“Onun üçün bir dərs oldu” - Roman Qriqorçuk

onun-ucun-bir-ders-oldu
Oxunma sayı: 1351

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Səbail”i doğma “divarlar arası”nda 1:0 məğlub edən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, Qriqorçuk Sport24.az-ın suallarını cavablandırıb.

O, əvvəlcə çoxsaylı qol imkanlarını qaçırmalarından gileylənib:

“Məmnunam. Açığı, son zamanlar komandamın oyunundan zövq alıram. Əlbəttə, daha çox qol vurmalı idik. Bundan razı deyiləm, amma böyük ölçüdə məmnunam”.

- Qorxmursunuz ki, bu qədər çoxsaylı qol imkanından yararlanmamağınız sizə baha başa gələ bilər?

- Rəqibi ciddiyə alacağıq. Bilmirəm nə baş verəcək. Müxtəlif variantlara hazırlaşacağıq. Ancaq biz cavab görüşünə tam hazır olacağıq.

- Cavid Hüseynova həddən artıq “stavka” etdiyinizi düşünürsünüzmü?

- Cavidi Azərbaycanın ən yaxşı futbolçularından sayıram. Ona çox inanıram. Əminəm ki, o, daha yaxşı olacaq. Sadəcə, Hüseynova vaxt lazımdır. Cavid hələ həm “Qəbələ”, həm də Azərbaycan yığmasına çox fayda verəcək.

- Tellur Mütəllimov gözə dəymir…

- Son zamanlar yaxşı məşq edir. Yaxşı vəziyyətdədir. Ancaq bu oyundan zövq aldığım üçün əvəzetməyə əl atmadım. Düşünürəm ki, onun üçün bu cür kənarda qalma bir dərs oldu. Fikrimcə, o, artıq bundan bir ibrət dərsi götürüb və Telluru tezliklə meydanda görəcəyik.