Orxan Hüseynzadə “Neftçi”dən gedənlərin adını açıqladı

orxan-huseynzade-neftciden-gedenlerin-adini-aciqladi
Oxunma sayı: 1940

Xəbər verdiyimiz kimi, Klublar Komitəsinə gələn ildən “Neftçi”nin prezidenti Orxan Hüseynzadə rəhbərlik edəcək. Seçkidən dərhal sonra o, tədbiri işıqlandırmaq üçün AFFA-nın inzibati binasına toplaşan jurnalistlərin suallarını cavablandırıb.

-    Klublar Komitəsinə seçilməyiniz nə dərəcədə gözlənilən idi?
-    Çox gözlənilməz oldu. Biz elə bilirdik ki, Kamran Quliyev öz işini davam etdirəcək. Ancaq səsvermədə qalib gəldim. Çalışacam gələn il Klublar Komitəsinin çəkisini, nüfuzunu artıraq. Klub futbolumuzun inkişafı üçün hər şey etməyə çalışacağıq.

-    “Nüfuzunu artırmaq” deyərkən nəyi nəzərdə tutursunuz?
-    Problemlər çoxdu. İstəyirik ki, həm infrastruktur, həm uşaq futbolundakı məsələlər müsbət həllini tapsın.

-    2017-ci ildəki bütün iclasları müşahidə etmişik. Mövqeyinə görə 3, bəzən 4-cü şəxsləri göndərməklə sanki klublar özləri bu Komitəyə etinasız yanaşıb.   
-    Çalışacağıq elə vaxt seçək ki, iclaslara klub prezidentləri, yaxud icraçı direktorları qatıla bilsinlər.

-    İldə neçə dəfə yığışmağı planlaşdırırsınız?
-    Plana görə, 4 dəfə toplaşmalıyıq. Ancaq hansısa məsələlər qalxsa, daha çox yığışa bilərik.

-    Çıxışınızda qeyd etdiniz ki, ilk iclası Antalyada təşkil etmək istəyirsiniz. Sizcə, bütün klub rəhbərləri həmin vaxt eyni məkanda olacaqlarmı?
-    Milli komandamızın fevralın 2-də yoxlama görüşü təsdiqini tapsa, elə həmin gün də matçdan 2-3 saat əvvəl toplantımızı edib, daha sonra qarşılaşmanı birgə izləyə bilərik.

-    Elə bir məsələ var ki, hələ də Klublar Komitəsində qabardılmayıb və bu məsələni qaldırmaq fikrindəsiniz?
-    Xeyr, bütün məsələlər qaldırılıb, əksəriyyəti müsbət həllini tapıb. Məsələn, iştirak ərizəsinə 23 futbolçunun adının daxil edilməsi, əvəzedici komandaların əsas heyətdən bir gün sonra oynaması kimi məsələlər öz həllini tapıb.

-    Teleyayım hüququ ilə bağlı klublara vəsaitin ödənməsi məsələsi nə yerdədi? Müzakirələr oldumu?
-    Gələn ilin ilk iclasında bu məsələyə toxuna bilərik. Əlbəttə, ehiyac duyulsa.

-    Legioner limitinin dəyişdirilməsi ilə bağlı təklif irəli sürməyi planlaşdırırsınızmı?
-    Əgər 5-6 Premyer Liqa klubu bu təşəbbüslə çıxış etsə, Klublar Komitəsində məsələ müzakirəyə çıxarıla bilər.

-    Bəs, özünüz necə düşünürsünüz, limitə yenidən baxılmalıdımı?
-    Xeyr, “Neftçi” hazırkı limitdən məmnundu.

-    Klub prezidenti olaraq “Neftçi”nin qış fasiləsinədək çıxışı sizi qane etdi?
-    Yeni baş məşqçi gəldikdən sonra komandamız həm oyun, həm də nəticə baxımından uğurlu çıxış edib. Bizdə fərdi ustalıq baxımından futbolçular yaxşı idi. Sadəcə, komanda oyunu yox idi ki, buna da nail olduq.

-    Danışılmış oyunlarla bağlı müzakirələr aparıldımı?
-    İclasda AFFA nümayəndəsi də iştirak edirdi. O da hansısa oyundan şübhələndiyimiz halda dərhal Assosiasiyaya məlumat verməyimizi xahiş etdi.

-    Hansı futbolçular komandadan gedəcək?
-    4 gənc futbolçu icarəyə veriləcək. Pavel Dreksa da göndəriləcək. Mateo Mujeklə Daniel Seqoviyanın məsələsinə isə kubokun cavab oyunundan sonra aydınlıq gələcək.