“Orifleym” də zay çıxdı

orifleym-de-zay-cixdi
Oxunma sayı: 748

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, məhsulların reklamı zamanı müvafiq təsdiqedici sənədlər olmadan məhsulların təbii xammaldan hazırlanması və İsveç məhsulu olması barədə "təbii İsveç kosmetikası" və "natural Swedish cosmetics" sözlərindən, həqiqətə uyğun olmayan "30% miqdarında dərhal gəlir əldə edin" ifadəsindən, eləcə də müvafiq təsdiqedici sənədlər olmadan "ən" terminindən istifadə edildiyi müəyyən edilib.
Bundan başqa, məhsulların dəyərinin ödənilməsi ilə bağlı istehlakçıların sərbəst seçim hüququnun məhdudlaşdırıldığı, şirkətin internet saytında qeyri-nağd qaydada ödənişinin yalnız bir bank vasitəsi ilə aparılması tələbi qoyulmaqla bir banka rəqabətdə əsassız üstünlük verilidiyi aşkar edilib.
Eyni zamanda, istehlakçıların zəmanət hüquqları təmin edilməyib, əksər məhsulların markalanmasında məhsulların istifadə qaydalarına dair məlumatlar və məhsullara dair qiymət vərəqələrində azərbaycan dilində məlumatlar verilməyib, qiymətlərə endirim tətbiqi zamanı kataloqlarda məhsulların əvvəlki qiymətləri barədə düzgün olmayan məlumatlar göstərilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib.
Məhsulların satışı ilə məşğul olan məsləhətçilərin hüquqları məhdudlaşdırılıb, onlara məhsulları yalnız şirkət tərəfindən müəyyən edilmiş qiymətlərlə satacaqlarına dair məcburi öhdəliklər tətbiq edilib, müqavilələrdə şirkətə qanunla tənzimlənməyən birtərəfli qaydada üstünlüklər verilib.
Aşkar olunmuş qanun pozuntularının aradan qaldırılmasına dair Dövlət Xidməti tərəfindən "Orifleym" şirkətinə icrası məcburi göstəriş verilib.

Nigar Məmmədli