“Onlara göstəriş verilib ki, seçkilərdə iştirak etməyin”

“Onlara göstəriş verilib ki, seçkilərdə iştirak etməyin”
Oxunma sayı: 1658

Aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı bir neçə müxalifət partiyası bəyanat verərək, boykot yolunu tutub. İlk olaraq Milli Şura seçkiləri boykot etmək barədə açıqlama yaydı. Ardınca, Müsavat Partiyası, Azərbaycan Liberal Partiyası, Ümid Partiyası seçkilərə qatılmayacaqlarını bəyan etdi.

Müxalifət partiyalarının seçkilərə qatılmaması hakim Yeni Azərbaycan Partiyası (YAP) üçün hansı çətinlik yarada bilər? “Qafqazinfo” xəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında deyib ki, prezidentliyə namizədliyini irəli sürmüş hər bir şəxs üçün şərait var.

“Azərbaycanda ədalətli, demokratik, azad seçki keçirilməsi üçün bütün mühüm şərait var. Qanunvericiliyə uyğun olaraq, hər bir siyasi partiya, tələblərə uyğun olaraq isə hər bir vətəndaş namizədliyini irəli sürə bilər. Buna görə hər bir siyasi partiya üçün hər cür şərait yaradılıb”.

YAP rəsmisi bəzi müxalifət partiyalarının seçkiləri boykot qərarının arxasında səbəblər gizləndiyini deyib: “Seçkilərdə partiya rəhbərlərinin bir hissəsi iştirak edib, digər hissəsi iştirak etmirsə, bunun səbəbləri tamamilə başqadır. Səbəb ondan ibarətdir ki, o təşkilatlar xaricdən maliyyələşir. Onların bəziləri erməni lobbisinin, müəyyən təşkilatların təsiri altındadır. Onlara göstəriş verilib ki, “seçkilərdə iştirak etməyin”. Onlar da iştirak etməkdən imtina edib.  Ümumiyyətlə, onlara göstəriş versələr ki, “seçkilərdə  iştirak edin” edəcəklər, yaxud da əksinə. Bunlar nə dərnəyin üzvlərinin, nə də onların adi rəhbərinin qərarı ilə deyil, hansısa ayrı-ayrı ölkələrin, qeyri-hökumət təşkilatlarının, pul verən şəxslərin tapşırığı ilə oturub-dururlar. Ona görə də heç bir narahatlığa əsas yoxdur. 

Prezident seçkilərində iştirak edəcək namizədlərinin sayı 20-yə çatıb. Hamısı da layiqli insanlardır, Azərbaycan vətəndaşlarıdırlar. Kimlər ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədlərini düzgün təqdim edəcəksə, imzalarını toplayıb verəcəksə, o da qeydiyyatdan keçəcək”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi