“Ordumuz Naxçıvanda strateji yüksəklikləri azad edib”

ordumuz-naxcivanda-strateji-yukseklikleri-azad-edib
Oxunma sayı: 3404

“Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AzərTac-a müsahibəsində ehtiyatda olan polkovnik-leytenant Dilsuz Əliyev deyib.

Onun sözlərinə görə, Xunut dağının, Ağbulaq yüksəkliyinin, Qızılqaya dağının və Mehridağın işğaldan azad edilməsi Dərələyəz mahalının Arpa kəndinin (ermənilər adını dəyişdirərək “Areni” qoyublar) Əlahiddə Ümumqoşun Ordunun nəzarətində olması ilə nəticələnib və bu, böyük hərbi nailiyyətdir.

“Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Bununla həm də strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuş oldu ki, bu da çox önəmlidir”, – deyə ehtiyatda olan polkovnik-leytenant vurğulayıb.