Onun kitabını Heydər Əliyevdən istədilər

Onun kitabını Heydər Əliyevdən istədilər
Oxunma sayı: 3308

Şərif AG

Hardasa 20 il əvvəl jurnalist dostumla Bakı Dövlət Universitetinin əsas girişi ilə üzbəüz qəzet köşkünün qarşısında dayanıb gap eləyirdik. Başına şlyapa qoymuş balacaboy bir kişi bizə yaxınlaşdı, jurnalist dostumla görüşdü, mənə də əl uzatdı. Səsində xırıltılı yorğunluq vardı. Yüngülcə hal-xoşdan sonra köşkdən nəsə alıb balaca addımlarla aralandı. 

Dostum gülümsər gözlərini üzümə dikib, bu adamı tanıyıb-tanımadığımı soruşdu. Tanımırdım. “Əlibala Hacızadədir” - deyəndə dik atıldım və balacaboy adamın ardınca qaçmaq istədim. İndiyəcən məni bu qədər çaşdıran yazıçı-şair olmamışdı. 

Şəkillər adamı aldadır, əmin olun. 

Sonralar şəxsi münasibətimiz yarandı və mən xəyalımdakı Əlibala Hacızadə ilə gördüyüm Əlibala Hacızadəni bir-birinin üstünə otuzdurunca xeyli əziyyət çəkdim. 

O, mənim üçün ağır Əfqanıstan hadisələrinin içindən sıyrılıb çıxan canlı bir qəhrəman idi, heç vaxt belə balaca, sakit, həlim görünə bilməzdi. Bircə siqaretinin tüstüsü təsəvvürümdəki kimi idi; rəngi daha göyümtül, dadı-tamı daha acı, havaya yüksəlişi daha asta... Heç kəs onun kimi siqaret çəkə bilməzdi. Bal əmirdi elə bil! Tüstünü ağzından-burnundan həyat iksiri kimi buraxırdı. Onun siqaretə münasibəti sevginin divanəlik mərhələsindəydi. Balaca əllərini siqaretsiz təsəvvür edə bilmirdim. Cibinə həmişə ehtiyat bir neçə qutu qoyurdu. 

Ağzını yandan aşağı əyə-əyə danışanda elə bilirdin, dişləri ona mane olur. Ancaq nitqi səlis idi. Elə asta-asta danışırdı ki, deyirdin insan min il yaşayacaq və söhbət eləməyə həmişə vaxtı olacaq. Eyni zamanda çox şirin danışırdı, dinlədikcə adamın ağzı sulanırdı. Onunla ünsiyyətdən doymaq mümkün deyildi.

Əlibala müəllimin məşhur trilogiyasını və daha iki romanını oxumuşdum. Üstəlik ilk milli serialımız olan “İtkin gəlin”ə baxmışdım. Serial başlayanda Aygün Kazımovanın oxuduğu mahnını indi də hərdən öz-özümə zümzümə edirəm.  

Məlumat üçün deyim ki, bəhs etdiyim trilogiya o zaman ölkənin ən tirajlı kitabları idi. Müəllif bu kitablardan on minlərlə rubl qazanmışdı.  

Hardasa mənimlə yaşıd olan “İtkin gəlin”i 80-ci illərdə oxumuşdum. Kitab elə əprimişdi ki, ovulub tökülürdü. Onu oxumaq üçün kəndimizdə növbə yaranmışdı və heç kim heç kimin haqqına girmirdi. Mən təxminən on-on beşinci adam idim. 

Təsəvvür edin, o vaxt Heydər Əliyev Bərdə pambıqçıları ilə görüşüb, problemləri ilə maraqlananda pambıqçılar ondan “İtkin gəlin” kitabını istəmişdilər. H.Əliyev Bakıya qayıdanda maraqlanmış, kitabın satılıb qurtardığını öyrənincə yenidən 100 min tirajla çap olunması üçün göstəriş vermişdi.      

Sən demə “İtkin gəlin” romanının “Əfsanəsiz illər” adlı davamı da varmış!

Kitabı əldə eləmək üçün canımdan-qanımdan olurdum, lakin heç nə alınmırdı. Deyilənə görə, kənd kitabxanasına bir nüsxə gəlmiş, kimsə çırpışdırmışdı. Qonşu kəndlərdə də, rayon kitabxanasında da yox idi.

Romanla qəribə bir şəraitdə rastlaşdım. Rayon mərkəzindən yetmiş-səksən km şimalda yaylaqda idim. Çobanların biri ilə qayalığa moruq yığmağa getdik. Qəfil yağış başladı. İslanmamaq üçün iri bir daşın altına girən vaxt çobanın toqqasında göy cildli kitab gördüm. Maraqlandım. “Əfsanəsiz illər” idi. Necə həyəcanlandımsa, moruq da yaddan çıxdı, yağış da. Elə ordaca oxumağa başladım. O yaşacan heç bir kitab məni “Əfsanəsiz illər” qədər ağuşuna almamışdı. Gecə çıraq işığında oxudum, səhər qalxıb davam elədim, günorta bitirdim. 

Bu da son deyildi. Üçüncü kitab da vardı: “Ayrılığın sonu yoxmuş”. Onu da tam təsadüfdən tapdım. Qonşu kənddə müəllim işləyən qohumum öz xahişi ilə əsgərliyə getmişdi, anası ona aid əşyalara əl vurmağa imkan vermirdi. Bir gün imkan tapıb müəllimin balaca kitabxanasına girdim və qurdalanmağa başladım. “Ayrılığın sonu yoxmuş” orda qarşıma çıxdı. Elə bil dəfinə tapmışdım. Kitabı oğurladım, oxuyub-bitirəndən sonra yerinə qaytardım. 

Sonralar Əlibala müəllimin “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanlarını da oxudum. “Dünyanı tanı” romanını alsam da oxuya bilmədim. Əvvəlkilər kimi məni cəlb eləmədi.  Ancaq şeilərini həmişə sevdim. Fərqli havası, enerjisi var bu şeirlərin. Bildiyiniz kimi, Əlibala müəllimin ayrıca şeirlər kitabı da nəşr olunub.  

O vaxt ağlıma gəlməzdi ki, bir gün Əlibala müəllimin qızı Asiya xanımla eyni qəzetdə (“Panorama”) işləyəcəm, özüylə dost olacam, hətta oturub yeyib-içəcəm! 

Ağıla gəlməyən başa gələrmiş. 

İlyas Tapdıq və Nahid Hacızadə ilə məşhur trio idilər. Zahirən bir-birinə yad olan bu insanları ədəbiyyatla yanaşı həm də uşaq səmimiyyəti birləşdirirdi. Axşam oldumu İlyas Tapdıq nəşriyyatdan ayaqlarını sürüyə-sürüyə Zahid Xəlilov küçəsinə enir, Nahid Hacızadə televiziyadan gəlir, Əlibala Hacızadə o civarda yerləşən evindən çıxıb ağır-ağır görüş yerinə tərəf addımlayırdı. İndiki “Avalon” restoranının yerində 90-cı illərə xas açıq kafe-çayxana vardı. Ağacların altında stol qoyub yemək-içmək verirdilər. Mən də Zahid Xəlilov küçəsində yaşadığımdan yolum tez-tez burdan düşürdü. Yaşlı dostlarım məni zorla stola dəvət edirdilər. Alman hesabı məclis qururdular. Əlibala müəllim işləmirdi deyə, onu xərcə salmırdılar. O, stolu siqaretlə təmin edirdi.

Qocaların yorulmuş xatirələri, enerjisi tükənmiş lətifələri məndə al-əlvan duyğular yaradırdı.   

Hərdən məşhur üçlüyə şair Oqtay Rza da qoşulurdu. Oqtay müəllim içkiyə “yanacaq”, pula “qanacaq” deyirdi. Stolda özümü ürəksiz aparanda məlum-məşhur pafosunu işə salırdı: “Ürəyini sıxma, yanacağımız da var, qanacağımız da!”

Əlibala müəllim onun zarafatlarına öyrəşmişdi, ona görə heç qımışmırdı da!

Nədənsə həmişə Əlibala Hacızadənin ürəkdən gülməsini arzulayırdım, o isə elə bil niyyətimi başa düşüb məni intizarda saxlayırdı. 

Adama elə gəlirdi ki, nəsə böyük bir dərdi var və yaxın dostlarından israrla gizləyir. Hətta qəzəblidir. Nəsə soruşsan sənə acı bir söz deyəcək. Lakin ünsiyyətə girəndə tamam yanıldığına əmin olurdun. 

Əfqanıstanda çox şeylər görmüşdü və bu barədə heç vaxt danışmırdı. Əfqanıstan xatirələrini sinəsində daş kimi gəzdirirdi. Bu xatirələr nəinki onun yerişinə-duruşuna, hətta nəfəs almasına da mane olurdu.  

“Xoşbəxtliyi arzulaya-arzulaya, bədbəxtlikdən qorxa-qorxa yaşadım” deyirdi. Lakin xoş bir sözdən, isti bir qılıqdan, gözəl bir misradan xoşbəxt olmağı bacarır, gözləri qəribə şövqlə parıldayırdı. Bəzən kövrəlir, dodaqları uşaqvari bir həyəcanla titrəyirdi. Çünki həyatı, insanları, ədəbiyyatı sevirdi.

Elmlər Akademiyasından aldığı cüzi maaşla yaşayırdı – heç vaxt özünə dərd eləmirdi. Halbuki pul görmüşdü. Özü də çox. Saysız-hesabsız. Pul görən adamlar kasıblığa tab gətirə bilmirlər. Əlibala müəllimdə belə deyildi. Onda sufilərə xas sakitlik və əminlik vardı. Dünyanı dərk eləmişdi. Gəlişini, gedişini bilirdi. Üzündəki hüznlü təmkin də ondan idi.  

Bir dəfə cavan uşaqlar yaşadığı binanın blokunda Əlibala müəllimi soymuşdular. Özü bu əhvalatı gülə-gülə danışırdı. Deyirdi, soruşdular, nə qədər pulun var, dedim, bir “şirvan”. Oğlanlardan biri əlini döş cibimə salıb əlliminlik çıxartdı, dedi, ağsaqqal kişisən, utanmırsan, yalan danışırsan?! 

Bəlkə də bu, Əlibala müəllimin ömrü boyu danışdığı ilk və son yalan idi. 

Prezident təqaüdü alanda da dəyişmədi. Eyni ucuz siqaretdən çəkdi, eyni adamlarla, eyni yerdə oturdu. Dəyişən bircə o idi ki, hesabda dostlarına kömək edir, borcundan çıxırdı. 

Onu hər görəndə özümdən asılı olmadan sevinirdim. 

Onunla ünsiyyət mənə ruhani dinclik gətirirdi.

Oktyabrın 8-i Əlibala müəllimin ölüm günüdür. 

Bu sətirləri yaza-yaza pəncərədən Zahid Xəlilov küçəsinə baxıram. Aradan doqquz il keçib, buralar çox dəyişib. Lakin yenə də gözüm ixtiyarsız adamların arasında onu axtarır. Görsəm, balaca boyundan və ağır yerişindən o saat tanıyaram.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi