“Ordudakı durum hər gün İlham Əliyevə məruzə olunur” - General

“Ordudakı durum hər gün İlham Əliyevə məruzə olunur”
Oxunma sayı: 2026

Hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azərbaycan Ordusunun ötən gün başlatdığı genişmiqyaslı hərbi təlimlərdən danışıb. 

O,”Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügüdən təlimlər  iriqmiqyaslı təlimlərdir: “Bildiyiniz kimi, təlimlər  ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir. Təlimlərə bir neçə minlik qoşun növləri, qismləri, birlik və birləşmələri cəlb olunub. 25 minə  qədər şəxsi heyət həddindən artıq çox qüvvədir. Burada tanklar, zirehli texnikalar,  müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası iştirak edir. Bu qoşunlar döyüş atışları həyata keçirəcəklər. Bunlar planlı şəkildə baş tutacaq”.  

Təlimlərin əvvəlki təlimlərdən fərqli olub olmamasına toxunan Y. Aydəmirov bildirib ki, ərazilərimiz dağlıq, dağlıq-meşə, səhra, çöl ərazisidir: “Təlimlərdə müəyyən məsələlər Müdafiə Nazirliyinin xətti ilə açıqlanır. Əks həmlələri həyata keçirməklə bağlı məsələlər haqqında məlumat verilir. Ancaq elə məsələlər var ki,  nazirlik tərəfindən ictimaiyyətə açıqlanmır.  

Sözsüz  ki, bütün təlimlər döyüş hazırlığının yüksək səviyyəyə qaldırılmasına hesablanıb ki, onlar bundan ruhlansın. Sabah hər bir halda işğal olunmuş Dağlıq Qarabağ və Qərbi Azərbaycan torpaqlarını da geri qaytarmaq məsələsi qısa zamanda həllini tapsın. Ona görə bu cür təlimlər həmişə keçirilib və keçiriləcək. Bunun üçün Azərbaycan ordusunun  kifayət qədər vəsaiti vardır. Çünki belə təlimlərin keçirilməsi külli miqdarda vəsait tələb edir”. 

Y. Aydəmirov dövlətin orduya göstərdiyi diqqətdən də söz açıb. O qeyd edib ki, elə bir il, ay, gün olmayıb ki, ordu diqqətdən kənarda qalsın: “Hər gün, hər səhər hər bir komandir karyera pilləsində ondan yuxarı olan rəhbərinə məruzələr edir. O cümlədən, hər gün Ali Baş Komandana  orduda olan təlimlər, döyüşlər, silahların alınması  və. s məsələlər məruzə olunur. Ona görə də ordu həmişə ölkə rəhbərliyinin diqqət mərkəzindədir”. 

Ehtiyatda olan general-leytenant həmçinin prezident İlham Əliyevin hərbi qulluqçuların maaşının artırması məsələsinə də toxunub. Onun sözlərinə görə, hərbi  qulluqçuların digər fəaliyyət növləri ilə məşğul olmasına nə vaxtları var, nə də qanunvericilik buna imkan verir: “Onların bir müqəddəs borcu var. Torpağı işğaldan azad etmək, döyüş hazırlığını  yüksək saxlamaq, təlimlər keçirməkdir. Buna görə də   ordu bütün bu məsələləri həll etmək üçün yüksək məvacib almalıdır. Ali Baş Komandan həmişə belə məsələləri diqqətdə saxlayır və hərbi qulluqçuların maaşını artırır”.

Günel Türksoy



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi