“Onların ermənilərlə yaxşı münasibətləri var” – - Diaspora

onlarin-ermenilerle-yaxsi-munasibetleri-var-
Oxunma sayı: 1416


- Təşkilatın fəaliyyəti haqqında məlumat verməyinizi istərdik...

- 5 ildir ki, Almaniyada yaşayıram. Bura təhsil almaq məqsədilə gəlmişdim. Azərbaycan Alman Mədəniyyət evinin həmtəsisçisi və sədriyəm. Təşkilat 2013-cü ilin noyabr ayında Ağa Ağayev, Rəşad Quliyev, Toğrul Əziz və mənim tərəfimdən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın bütün milli məsələləri, əlamətdar günləri qeyd edilib. Burada yaşayan azərbaycanlıların sosial həyatlarının təminatında rol almağa çalışırıq. Avropanın bütün şəhərləri ilə müqayisədə burada kifayət qədər azərbaycanlı yaşayır. Rəsmi məlumatlara görə, bu rəqəm 3 minə  yaxındır. İğdırlı, karslını da əlavə etsək, 20 minə yaxın azrəbaycanlı Kölndə yaşayır. Təəssüflər olsun ki, onların çoxu ictimai-siyasi həyatda aktiv deyillər. Biz Xocalı mitinqinə cəmi 600-yaxın adam toplaya bildik.

- Təşkilat bu günə qədər hansı tədbirlər keçirib?

- Təşkilatın ilk tədbiri 20 yanvarla bağlı olub. Almaniyada Yaşıllar Partiyasından olan millət vəkili də tədbirdə iştirak etdi. Ehsan süfrəsi verdik. Ondan sonrakı tədbirimiz də Xocalı faciəsi ilə bağlı olub. Bu faciə ilə bağlı Köln universitetində təşkil edilmiş konfransda millət vəkili Musa Qasımlı iştirak edirdi. Burdan da yerli icma rəhbərləri, Türkiyə diasporasından, səfirliyindən əməkdaşlar qatılmışdı. Konfransdan sonra  yürüş mitinqi oldu. Mart ayında Novruz bayramı ilə bağlı tədbirimiz oldu. Azərbaycandan Abbas Bağırov, Könül Kərimova, Elton, Cavid Abdullayev, Rəmiş konsertdə çıxış edib.

Burdakı azərbaycanlıların ən böyük problemi sosial həyatla bağlıdır. Bu konserti adət-ənəni yaşatmaq məqsədilə təşkil etdik. Eyni zamanda 1100 azərbaycanlını bir araya toplamağa nail olduq. Konsertə Çexiyadan, Belçikadan da gələnlər var idi. Sonra aprel ayında qondarma erməni soyqırımının 99-cü ildönümü ilə bağlı burdakı türk dərnəkləri ilə birgə mitinqimiz oldu. May ayında ümummilli liderin ad gününü keçirtdik.

24 mayda Kölndə Panteleon kilsəsində tədbirimiz oldu. Əməkdar artist Rəna İsmayılova orqan musiqi alətində bayati-şiraz, muğam ifa etdi. O tədbirə gələn qonaqların yarısından çoxu almanlar idi. Kilsə rəhbəri ilə görüşdük. Alman fondları icmaları ilə müəyyən qədər münasibət qurmağa çalışmaq istəyirik. “Bu şəhərdə” nin həm Köln, həm də Hamburqda konsertlərini təşkil etmişik.

 Bamf agentliyi ilə birgə dərnəkdə inteqrasion kursları təşkil edirik. Əsas məqsəd burda yaşayan azərbaycanlıları cəmiyyətə inteqrasiya etmək, assimilyasiyanın qarşısını almaqdır. Yəni azərbaycançılıq ideyasına sadiq olmaqla bərabər, alman cəmiyyətinə də insanlarımız inteqrasiya etsinlər. Bura elə bir ölkədir ki, dillərini bilməyənə qədər ac qoymazlar, amma qabağa getməyə də imkan verməzlər. Mütləq dillərini öyrənmək lazımdır.

- Kölndə yerli qurumlarda azərbaycanlılardan təmsil olunan varmı? Yoxdursa, bu istiqamətdə hansı işlər görürsünüz?

- O məsələ vaxt tələbə edir. Çünki türklər buraya  köçlərinin 50 illiyini qeyd etdilər. 50 il sonra türklərdən 7-8 millət vəkili var. Türklərin dördüncü nəsli burada yetişir. Burada olan azərbaycanlılar da beş-on ildən sonra müəyyən yerlərə gələ biləcəklər. Əsas odur ki, insanlarımız təhsil almağa meyillidirlər. İlk gələn nəsil işçi kimi gəldiklərinə görə, mövqe tutmaq şansları çox az idi.

- Türk diasporları ilə birgə fəaliyyətiniz nə yerdədir?

-  Türk diasporalarının sayları çox olsa da, kifayət qədər aktiv deyillər. Bir neçə qrupa bölünüblər. Dini, milliyyətçilər, solçular. Milliyyətçilərlə münasibətlərimiz həmişə yaxşı olub. Bütün mitinqlərimizə dəstək olublar. Dini icmalar isə çox qapalıdır. Onlar camidən, halal kəsimdən qırağa çıxa bilmirlər. Solçularla isə münasibət o qədər yaxşı deyil. Çünki onların ermənilərlə yaxşı münasibətləri var.

 - Ən böyük problemlərdən biri də diasporalar arasında birliyinin olmamasıdır. Bu sizcə, nəylə bağlıdır?

- Bizim cəmiyyətin müxtəlif sahələrində olan neqativ hallar diaspora sahəsində də var. Mənəm-mənəmlik cəmiyyətdə olduğu kimi, diaspora ilə məşğul olan insanlar da  var. Bizdə diaspora işi ilə məşğul olmaq çox çətindir. Çünki insanlardan çox az dəstək görürük. Dərnəkçilik, vəqfçilik məsələləri inkişaf etməyib. Səfirlikdən, Komitədən yardım etsələr də , insanların yardım məsələsinə laqeydliyi bizi həvəslə işləməyə vadar etmir. 20-25 nəfər var ki, üzvlük haqqı ödəyirlər. Ayda 400 avro üzvülük haqqı toplayırıq. İkincisi isə, diaspora işi ilə məşğul olan təsadüfi insanlar da çoxdur. Biznesmenə diaspora işi ilə məşğul olmaq çətin olur. Çünki onun biznes maraqları var. Cəmiyyət işi ilə məşğul olanın toplumda çəkisi olmalıdır.