“Onların oxşar cəhəti alman dilidir” - Nazarov

onlarin-oxsar-ceheti-alman-dilidir
Oxunma sayı: 1479

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya mətbuatına müsahibə verib. “Aue”nin futbolçusu Bakıdakı atmosferdən tutmuş, yığmamızın qələbə şanslarınadək danışıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir.

- Almaniya ilə oyunun əhəmiyyəti nə qədərdir?

- Mənim karyeram üçün əhəmiyyətli məqamlardan biridir. Uzun illərdir Almaniyada peşəkar futbol oynayıram. Dünya çempionları ilə oyunda yaxşı nəticə qazana bilərik. Düzdür, bu, adama yuxu kimi gəlir. Amma futbolda hər şey mümkündür.

- Oyundan öncə Azərbaycanda əhval-ruhiyyə necədir?

- “Aue”də oynasam da, bir həftədir ki, Bakıdayam. Burada sanki Almaniya həftəsi elan olunub. İnsanların bu matça necə həvəslə hazırlaşmasını görüb heyran oluram. Hami qarşılaşmaya bayram əhval-ruhiyyəsində hazırlaşıb. Rəqibin kimliyi və duelin əhəmiyyəti insanları sevindirir. Hazırda burada bir nömrəli mövzu Almaniyaya qarşı keçiriləcək oyundur. Bakıda İtaliya və Xorvatiya kimi komandalara qarşı oynamışıq. Amma indi rəqibin son dünya çempionu olması mövzunu daha da maraqlı edir. Bu matçın ölçüsü həmin rəqiblərlə oyundan daha çox fərqlənir. Çünki daha böyük matç hesab edilir.

- Milliniz qələbə qazana bilər?

- Niyə də yox? Futbolda hər şey mümkündür. Bu oyunu meydana çıxmazdan öncə itirmək olmaz. Almaniyanı məğlub etmək niyyətindəyik. Hücum futbolu oynamaq lazımdır. Çünki itirləcək heç nəyimiz yoxdur. Rəqibi xəcalətli yola sala bilərik.

- Robert Prosineçki və Berti Foqtsu nə fərqləndirir?

- Hazırda komandamız yaxşı yoldadır. Berti Foqts komandanın təməlini qurmaq üçün çox işlər gördü. Prosineçki də onun təməl atdığı tikintini davam etdirir. Xorvatiyalı daha müasir tikinti meneceridir. Onun komandası topla oynamağı daha çox sevir. Yaş amilinə baxmadan. Onun dünya səviyyəli strateq olduğunu demək mümkündür. Foqts və Prosineçki arasında oxşarlıq var: Hər ikisi alman dilində danışır və sonra rus dilində tərcümə edilir. Mən də bu dillərin ikisini də bilirəm. Bu səbəbdən də problemlə üzləşmirəm.