“Onların müdafiəsi hüquqi baxımdan zəifləyər” - Nazir

onlarin-mudafiesi-huquqi-baximdan-zeifleyer-nazir
Oxunma sayı: 640

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, nəşrin ilkin variantının çərşənbə axşamı keçirilən ictimai müzakirəsində çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, "Qırmızı kitab"ın ilk nəşri 1989-cu ildə çap olunub. Yeni nəşr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tətbiq etdiyi cərimələrdən toplanan vəsaitlərin və bir neçə beynəlxalq təşkilatın vəsaiti hesabına hazırlanıb.

Nazir təklif edib ki, təhlükədən sovuşan növlər "Qırmızı kitab"dan çıxarılmasın. Çünki bu zaman onların müdafiəsi hüquqi baxımdan zəifləyər.

Bağırov deyib ki, "Qırmızı kitab"ın yeni nəşri hələ son variant deyil. Müzakirələr nəticəsində bu nəşrə yeni növlər daxil edilə bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun direktoru Validə Əlizadə deyib ki, "Qırmızı kitab"ın ilk nəşrinə flora üzrə 140 növ bitki növü daxil edilib. Yeni nəşrdə isə onların sayı 300-ə çatdırılıb. Onların 14-ü göbələklər, 20-si ibtidai, 266-sı isə ali bitkilərdir.

Əlizadə bildirib ki, Azərbaycan florasında son 20 il ərzində bir çox dəyişikliklər olub. Bu müddət ərzində bəzi bitkilərin qorunması ilə bağlı vəziyyət yaxşılaşıb. Lakin bəzi bitkilər itib.

İnstitut direktoru hesab edir ki, buna görə də yeni monitorinqlərin aparılmasına ehtiyac var. O, hər 10 ildən bir "Qırmızı kitab"ın yeni siyahısının tərtib olunmasını da vacib sayıb.

AMEA Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov isə bildirib ki, 1989-cu ildə nəşr olunan birinci nəşrə 108 növ heyvan daxil edilmişdi. İkinci nəşrə isə nadir və nəsli kəsilməkdə olan 206 növ heyvan daxil edilib. Onların 75 növü həşəratlar, 9 növü balıqlar, 14 növü sürünənlər, 62 növü quşlar, 32 növü isə məməlilərdir.

Müzakirələr zamanı iştirakçılar tərəfindən bəzi iradlar da səsləndirilib.

Vəhşi Təbiət Fondunun nümayəndəsi Elşad Əsgərov bildirib ki, "Qırmızı kitab"ın yeni nəşrinə məməlilərin 40 faizinin daxil edilməsi bir az narahatlıq doğuran haldır. O, nəşrə daxil edilən bəzi növlərə yenidən baxılmasını da təklif edib.

Nazir isə bildirib ki, belə təkliflər nəşrin təkmilləşdirilməsi zamanı nəzərə alınacaq. Ancaq bunun üçün təklifi verənlər ciddi arqumentlər gətirməlidirlər. Bağırov həm də "Qırmızı kitabı"a daxil edilən bütün növ bitkilərin yenidən şəklinin çəkilməsini vacib hesab edib. O qeyd edib ki, həmin şəkillər internetdən götürülməli deyil.