Onların haker hücumlarına münasibətləri

onlarin-haker-hucumlarina-munasibetleri
Oxunma sayı: 657

“Kaspi” qəzeti son günlər Azərbaycanın ən nüfuzlu saytlarına olan haker hücumları ilə bağlı iki ayrı-ayrı medianın rəhbərliyində təmsil olunan şəxslərdən münasibət öyrənib. APA-nın baş direktoru Nurşən Quliyevlə publika.az-ın rəhbəri Aynur Camalqızının suallara fərqli yanaşmasını təqdim edirik.

Aynur Camalqızı: «Xarici ölkə hakerlərinin bizim sayta hücum etməsi, dağıtmağa cəhd göstərməsi üçün heç bir əsas yoxdur»

Publika.az saytının və «Gündəlik Teleqraf» qəzetinin rəhbəri Aynur Camalqızı «Kaspi»nin suallarını cavablandırır.

- Son günlərdə bir neçə xəbər portalına, o cümlədən sizin rəhbərlik etdiyiniz sayta haker hücumları oldu. Vəziyyət nə yerdədir?
- Çox təəssüf hissi ilə bunu qarşılayıram ki, son vaxtlar bəzi saytlara haker hücumları intensivləşdirilib. Biz bu hücumları daha çox Türkiyə üzərindən müşahidə edirik. Mən bununla bağlı dəfələrlə Türkiyənin Azərbaycandakı səfirliyinə həm yazılı, həm də şifahi müraciətlər etmişəm, onlardan bu məsələdə bizə yardımçı olmalarını xahiş etmişəm. Bundan əlavə, Milli Təhlükəsizlik, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin müvafiq idarəsinə bu problemlə əlaqədar dəfələrlə müraciətlərim olub. Amma çox təəssüflər olsun ki, Azərbaycanda informasiya təhlükəsizliyini tam təmin etmək üçün lazım olan bütün vasitələrdən istifadə edilmir. Yəni, bizə həmin müvafiq dövlət strukturlarından verilən cavablardan mən bu qənaətə gəlmişəm. Təbii ki, bu çox təhlükəli və qorxulu bir tendensiyanın mövcudluğundan xəbər verir. Belə çıxır ki, istənilən ölkənin ərazisindən hakerlər Azərbaycandakı istənilən internet resursunu çox asanlıqla dağıdıb məhv edə bilər. Bizim isə bunun qarşısını almaq üçün əlimizdə heç bir vasitə yoxdur. Düşünürəm ki, artıq bu barədə müvafiq dövlət strukturları də, elə elektron media qurumlarının rəhbərləri də ciddi-ciddi düşünməlidirlər. Biz bütün imkanlardan yaralanaraq öz informasiya təhlükəsizliyimizi təmin etmək üçün bir çıxış yolu axtarıb tapmalıyıq. Mən şübhə etmirəm ki, bu təhlükəsizliyi qorumaq üçün müəyyən vasitələr var. Sadəcə o vasitələrdən istifadə etmək lazımdır, o qurğuları gətirib Azərbaycanda tətbiq etmək lazımdır. Bu addımların atılması gecikir.

- “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu saytlara haker hücumunu daxilimizdəki “ermənilərin”, “Qafqazinfo.az” xəbər portalının rəhbəri Elbrus Ərud “həmkarlar”ın təşkil etdiyini bildirib. Siz isə bu hücumların Türkiyədən edildiyini bildirirsiniz...
- Məsələ burasındadır ki, onların belə demələri üçün əllərində sübut-dəlilləri var. Həmin sübut-dəlillər bizdə də var. Səhv etmirəmsə, sentyabr ayında bizə belə intensiv hücumlar başladı. Beş gün saytın fəaliyyəti dayandırıldı. O zaman bizim veb-dizaynerlərimiz, İP proqramçılarımız məhz Azərbaycanda fəaliyyət göstərən bəzi media qurumlarına aid olan İP ünvanları əldə etdilər. Hansı ki, həmin ünvanlardan bizə hücumlar təşkil olunurdu. Düzdür, biz o vaxt etik normalardan çıxış edərək və həmkarlarımıza hörmət əlaməti olaraq adları açıqlamadıq və həmin “mütəxəssisləri” ifşa etmədik. Amma bu İP adreslər-ünvanlar hansı ki, onlardan hücumlar təşkil olunmuşdu, bizim əlimizdə bu gün də var və onları müvafiq dövlət qurumlarına da təqdim etmişik. Fikrimcə, onlar istəsələr çox asanlıqla bu hücumların kimin təşkil etməsini aşkar edib ortaya qoya bilərlər. Ona görə də bunu bizim açıqlamağımız istər etik normaları baxımından, istərsə də həmkarlıq münasibətləri baxımından doğru olmaz. O vaxt bizim mətbuatda etdiyimiz çıxışlar, müvafiq dövlət qurumlarına rəsmi müraciət etməyimizlə bağlı verdiyimiz açıqlamalar öz rolunu oynadı. Çünki ondan sonra uzun müddət biz heç bir ünvandan haker hücumlarını müşahidə etmədik. İşlərimiz öz axarında gedir, davam edirdi. Mən Türkiyə üzərindən bu hücumlar edilir deyəndə də açığı yenə də bu sifarişlərin məhz Azərbaycandan gəldiyini düşünürəm. Hesab etmirəm ki, bizim Türkiyədə hansısa rəqiblərimiz və yaxud düşmənlərimiz var. Çünki bizdə Türkiyədə kiminsə mövqeyinə zidd olan yazılar dərc etməmişik. Yəni, heç kəsdə qıcıq oyadacaq hərəkətimiz olmayıb. Bu səbəbdən onların bizim sayta hücum etməsi, saytımızı dağıtmağa cəhd göstərməsi üçün heç bir əsas yoxdur.

- Söylədiklərinizdən belə qənaətə gəlmək olar ki, saytlara haker hücumu məhz Azərbaycanın daxilindən edilir. Sizcə, buna səbəb nədir?
- Çox xoşladığım bir ifadə var, deyərlər ki, adətən barlı ağaca daş atılır, barsız ağaca heç zaman daş atılmır. Hesab edirəm ki, saytımıza haker hücumunun səbəbi uğurlarımızdır. Çünki “Publika.az” saytı səkkiz ay ərzində başqa saytların səkkiz-on ilə əldə etmədikləri uğurları qazanıb. Biz böyük uğurlara, nailiyyətlərə imza atmışıq. Təsəvvür edin ki, bizim sentyabr, oktyabr aylarında gündəlik İP-miz 50-56 min civarında olub. Sonrakı dönəmlərdə də bizim gündəlik ziyarət sayımız otuz səkkiz-qırx beş min arasında olub. Biz bu yüksələn templə irəliləməkdəyik. Qarşıdan prezident seçkiləri gəlir. 2013-cü il Azərbaycan üçün, ictimai-siyasi həyat üçün ən qaynar il olacaq. Belə düşünürəm ki, həmin o qaynarlıq bizim saytımızın fəaliyyətinə də çox ciddi təsir göstərəcək. Bizim oxucuların sayı daha da artacaq. Çox təəssüf edirəm ki, bir çox hallarda bu, bəzi insanlarda sağlam rəqabət əhval-ruhiyyəsi əvəzinə qıcıq yaradır. Hətta dırnaqarası düşmənçilik həddinə gətirib çıxarır. Buna sadəcə təəssüf edirəm. Bütün insanlarımızı, dostlarımızı, həmkarlarımızı sağlam rəqabət mühitinə dəvət edirəm. Qoy kim güclüdürsə, kim uğurludursa, kim daha bacarıqlıdırsa, o da irəli çıxsın. Sağlam rəqabət mühitində bu, bütövlükdə Azərbaycanın informasiya məkanına çox normal bir abu-hava gətirə bilər. Yetər ki, hər birimiz bizdən tələb olunan bu şeylərə əməl etməyi bacaraq. Özümüzdə buna güc tapaq.

Nurşən Quliyev: «Mən deyə bilmərəm ki, bu hücumlar daxildən, yoxsa xaricdən edilib»

«APA» İnformasiya Agentliyinin Baş direktoru Nurşən Quliyev “Kaspi”nin suallarını cavablandırır.

- Son günlərdə bir neçə xəbər portalına haker hücumları oldu. Bu vəziyyətə sizin münasibətiniz necədir?

- Təbii ki, bunu çox pis hal kimi dəyərləndirirəm. Biz də zaman-zaman bu kimi problemlərlə rastlaşırıq. Burada müxtəlif səbəblər, o cümlədən texniki, təhlükəsizlik məsələləri, kənardan müdaxilələr və sair. Bütövlükdə bu kimi hallar təhlükəsizlik məsələləri ilə bağlı olduğuna görə saytların təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Saytların təhlükəsizliyi gücləndirilməlidir. Son hücumlarla vaxtıilə “APA Holding”ə daxil olan saytlar da üzləşiblər. İmkan daxilində texniki heyətin gücündən yararlanıb bu kimi halların qarşısını almağa çalışırıq. Bəzən belə problemlər uzun müddət davam edir. Bunun qarşısını almaq üçün isə xeyli miqdarda vəsait və güc sərf edilir. Görünən budur ki, problem tam aradan qalxmır və hətta digər saytlar da bu cür hallarla rastlaşırlar.

- “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu saytlara haker hücumunu daxilimizdəki “ermənilərin”, “Qafqazinfo.az” xəbər portalının rəhbəri Elbrus Ərud “həmkarlar”ın təşkil etdiyini bildirib. Bəs, ciz necə düşünürsünüz, bu hücumlar haradan və kim tərəfindən təşkil edilə bilər?
- Mən bu sahə üzrə mütəxəssis deyiləm. Ona görə də bu sualla bağlı konkret mövqe bildirmirəm. Amma, adlarını çəkdiyiniz şəxslərin bəyanatlarına gəlincə, əgər onlarda bu hücumların kimlər tərəfindən təşkil edilməsi barədə əsaslandırılmış, konkret faktlara söykənən məlumatlar varsa, müvafiq dövlət qurumlarına təqdim etsinlər. Həmin qurumlar da araşdırma aparıb bunu müəyyənləşdirər, adları ictimaiyyətə açıqlayar, hamı da bundan xəbər tutar. Bu səbəbdən mən deyə bilmərəm ki, bu hücumlar daxildən, yoxsa xaricdən edilib. Konkret bizim saytlara hücuma gəlincə, hakerlərin həm Azərbaycan daxilindən, həm də xaricdən müdaxiləsi ilə üzləşmişik.

- Sizcə, saytların haker hücumuna məruz qalmasına səbəb nə ola bilər?
- “APA Holding”ə daxil olan saytlara haker hücumlarını biz öz aramızda geniş müzakirəsini etmişik. Çox zaman bunu ermənilərlə əlaqələndirmişik. Çünki “Apa.az” və “Vesti.az” saytlarında ermənilərin xoşuna gəlməyən çoxsaylı materiallar yer alır. Amma geniş miqyasda saytlarımıza hücumun səbəbini dəqiq ifadə eləmək mümkün deyil. Bu səbəblər müxtəlif ola bilər. Məncə səbəbi saytlara hücum edən hakerlərin özündən soruşmaq lazımdır.