Oqtay Gülalıyevin avtomobili girov saxlanılır

oqtay-gulaliyevin-avtomobili-girov-saxlanilir
Oxunma sayı: 638

Həbs edilən hüquq müdafiəçisinin vəkili Yalçın Imanov bildirib ki, rayon şöbəsinin müstəntiqi Qurbanəli Quliyevin təşəbbüsü ilə O.Güləliyevə məxsus köhnə “Opel” markalı avtomobil aprelin 8-dən qanunsuz olaraq şöbənin cərimə meydançasında saxlanılır. Müstəntiq əvvəlcə maşını onun qardaşı Elçin Gülalıyevə verəcəyini vəd edib. Amma Sabirabada dəfələrlə səfərlər nəticəsiz qalıb. Vəkilin sözlərinə görə, avtomobildə “Kür” Vətəndaş Cəmiyyəti qərargahının sənədləri, hüquq müdafiəçisinin şəxsi əşyaları var və onların qaldırılan cinayət işi ilə əlaqəsi yoxdur.

Müstəntiq Q.Quliyev “Turan”ın suallarına cavablandırarkən bildirib ki, prosedura əməl edir və gələn həftənin sonunda avtomobil hüquq müdafiəçisinin qohumlarına veriləcək.

Amma o, ittiham edilən O.Gülalıyevin istintaqa aidiyyatı olmayan mülkiyyətinin bir aydan çox polisdə niyə girov saxlandığı barədə suala cavab verməyib.