Orta aylıq pensiyanın məbləği açıqlandı

orta-ayliq-pensiyanin-meblegi-aciqlandi
Oxunma sayı: 640

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 1 oktyabr 2012-ci ildə əmək pensiyalarının orta aylıq məbləği 151, 3 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167, 7 manata çatıb. Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir.

Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilibdir.
Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28, 5 manat olduğu halda 1 yanvar 2007-ci il tarixə 41, 1 manat, 1 yanvar 2008-ci il tarixə 62, 9 manat, 1 yanvar 2009-cu il tarixə 95, 8 manat, 1 yanvar 2010-cu il tarixə 100, 4 manat, 1 yanvar 2011-ci il tarixə 112, 9 manat, 1 yanvar 2012-ci il tarixə 145, 1 manat təşkil etmiş, hazırda isə 151, 3 manata çatıbdır.

Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb.