“Onların yazdığı bir cümlədə 13 səhv olur” - Akademik

onlarin-yazdigi-bir-cumlede-13-sehv-olur
Oxunma sayı: 2164

"Bu gün görürük ki, "əsgər" sözününün yazılışını kütlə "əskər" kimi dəstəkləmir”.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin  Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, dilçilərin 50 faizi “"İsgəndər", "əsgər" deyilməlidir"” deyir: "Komissiya da yəqin ki, bu sözlərin yazılışı kimi "İsgəndəri", "əsgəri" qəbul edəcək". Onun sözlərinə görə, alqı-satqı sözü çalğı sözü kimi eyni qayda ilə yazılmalıdır. "Alqı-satqı ilə eyni qayda ilə deyilən çalğı sözü də var. Amma biz "çalqı" yox, "çalğı" yazırıq. Dil qaydasına görə, bu sözlər eyni yazılmalıdır. İctimai fikirlərdən onu görürük ki, xalq bu məsələdə ənənənin tərəfdarıdır, yəni çoxluq alqı-satqı sözünün alğı-satqı kimi yox, alqı-satqı kimi yazılmasının tərəfindədir".

Komitə daha sonra deyib ki, alimlər yeni orfoqrafiya qaydalarınını başa düşürlər: "Ancaq çox təəssüf ki, bəzi yazıçılar, jurnalistlər sosial şəbəkələrdə bu qaydalarla bağlı əsassız təkliflər verirlər. Onların yazdığı bir cümlədə 13 səhv olur".
 
Deputatın dediyinə görə, dünya standartlarına əsasən, hər 10 ildən bir orfoqrafiya qaydaları hazırlanmalı, 5 ildən bir orfoqrafiya lüğəti nəşr edilməlidir.
 
"On ildən çoxdur ki, ölkəmizdə yeni orfoqrafiya lüğəti hazırlanmayıb. Dilimizdə yeni sözlər yaranıb, bəzi sözlər istifadədən çıxıb. Bütün bunlar zamanın tələbidir və bu dəyişikliklər yeni lüğətdə öz əksini tapmalıdır. Yeni hazırlanan orfoqrafiya qaydaları layihədir. Bu layihənin daha təkmil olması lazımdır. Buna görə də bu layihə ilə bağlı əvvəlcə AMEA-da alimlərin iştirakı ilə açıq müzakirələr aparıldı. İndiyədək orfoqrafiya lüğəti cəmi iki dəfə - 1952 və 1958-ci illərdə alimlərin iştirakı ilə müzakirə edilib. Ancaq orfoqrafiya qaydaları ilk dəfədir ki, ictimaiyyətin açıq müzakirəsinə verilib".
 
Komitə sədri bildirib ki, bu günədək 214 şəxs bu qaydalara öz fikrini bildirib. "Deyilən fikirlər icərisində bizim nəzərdə tutmadığımız məsələlər də var. Amma fikirlərin 70 faizi komissiyanın mövqeyini müdafiə edir".
 
İ.Həbibbəyli qeyd edib ki, yeni orfoqrafiya qaydalarının əsas məqsədi xaricdən alınma sözlərin Azərbaycan dilinin yazı və tələffüz qaydalarına uyğunlaşdırmaqdır.