Onların problemi var...

onlarin-problemi-var
Oxunma sayı: 1160

“Qafqazinfo” xəbər verir ki, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, tədbir Ahıska türklərinin Gürcüstandan deportasiya olunmalarının 68-ci ildönümü ilə bağlı keçirilir. O qeyd edib ki, Ahıska türkləri 3 dəfə- 1828-1829, 1944 və 1989-1992-ci illərdə deportasiyaya məruz qalıb. Birlik sədrinin sözlərinə görə, Xocalı faciəsi zamanı Ahıska türkləri də soyqırıma məruz qalıblar: “Ahıska türkləri hazırda Azərbaycanın müxtəlif bölgələrində yaşayır. Tədbirin keçirildiyi Şabaran rayonunun Udullu kəndində Ahıska türkələri Xocalıdan didərgin düşdükdən sonra məskunlaşıb. Qeyd edim ki, kəndin orta məktəbi yararsız vəziyyətə düşüb və çox istərdik burada yeni məktəb binası tikilsin”.

Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sovet Allahverdiyiev bildirib ki, Xocalıya pənah gətirmiş Ahıska türkləri ilə yerli əhali arasında heç bir fərq qoyulmur. Onun dediyinə görə, onların hər bir problemi həll olunur: “Hazırda onların bir qisminin məskunlaşdığı Udulu kəndində 16 Ahıska türk ailəsi yaşayır”.

Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Məmmədov bildirib ki, hazırda Azərbaycanda 70 minə yaxın Ahıska türkü yaşayır. O, Ahıska türklərinin tarixindən danışaraq qeyd edib ki, 1828-1829-cu illər ərzində çar ordusunun generalı Paskeviç Ahıska türklərinin kompakt yaşadıqları Ahıska, Aspinza, Boqdanovka, Axalkələk və Adıgün rayonlarına dəfələrlə hücum edib, ağır artilleriya atəşinə məruz qoysada yerli xalq düşmənə layiqli cavab verməklə torpaqlarının bütövlüyünü qoruya biliblər. Təşkilat sədri bildirib ki, Sovet dönəmində Stalinin göstərişi ilə Ahiska türkləri deportasiya olunub: "1940-cı ilə qədər Ahiskalılar hərbi xidmətə aparmırdılar. Hətta buna qədər Ahıska türklərinin 4 dəfə əlifbası dəyişdirilib ki, bu millətin övladları savadsız olsun”.

İ.Məmmədov bildirib ki, Ahıska türkləri Azərbaycana gəldikdən sonra bizə dövlət tərəfindən çox böyük diqqət və qayğı göstərilir: “Biz azərbaycana öz Vətənimiz kimi baxırıq. Bunu Qarabağ müharibəsində ahıska türkləri yaxından iştirakına diqqət etmək kifayət edir. Biz bunu ona görə etmişik ki, Azərbaycan bizimdə Vətənimizdir”.

Udulu kəndində yaşayan, Xocalı işğal olunan zaman ailəliklə girov götürülmüş, hələ də 2 oğlu əsirlikdə olan, şəxsən Ermənistanın eks-prezident Robert Koçaryan tərəfindən ağır işgəncələrə məruz qalmış Hacı Gülalı Binaliyev bildirib ki, əsir, girov və itkin ailələrinə mənəvi dəstək hər zaman lazımdır. O, Xocalı hadisələri haqqında danışmaqda çətinlik çəkdiyini deyib.

Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin, Ahıska türklərinin “Vətən” Cəmiyyətinin, Milli QHT Forumu Deportasiya olunmuş, qaçqın və məcburi köşkünlərlə iş üzrə sektor rəhbəri İradə Rizazadə, AzərNews İnformasiya Agentliyinin direktoru, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, yazıçı Fazil Abbasov və KİV nümayəndələri iştirak edib.

Sonda Xocalı faciəsi zamanı soyqırıma məruz qalmış Ahıska türklərinə mənəvi dəstək olmaq, əsir-girov, itkin, və şəhidlərin aztəminatlı ailələrinə ərzaq və qeyri-ərzaq yardımı verilib.

Qeyd edək ki, tədbirə Nəqliyyat Nazirliyi, “Azersun Holding” Şirkəti və “Hədəf” Nəşriyyat Evi dəstək verib.