“Onlara cansağlığı və uğurlar arzulayıram” - Zakir Həsənov

onlara-cansagligi-ve-ugurlar-arzulayiram
Oxunma sayı: 643

Müdafiə naziri, general polkovnik Zakir Həsənov  Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, nazir təbrik məktubunda Vətən naminə müqəddəs və şərəfli xidmətdə onların hər birinə uğurlar arzulayıb.

İnsanlara mənəvi paklıq, təmizlik, mərhəmət, halallıq kimi ən yüksək əxlaqi hisslər aşılayan Ramazan bayramının yüksək səviyyədə qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərə verdiyi böyük dəyərin bariz nümunəsidir.

Silahlı Qüvvələrimiz 99-cu ildönümünü böyük ruh yüksəkliyi ilə, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qeyd edir. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

Bu əziz gündə şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram.

Əmin olduğumu bildirirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsinə nail olacaq.