Ordu Qarabağ problemini həll etməyəcək...

ordu-qarabag-problemini-hell-etmeyecek
Oxunma sayı: 645

Mən bu xəbərin cəmiyyətdə necə qəbul edilməsini orduya münasibətin göstəricisi hesab edirəm. Orduya münasibət isə Qarabağa olan münasibətin göstəricisidir.

Bəs niyə Azərbaycan cəmiyyəti orduya belə münasibət göstərir?

Bu suala cavab axtarmazdan əvvəl “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin KİV üzərində apardığı monitorinqin cari ilin 11-ci ayının 27-nə olan məlumatını diqqətinizə çatdırım:

İtkilərin sayı 89 olub. 7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 14 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 10 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 12 nəfər xəstəlikdən dünyasını dəyişib. 18 nəfər intihar edib. Dünyasını dəyişənlərin 79-u Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 4-ü Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Yəqin ki, ötən ayın son günlərində bir ayın əsgərinin xəstəlikdən dünyasını dəyişməsi barədə də xəbəri eşitmisiniz...

İndi gəlin sadaladığım faktlarla və cəmiyyətin orduya biganəliyi arasında olan məntiqi əlaqəyə diqqət yetirək.

Cəmiyyət orduya biganədir, çünki, ordunu özününkü hesab eləmir. Ordunu özününkü hesab edən cəmiyyətin fərdləri övladının “daha yaxşı yerdə xidmət etməsi üçün” dəridən-qabıqdan çıxmaz. Cəmiyyətə bəllidir ki, xidmət yerlərinin hamısında eyni vəziyyət deyil. Bir tərəfdə qarın, yağışın, günəşin altında, yəni səngərdə, digər tərəfdə isə qışda isti, yayda kondisionerli kazarmalarda xidmət edənlər var. Və soyuq səngəri isti kazarma ilə əvəz etmək havayı deyil.

Vətəndaş ordunu özününkü hesab etmir, çünki orduda baş verənlərdən xəbəri yoxdur. Xəbər tutanda isə heç nəyə heç cür təsir edə bilmir. İş o yerə çatıb ki, orduda baş verənləri danışanlara düşmən kimi baxırlar. Bundan daha faciəlisi isə odur ki, orduda baş verən faktlardan danışılsa belə, heç kimin vecinə deyil. Heç nə dəyişmir. Bax bu məqam vətəndaş və ordu arasında uçurum yaradır.

Beləliklə, vətəndaş onun olmayan qurumda baş verənlərə heç vəchlə reaksiya vermir. İndi vətəndaşı maraqlandıran bircə sual var: Necə edim ki, övladım ordu adlı əzrailin əlinə düşməsin?

Bu yerdə bir məqamı da xatırladım. Büdcəmiz bu il ən yüksək həddə çatdırılıb. O cümlədən, büdcədə müdafiə və təhlükəsizlik sektoru üçün nəzərdə tutulan vəsait də ən yüksək həddədir. Amma bununla bərabər ordudakı itkilərimiz də atəşkəs dövründə ən yüksək həddinə çatıb. Bunun niyəsini isə heç kim araşdırmaq istəmir.
Əlbəttə müharibə şəraitində Azərbaycanın hərbi xərclərinin çox olmasını mən də istəyirəm. Bəs bu vəsait hara və necə xərclənir ki, itkilərimizin sayı durmadan artır.

Yəqin bilirsiniz ki, Azərbaycan Respublikası Milli Məclisində bir sədri (Ziyafət Əsgərov), on bir üzvü (Aqil Abbas, Elman Məmmədov, Zahid Oruc, Adil Əliyev, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov, Fərəc Quliyev, Hacı Salayev, Siyavuş Novruzov, Xanlar Fətiyev, Əliağa Hüseynov) olan Təhlükəsizlik və müdafiə komitəsi var. Bu komitənin məsələ qaldırdığı və yaxud da Müdafiə Nazirliyinə müvafiq sorğu göndərdiyini hələ ki, eşitməmişəm. Deməli, bu komitə də orduya və orduda baş verənlərə biganədir.

Bu komitə orduda baş verənlərə biganədirsə, deməli, Milli Məclis də biganədir.
Doğrudur, bir müddət əvvəl deputat Sabir Rüstəmxanlı ordu ilə bağlı müəyyən fikirlər səsləndirdi. Amma əsas vurğunu komandiri bir saat gözlədiyinə vuran deputat bununla da özünü faş etmiş oldu. Komandiri bir saat gözlədiyini dedikdən sonra “Rəsmi səviyyədə orduya diqqət var” deməklə, sanki bütün çatışmazlıqlara yerlərdəki komandirləri təqsirkar çıxarmışdı.

Əlbəttə, cəbhə xəttində xidmət edən komandir bir saat, bir gün kabinetinə gəlməyə bilər. Bu, onun qüsuru deyil. Onun xidmət yeri kabinet yox, səngərdir. Mən bir Azərbaycan vətəndaşı olaraq Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə qürur duyuram və xüsusi vurğulamaq istəyirəm ki, orduda yaranmış başıpozuqluğun səbəbkarı cəbhə xəttində xidmət edən komandir deyil, ordunun başında dayananlardır. Onlardan isə heç kim, heç nə soruşmağa cürət eləmir. Nə Təhlükəsizlik və müdafiə komitəsinin üzvü və populist çıxışları ilə “könülləri riqqətə gətirən” deputatlarımız, nə də simasını siyasi mövsümə uyğunlaşdıran ziyalılarımız.

Əzizlərim, unutmayın ki, biz bir xalq olaraq orduya biganə olduğumuz müddətdə, ordu da bir xalq olaraq bizim bir nömrəli problemimizi, Qarabağ problemini həll etməyəcək...
Bu teorem deyil, aksiomadır.

Doğurdanmı bunu dərk etmirsiniz?