Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

orta-mekteblerin-idman-derslerinde-monitorinq-aparilacaq
Oxunma sayı: 1225

“Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında” qanun layihəsi hazırlanır.
 
“Qafqazinfo”nun məlumatına görə, Milli Məclisinin Gənclər və İdman komitəsinin üzvü deputat Naqif Həmzəyev APA-ya bildirib ki, komitənin bu gün keçirilən iclasında bu barədə müzakirə aparılıb.
 
Layihədə orta məktəblərdə fiziki sağlamlığın gücləndirilməsi ilə bağlı müddəalar əksini tapacaq. Müzakirələrdə N. Həmzəyev təklif edib ki, orta məktəblərdə idman dərslərinin keçirilməsi ilə bağlı monitorinq təşkil olunsun: “Etiraf edək ki, hazırda orta məktəblərin əksəriyyətində idman dərslərinin keçirilməsinə barmaqarası baxılır. Ölkə üzrə 3000-dən çox məktəb tikilib və əsaslı təmir olunub. Hər birində yüksək standartlara cavab verən idman zalları var. Amma yuxarı sinif şagirdlərini bu zallarda görə bilmirik. Nəticə etibarilə yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğini lazım olduğu qədər yerinə yetirə bilmirik. Gənclər və İdman, Təhsil nazirlikləri və digər müvafiq qurumlarla birgə komissiya yaradıb, orta məktəblərdə monitorinq aparmalıyıq. Vəziyyəti araşdıraq və qəbul edəcəyimiz qanunda buna müvafiq müddəalara yer verək”.
 
Təklif komitə sədri Fuad Muradov tərəfindən də dəstəklənib və müvafiq qurumlarla bu komissiyanın yaradılması üçün danışıqlar aparılmasına qərar verilib.