Orta məktəblərdə oğlan uşaqları niyə qız kimi tərbiyə olunur?

orta-mekteblerde-oglan-usaqlari-niye-qiz-kimi-terbiye-olunur
Oxunma sayı: 3071

Buna görə də təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında oğlanların və kişilərin təhsilə gəlməsini daha çox arzu etdiyini deyib: “Qoy qızlar bundan inciməsin. Amma bu gün Azərbaycan məktəblərində müəllimlərin 80 faizindən çoxu qadınlardır.

Qeyd edək ki, təhsil naziri mətbuata açıqlamasında bu məsələni dəfələrlə gündəmə gətirib: “Müəllimlərin heç olmasa 30 faizi kişi olmalıdır. Məktəb direktorlarının da 95 faizi qadındır. Mən demirəm ki, qadınları işdən çıxaraq, kişilər işləsin. Amma hər halda, bu məsələni diqqət mərkəzində saxlamalıyıq. Məncə, bunun əsas səbəblərindən biri əməkhaqqının aşağı olmasıdır. Evə əsas qazancı kişi gətirir. Onlar həyat yoldaşlarını evdə qalmamaları üçün məktəbə işə göndərirlər”.

Oğlanlarda duyğusal keyfiyyətlər formalaşır

Orta məktəblərdə dərs deyən müəllimlər arasında gender balansının pozulmasının səbəbləri hamımıza bəllidir. Amma məktəblərdə qadın müəllimlərin daha çox tədrisdə iştirakının oğlan uşaqlarına mənfi təsirindən yəqin çoxlarımız xəbərsizik.

Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilov bizimlə söhbətində bildirdi ki, məktəblərimizdə qadın müəllimlərin dominantlıq təşkil etməsinin fərqli tipə malik oğlan uşaqlarında fərqli reaksiya doğurur: “Bu, oğlan uşaqlarının tiplərindən asılıdır. Mühafizəkar uşaqlarda qadın müəllimlərin hərəkətləri əks-reaksiya doğurur, onlar qadın müəllimələrin hərəkətlərini bəyənmir, buna narazılıqlarını bildirilər, hətta evdə də valideynlərinə müəllimlərinin hərəkətindən şikayət edirlər”.

Qeyd edək ki, uşaqlar orta məktəbdə qadın müəllimələr, evdə də daha çox anaları, ana işlədikdə isə qadın dayələri ixtiyarına verilir, onunla ünsiyyətdə olur, ondan tərbiyə alır.

H.Xəlilovun sözlərinə görə, bütün dərslərin qadın müəllimlər tərəfindən deyilməsi həssas oğlan uşaqlarında əks-cinsə məxsus duyğusal keyfiyyətlər formalaşdırır: “Oğlanlar qadın müəllimlərdəki keyfiyyətləri götürürlər, emosional olurlar, hissləri tərəfindən idarə edilirlər. Buna görə daha çox qadın müəllimələrin dərs deməsi yetişməkdə olan oğlan uşaqlarına, xüsusilə onların emosional təfəkkürlərinə mənfi təsir göstərir. Özləri də bilmədən, hiss etmədən qadın müəllimlərin hərəkətlərini yamsılayırlar. Bu cür oğlan uşaqlarında kişilərə xas qətiyyət, konkretlik azalır, xaraktersizlik meydana gəlir. Belə uşaqlarda mənlik duyğusu aşağı səviyyədə olur. Gələcəyin kişisini yetişdirməkdə ancaq qadın psixologiyasının rol oynaması arzuolunan hal deyil”.

Tökülüb itən oğlan uşaqları

14-16 yaşın şəxsiyyətin formalaşdığı dövr olduğunu deyən psixoloq məsləhət gördü ki, bu dövrdə uşaqlarla ehtiyatlı davranmaq, ünsiyyətdə olduğu insanlara fikir vermək, onların təlim-tərbiyəsinə xüsusi diqqət etmək lazımdır: “Çünki bu zaman çərçivəsinə onların şəxsiyyəti formalaşır”.

H.Xəlilov bildirdi ki, ibtidai siniflərdə də müəllimlərin ancaq qadın olması arzuolunan deyil: “Uşaq plastilin kimi bir şeydir. İbtidai sinif müəllimi onu qəlibə salıb öz keyfiyyətlərini də oraya qatır. Oğlan uşaqları müəllimələrinin kaprizlərini götürüb sonra onu həyatda tətbiq edir, onlarda kişilərə məxsus maskulin deyil, qadınlara xas feminin keyfiyyətləri müşahidə olunur. Qız kimi əzilib-büzülmək, bir şey olan kimi ağlamaq və s. kimi hallar müşahidə olunur. Müşahidə etsəniz, görəcəksiniz ki, ətrafınızda qərarsız, özləri qərar verə bilməyən nə qədər oğlan uşaqları var. Şəhərə çıxıb baxın, nə qədər tökülüb-itən oğlan uşaqları var. Amma onu da deyim ki, bu, yalnız sosial sferada müşahidə olunur, oğlanların keyfiyyətlərinə təsir göstərir, bioloji cəhətdən heç bir təsiri yoxdur”.

Kişi və qadın müəllimləri müqayisə edən psixoloq dedi ki, kişi müəllimləri qışqırır, yaxud oğlan uşaqlarını otağa çağırıb başa salır və beləcə onlarda kişinin necə olduğu barədə təsəvvür yaranır: “Amma qadınlar isterik səslə qışqırırlar, bu da uşaqlarda əks-reaksiya doğurur. Hətta oğlan uşaqları bayıra çıxanda müəlliməni yamsılamağa başlayır”.

Müsahibimiz “Dədə Qorqud” dastanından misal gətirdi: “Bamsı Beyrək oğlu Turalın əlində qılınc tutmaq əvəzinə gül tutmasından narahatçılığını bildirir. Biz də bu gün oğlan uşaqlarında qadın xarakterinin müşahidə olunmasından narahat olmalıyıq”.

“Oğlanlarda mərhəmət hissləri yaranır”

Psixoloq Dəyanət Rzayev qadın müəllimlərlə daha çox ünsiyyətin oğlan uşaqlarının daha çox davranışlarına təsir etdiyini, oğlanların özlərini qadın kimi apardıqlarını dedi: “Daim qadın müəllimlərlə təmasda olduqlarından oğlan uşaqlarında kişilərə məxsus xüsusiyyətlər azalır. Məsələn, kişilər aqressiv olmasa, irəli gedə bilməzlər. Amma qadın müəllimlərinin sayəsində bu hisslər onlarda formalaşmır”.

D.Rzayev qadınların orta məktəblərdə daha çox olmasının müsbət tərəflərinin də mövcudluğundan danışdı: “Qadınlar daha mərhəmətli, mülayim olurlar. Kişilərdə bu, çatışmır, qəddarlıq daha çox olur. Qadınların daha çox dərs deməsi nəticəsində oğlanlarda da mərhəmət hissləri yaranır. Kişilərdə maskulin hisslərin daha çox olması nəticəsində onlar daha çox cinayət törədirlər. Qadınlarda isə bu hisslər cüzi olduğundan onlar nadir hallarda cinayət törədir, kiməsə fiziki təzyiq göstərirlər”.

Psixoloq kişi müəllimlərin daha yaxşı dərs dediyi fikrindədir: “Kişi müəllimlər daha effektiv dərs deyirlər. Kişi hansısa fikri qadından daha yaxşı çatdırır”.

D.Rzayev sovet dövründə məktəblərdə qadınlarla kişi müəllimlərin təxminən əllinin əlliyə olduğunu bildirdi. Dedi ki, inkişaf etmiş ölkələrdə də dərs deyən müəllimlər arasında gender disbalansı yoxdur: “Bizdə balansın pozulması ilk növbədə maaşla bağlıdır. Kişi müəllim bizneslə məşğul olanda aya 2-3 min manat qazana bilir. Amma məktəbdə məhdudiyyətlər var, müəllim işləməklə 500 manatdan artıq pul qazanmaq olmur. Cəmiyyətin orta məktəbdə müəllim işləyən kişiyə də münasibəti birmənalı deyil. Bütün bu səbəblərə görə kişilər orta məktəblərdə müəllim işləməyi özlərinə yaraşdırmırlar. Amma kəndlərdə iş tapmaqda seçim azlığı səbəbindən, biznes mühiti olmadığından bu balans qismən qalıb”.
Psixoloq hesab edir ki, problemi aradan qaldırmaq üçün kişilərdə bu sənətə maraq oyatmaq lazımdır: “Bunun üçün stimullaşdırıcı tədbirlər görülməlidir”.

“Qadınların əksəriyyəti meşşanlığa meylli olurlar”
Sosioloq Əhməd Qəşəmoğlu xüsusilə ibtidai siniflərdə dərs deyən müəllimlərin çoxunun qadın olmasından narahatlığını bildirdi: “Bu, yeni nəslin formalaşmasında yaxşı hal deyil. Bunu təcrübədə də görmək olar. Müəllim ibtidai sinif uşaqlarının idealıdır. Buna görə də uşaqlar müəllimlərinin hərəkətlərini təbliğ etməyə başlayırlar. Üstəlik, ibtidai sinif müəllimi hazırlayan müəssisələrdə pedaqoji hazırlıq güclü deyil. Qadın müəllimlər təhsilin vacib tələblərini o qədər də nəzərə almırlar. Qadınların əksəriyyəti dəbdəbəyə, meşşanlığa meylli olurlar. Bu şəkildə həm pedaqoji cəhətdən zəif müəllimin və dəbdəbəyə meylli birisinin formalaşmaqda olan uşağa dərs deməsi o qədər də arzuolunan deyil”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, qadınların dərs deməsi oğlan uşaqlarında kişilik komplekslərinin formalaşmasına mənfi təsir göstərir: “7-8 yaşlı uşaqlarda formalaşması vacib olan kişilərə xas cəsurluq, kişi funksiyalarını yerinə yetirəcək xüsusiyyətlər yaranmır. Çünki oğlan uşaqlarının xüsusiyyətlərinin formalaşmasında qadın xarakteri rol oynayır. Bu da yeni nəslin, orduda qulluq edən gənclərin hərəkətlərində, xarakterində özünü göstərir”.

kaspi.az