Bu barədə Londonda mərkəzləşmiş "Suriya insan haqları müşahidəçiləri" hüquq-müdafiə təşkilatı məlumat verir. Təşkilat bu məlumatı yaralı olaraq canlarını qurtarmış əsgərlərdən aldığını iddia edir. İnsident barədə Suriyada yerləşən hüquq-müdafiə təşkilatları da məlumat verir. Hərbçilərdən əlavə, dünən Suriyada iğtişaşların davam etməsi nəticəsində 13 nümayişçinin də öldürüldüyü bildirilir. Nümayişləri təşkil edən Suriya Koordinasiya Komitəsi isə bu rəqəmin 31 olduğunu iddia edir.
Zorakılıq halları Suriya rəhbərliyinin ölkəyə beynəlxalq müşahidəçiləri buraxmağa razılıq verəndən və müvafiq protokolu imzaladıqdan sonra da davam edib. Ərəb Ölkələri Liqasının təklifinə əsasən əldə edilmiş razılıq sayəsində ilk xarici jurnalistlər qrupu Suriyanın Homs şəhərinə buraxılıb. Jurnalistlər Suriya rəsmilərinin rəhbərliyi altında təhlükəsizlik qüvvələrinin dəfn mərasimində iştirak ediblər. Daha sonra media işçiləri Homs şəhərində yerləşən hərbi xəstəxanaya yaralı əsgərlərə baş çəkiblər. Ərəb Ölkələri Liqasının baş katibi Nəbil Əl-Ərəbi bildirib ki, iki gün ərzində Suriyaya 500 müşahidəçinin göndərilməsi üçün Suriya ilə danışıqlara başlayıb. Onun sözlərinə görə, müşahidəçilər 10 nəfərlik qruplar şəklində hərəkət edəcək və hər bir qrup müxtəlif məkanlarda yerləşdiriliəcək.
Bu arada, BMT-nin Baş Assambleyasında Suriyada insan haqları ilə bağlı qətnamə qəbul olunub. 133 ölkə qətnamənin lehinə, 11 ölkə isə əleyhinə səs verib. 43 ölkə isə bitərəf olub. Qətnamə Suriyada zorakılığa son qoyulmasına çağırır. Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri isə qətnaməni ölkəsinə qarşı məkrli siyasət adlandırıb.
anspress