danışmamalıdır. Amma cənab Seyidzadə, bəlkə də, müraciət formasını düzgün seçmədim, daha doğrusu Ağayi Mirəziz bu məsələdə sizi sevindirə bilməyəcəm. Çünki bu sahədə qırmızı diplomla qurtardığım mədrəsə diplomum, ərəb və ingilis dilli ilahiyyat kolleci diplomum, 5 illik fakültəni 4 ildə başa vurduğum bakalavr və yenə fərqlənmə ilə bitirdiyim dinşünaslıqla bağlı magistratura diplomum və hazırda da davam etdirdiyim təhsilim var… Heç olmasa bunlar imkan verərmi siz olmayanda dindən danışım? Ayıbdır… Özünüzü və ya təmsil etdiyiniz idarəni gülünc vəziyyətə salmayın. Dini də inhisara salmayın. Bəlkə də bu sizin yaxşı bildiyiniz sahədir. Bəlkə biznesinizdir, biznes sirrinizdir. Elədirsə, sizlərin biznesinə müdaxilə etdimsə, gərək üzürlü hesab edəsiniz. Çünki haqsızların haqsızlığını söyləməməyin də haqsızlıq olduğuna haqlı olaraq inananlardanam.

Var-dövlətimizi açıqlayaq…

Elə söhbət biznesdən açılmışkən bu məsələyə də cavab verək. Deyirsiniz ki, mən dünya malı qazanmaq üçün bu işi edirəm. Onda bu meydan, bu şeytan. Mən, valideynlərimin, nəsil-nəcabətimin, ailəmin bütün var-dövlətini açıqlayım. İllərlə fərqli şirkətlərdə icraçı direktor olmağımı, dövlət qurumunda çalışarkən aldığım maaşımı, müxtəlif universitetlərdə indi sizin adını eşitmədiyiniz fənlərdən dərs deyərkən, qazandıqlarımı, müxtəlif layihələrdəki qonararlarımı, mədaxil və məxariclərimi də açıqlayım. Bir də unutmadan qeyd edim ki, ilahiyyatçı olmağıma baxmayaraq, dünyanın ən nəhəng texnologiya firması olan Apple-in da developerlərindən biriyəm. Bunun da nə olduğunu ingilis dilini bilənlərdən soruşub öyrənərsiniz. Amma şərtim budur ki, siz də valideynlərinizin, qohumlarınızın yox, sədriniz başda olmaqla heç bir yerdə işləməyən sizlər, bütün var-dövlətinizin siyahısını açıqlayın. Buyurun! Bütün günü işləyən insanımızın qazandıqları ilə heç bir yerdə işləməyən sizlərin malik olduğunuz sərvəti müqayisə edin. Bu cür sərvətə necə nail olmusunuz, açıqlayın! Əslində açıqlamasanız da, insanımız bunları çox gözəl bilir. Xalqımız yazmasa da, danışır. Yaymasa da, görür... El gözü tərəzi gözüdür - deyib atalarımız. Mənə sizin var-dövlətiniz heç maraqlı deyil. Sadəcə siz məni dünya malına həris olmaqda ittiham etdiyiniz üçün, açıqlama gətirərək ürəyinizi rahatlatmaq istədim. Mən müsəlmanların ən inkişaf etmiş, ən zəngin insanlar olmasını həmişə arzu edənlərdənəm və bunları görəndə də sevinənlərdənəm.
Mən bu məsələdə hər kəsin, xüsusilə də dindən danışan insanların şəffaf olmasını istəyirəm. Çünki mənim həyat prinsipim Allahın Elçilərinin Quranda bildirdiyi bu ayədir: “Ey xalqım! Mən təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir…” («Hud» surəsi, 11/29).


Şəriət üzrə ayətullah

Fikir verin, fətva verən qurumda şöbə müdirliyi edən bu adam görün necə misal gətirir “İndi beş-on kəlmə ərəb dilində bilməklə dinin şəriətini bilməz. Belə olsa onda bütün ərəblərin hamısı şəriət üzrə ayətullah olarlar…” 
İnsan bu qədərmi özünü asan ifşa edər! Sözə fikir verin. Şəriət üzrə ayətullah... Birincisi, "ayətullah" sözü İslamda istifadə edilməyən bir söz olub. İkincisi, bu sözün ərəblərə aidiyyatı yoxdur. Üçüncüsü, belə bir dini rütbə ancaq İranda olur. Bunu da azərbaycanlı yazıçının ölümünə fətva verəndə bütün insanlarımız ayətullahların kimlər olduğunu və hansı ölkə ilə əlaqəli olduqlarını bildilər. Bu şöbənin müdirinin bu sözü də bu qurumun fətva verərkən kimlərdən əsas aldıqlarını ortaya çıxarması baxımından çox əladır. Həqiqətən bu insanlara daha çox efir, daha çox tribuna vermək lazımdır ki, özlərini ifşa etsinlər. Başqalarına ehtiyac da qalmasın. 


Kimə görə faydalı?

Ağayi Mirəziz davam edir: “Elşad Miri başa düşməlidir ki, belə işlər ona heç vaxt fayda verməz. Əgər elmi araşdırmalar bacarırsa, gedib onunla məşğul olsun, dindarlar adından söhbət etməsin..."
Gələk fayda məsələsinə… Uca Allah Quranda belə buyurur: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz” (“Bəqərə” surəsi, 2/216). Bəli, hansı işin mənə fayda verəcəyini QMİ-nin şöbə müdiri bilməz. Və etdiklərimin də faydalı olması üçünsə müraciət etdiyim yer həmişə sığındığım Uca Allahımdır. 
Araşdırmalarımı həmişə aparıram və inşəAllah, Rəbbim ömür verənə kimi də davam etdirəcəm… Dindarların adından da heç vaxt danışmıram. Həmişə çalışıram ki, Uca Allahın kitabını, Elçisinin hədislərini dövrümüzə uyğun olaraq insanımıza çatdırım. Quranın ölülər üçün oxunmalı kitab olmadığını, İslamın siğəbazlığı haram etdiyini və sairi düzgün tərzdə izah edim ki, başqaları Allahın adından danışıb insanımızı Allahla aldatmasınlar… 

İslamı qoruyan «püxtələşmişlər»

Şöbə müdiri deyir: «QMİ-də püxtələşən şəxsiyyətlər var, hələ Sovet dövründə onlar İslamı qoruyub saxlayıblar...”  
Həqiqətən, bu püxtələşən insanları çox, həm də lap çox görmək istəyərdim. Görəsən kimlərdir onlar? Əgər bu ifadəni işlədənlərdirsə, onda üzrxahlıq edərək bu fikirlə də razılaşa bilməyəcəm. Püxtələşmişlər Sovet dövründə İslamı necə qoruyub saxlayıb? Quranı yas məclislərində oxuyub pul qazanmaqla, siğə kağızı yazmaqla? Xalqımın gözü tərəzi gözüdür. Əgər İslamı bu püxtələşənlər qoruyub saxlayıblarsa, kaş saxlamazdılar. Kaş indi insanımıza İslamı olduğu kimi anladanda deməzdilər ki, biz ata-babalarımızdan belə görmüşük. Yəni Quranın ölüyə oxunduğunu, yas məclisi qurub 3, 7, adına, 40, 52, il verildiyini deməyəydilər. Kaş İslamı siğə adı ilə çoxarvadlılıq kimi göstərməyəydilər. 

Allah.az saytı ilə bağlı ən son danışmalı olanlar

Fətva üzrə molla davam edir: "Onun son dövrlər sayt açmaq istəməsinə və adını "Allah" qoymasına, Səudiyyə adı ilə çıxış etməsinə ixtiyarı yoxdur...»

Allah.az saytının açılması ilə bağlı açıqlama vermişəm. Bu insanlar gündəmlərdən o qədər “xəbərdar”dırlar ki, bu məsələni də yəqin unudublar. Allah.az domenini illər idi almışdım. Sadəcə Aşura ilə bağlı indiyə qədər sizinkimilərin gizlətdikləri həqiqətləri açıqlayandan sonra bu məsələ gündəmə gətirildi və cavabı verildi. Amma bu məsələdə heç olmasa imkan verin başqaları danışsın. Çünki öz gözündə tiri görməyib başqasında çöp axtaran sizlər heç olmasa sədrinizin adına baxın. İslamda bu cür ad varmı? Buyurun, cavabını verin. İzah edin. Peyğəmbərlərdən, imamlardan sitatlar gətirin ki, onlar övladlarına bu cür ad qoyublar və ya tövsiyə ediblər? 

Sözümə qulaq asanlar

Qazi deyir ki, «Bütün dindarları onun sözlərinə uymamağa çağırıram...» Peyğəmbərlərin də sözlərinə tabe olmamağa çağıranlar çox olub. Amma nəticə fərqlidir. Mənim sözümü də dini darlar deyil, həqiqi mənada dini öyrənmək istəyən, Qurandan və Peyğəmbərin səhih sünnəsindən kənara çıxmayanlar dinləyirlər. Mənim sözlərimə də uymurlar, çünki onlar ağıllı insanlardır, sadəcə haqq olanı təhlil edib doğru olduğunu düşünüb qəbul edirlər. Çünki mən özümdən danışmıram. 

Televiziyalara qadağa qoyduranlar və Teledebata çağıran zavallılar...

İndi gələk teledebat məsələsinə… Siz deyilsinizmi, İTV-nin Yayım Şurasındakı təmsilçiləriniz vasitəsilə həmin kanalda adımı qara siyahıya saldıran? Siz deyilsinizmi ANS-dəki dostlarınıza efiri üzümə qapamağınızın məsləhətli olduğunu deyən? Siz deyilsinizmi ki, bəzi dövlət qurumlarındakıların dəstəyi ilə efir məkanını üzümə qapamağa çalışan? İndi isə teledebat üçün əlcək atırsınız... Sizinlə debata çıxardım, amma sizin biliyiniz kifayət qədər olsaydı... Şəxsən siz, ağayi Mirəziz, mənə sədrinizin əleyhində (xüsusilə də xəstəli ilə bağlı) danışdıqlarınızdan sonra mən sizi necə səmimi qəbul edim? Amma sizin rəhbərinizlə istədiyiniz vaxt, istədiyiniz yerdə canlı debata çıxaram... 

Söz azadlığına düşmən kəsilənlər

M.Seyidzadə vurğulayıb ki, Elşad Miri heç vaxt QMİ-nin tədbirinə dəvət olunmayıb. O, bunu haradansa eşidib gəlirdi. O, çox can atırdı ki, tədbirlərimizdə çıxış etsin, lakin ona imkan verilmirdi. Səbəbi isə onun din savadı olmamasıdır.
İndi gələk dəvət məsələsinə... Ağayi Mirəzizin diqqətinə çatdırmaq istəyirəm ki, mən Allahın sözlərinə, Peyğəmbərin hədisinə uyğun olaraq davranmağa çalışanlardanam. Peyğəmbərlərimizin sonuncusu Muhəmməd (s) müsəlmanın müsəlman üzərindəki haqlarından birinin də dəvəti qəbul etməsi olduğunu buyurub. Məni də sizin mətbuat xidmətinin rəhbəri Rəhimə Xanım bir tədbirinizə qonaq kimi dəvət edib. Mən də mədəni bir insan kimi iştirak etmişəm. Bundan başqa dindən yazan jurnalist kimi bəzi tədbirlərinizdə iştirak edib müşahidələrimi yazmışam. Təbii ki, bunların heç biri sizə təsir etməyə bilməzdi… Sizlər də, şou-biznes əhli kimi həmişə tərif eşitməyə öyrəşmisiniz. Bircə tənqidlə sütunlarınız laxlayır. Mən heç bir zaman sizin tədbirlərinizdə çıxış etmək istəməmişəm, buna heç vaxt ehtiyacım da olmayıb. Çünki mənim çıxışlarım sizin hələ də həsrətlə baxdığınız ölkələrin tribunalarından olub və davam edir. Bunu isə məcbur qaldığım üçün yazıram.
Siz, Quran oxuyub pul qazananlara, siğə edib insanların ailələrini din adı altında dağıdanlara, azyaşlı qızların ərə verilməsinə din adından haqq qazandıranlara, pirini, ziyarətgahını gəlir yeri kimi göstərib kredit alanlara imkan yaradın. Mən sizinkimilərə heç vaxt da sərf etmirəm... Çünki mən danışanda bəzilərinin din bazarına bit düşür...
Vaxtilə Allahın sonuncu Elçisini də qəbul etmirdilər. Onun da danışmağına imkan vermirdilər. Onun da insanlarla əlaqəsinə məhdudiyyətlər qoyurdular. Amma nəticənin necə olduğunu siz də şahidisiniz. Çünki bu gün həmin din adı altında fəaliyyət göstərən qurumdan bəhrələnirsiniz. Savad məsələsinə gəldikdə isə, savadı olmayanı dəvət edib hamının yanında biabır etmək daha asandır... Bunu da sözarası deyim, yadınızda qalsın...
 Amma sizin «...lakin ona imkan verilmirdi» sözünüzdən iki məsələ çıxır. Birincisi, siz yalan danışırsınız. Çünki bununla bağlı heç vaxt tələbim olmayıb. İkincisi, özünüzü ifşa edib biabır edirsiniz. Sizin kimi düşünənlər hələ də dövrümüzün azadlıqlar, demokratiya dövrü olduğunu bilmirsə, vicdan azadlığının nə olduğunu bilmədiyiniz kimi, söz azadlığının nə olduğunu haradan biləcəksiniz? Öyrənmək üçün Allahdan sizə faydalı ömür verməsini dua edirəm...

Ağayi Mirəziz!

Ağayi Mirəzizin özü deyilmi ki, «yerdə ulduz yaratdı, yaşamaq üçün təbiət" şeirin yazan? Fətva verənlər elə gərək bu sətrə fətva versinlər... Bunların din anlayışı bu deyilmi?
Seyidzadə, QMİ-də fətva şöbəsinə başçılıq edir, amma QMİ-nin ayda 1-2 dəfə yenilənən saytının sual-cavab bölümü hələ də boşdur. Yəqin cənab Mirəzizin dini maarifçilik üçün yas məclislərindən vaxtı olmadığından saytı işlədə bilmir. Unutmadan saytın nə olduğunu da gənclərdən soruşa bilər... Bir də xatırladım ki, birdən fətva ilə bağlı domen almaq istəsəniz fetva.az-ı almağa can atmayın. Çünki həmin domeni almışam. Bu söhbətdən sonra da deməyin ki, fətva ilə bağlı sayt açmaq istəyir...

Günahkar sizlərsiniz, yoxsa xalq?

"QMİ bitərəf olmadığı üçün fətva vermək səlahiyyəti yoxdur. Onların verdiyi fətvalar Qurana, İslama uyğun gəlmir. Problemin kökündə QMİ dayanır. Bu gün dindarlar bu qurumu dini mərkəz olaraq qəbul etmirlər..."

QMİ-nin bitərəf olmamasının səbəblərini hamı çox gözəl bilir. Özlərinin də bütün çıxışlarından bunun şahidi ola bilərik. Müəyyən məzhəbə mənsub olaraq özlərindən olmayanlara qarşı yadplanetli kimi davranmaları dediklərimə əsas verən çoxsaylı səbəblərdən sadəcə biridir. Onların verdiyi fətvalar əsasən yeni ildə kiminsə vəfat gününə düşdüyü üçün keçirib-keçirməmək, novruzun nə vaxt daxil olub-olmaması, novruz məhərrəmliyə təsadüf etdiyi üçün yumurtanın boyanıb-boyanmaması, hava limanındakı məscidin köçürülüb-köçürülməməsi, azanın səsinin xəstələri, uşaqları narahat etməsi ilə bağlı azanın səsinin azaldılmasını istəməyiniz, aşurada hər il bunların axundlarının olduqları məscidlərdə zəncirvurma aksiyaları, ramazan ayındakı təqvim biabırçılığı, hər dəfə iki fərqli bayram ənənəsi, həcc biznesi, yas məclisləri və sair... Bütün bunlarla məhdud olan din anlayışı ilə hansı fətvalarına, hansı sözlərinə insanlarımız etibar edib güvənsinlər? Bu güvənsizliyi formalaşdıran sizsiniz. Günahkarı kənarda axtarmaqdan əl çəkib, güzgünün qarşısına keçmək vaxtınız ötür...
Bu günə qədər xalqın yanında deyil, əlləri xalqın cibində olan bu mollaların təküzlü olmamaları deyilmi sizləri insanımızdan soyudan? Bu günə kimi heç bir yerdə işləmədikləri halda hamıdan yaxşı şəraitlərdə yaşayıb insanlardan uzaq qalanlar sizlər deyilsinizmi, siğəyə halal deyənləri başlarını tumarlayanlar deyilmi sizin ətrafınızda olanlar, uçan ələmlərə indiyə qədər səssiz davranıb onların uçmasına lisenziya verənlər, fındığın üstündə Allah sözünün yazılması ilə bağlı özlərini gülünc vəziyyətə salıb şəhadətnamə verənlər, yas mollaları, mərsiyə deyənlər üçün attestasiya keçirənlər sizlər deyilsiniz? Bu günə qədər bir yazıçının öldürülməsi ilə bağlı ayətullahların verdikləri fətvalara səssiz qalanlar, başıörtülü (hicablı) şəxsiyyət vəsiqəsi ala bilməyənlərlə bağlı ağızlarını açmayanlar özlərini xalqdan soyutmağı məharətlə bacardılar...
Prezidentin ehtiyat fondundan milyonlarla pul xərclənib təmir-bərpa işlərindən sonra QMİ-nin bitişiyindəki yas mərasimlərindəki insanların sayı qədər Təzə Pirdə namazlarda adamın olmamasının günahı kimdədir?