Orxan Pamuku ifşa edən kitab

orxan-pamuku-ifsa-eden-kitab
Oxunma sayı: 755



Noyabrın 17-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Erməni soyqırımı: mif və gerçəklik” kitabının təqdimat mərasimi oldu.

Ermənilərin Osmanlı dönəmində - 1915-23-cü illərdə soyqırıma məruz qalması ilə bağlı tarixi yalanı sənədlər əsasında alt-üst edən bu kitab ilk dəfə 1985-ci ildə ABŞ-da ingilis dilində işıq üzü görüb, sonra ünlü tərcüməçi-alim Zeydulla Ağayevin rəhbərliyi ilə rus dilinə çevrilib. Bu nəşr kitabın Azərbaycan dilində ilk nümunəsidir.

Mətbuat Mərkəzində kitabların təqqdimatı tez-tez keçirilir. “Adiloğlu” nəşriyyatında nəfis dizaynla işıq üzü görən bu kitabın təqdimatı isə digərlərinə bənzəmirdi. Çünki kitabın özü fərqli bir kitabdır və bu fərq sadəcə dizayn məsələsi ilə də bağlı deyil.

Kitabın elmi readktoru və məsləhətçisi Prezident Administarsiyası yanında İctimai-siyasi şöbənin müdiri Əli Həsənov, Azərbaycan dilinə çevrlməsinin təşəbbüskarı Millət vəkili Adil Əliyevdir. Təqdimatda onlarla millət vəkilli, tarixçi və filoloq alim, fərqli kateqoriyadan olan jurnalistlər iştirak edirdilər. Və tədbirin aparıcısı Adil Əliyevin təklifi ilə söz alan bu siyasi və elmi elita təmsilçilərinin istər kitabın ictimai-siyasi əhəmiyyəti, istərsə də tərcümənin keyfiyyəti barədə rəyi yekdil oldu – bu, təqdirəlayiq bir layihədir. Söylənilən rəylərin siyasi dəyəri, elmi siqləti mərasimə ənənəvi kitab təqdimatından daha çox, ümumilli kitab bayramı tənətənəsi verdi. Amma kitabın önəmi bu təntənə ilə də məhdudlaşmır.

Bu önəm hər şeydən öncə kitabın özündə – subyektivlik təəssüratı doğuracaq hər cür şərhlərdən yan keçərək birbaşa mötəbər sənədlərə söykənməsindədir. Bu, ənənəvi tarix kitabı yox, sənədlər toplusu – erməni mifologiyası və bu mfi astar üzünə çevirən faktlardan ibarət müntəxəbatdır. Erməni təbliğatçılarının dediyi kimi, doğrudanmı, 1915-23-cü illərdə Osmanlıda erməni soyqırımı baş verib? Kitabda xronoloji ardıcılıqla tərtib olunmuş çoxsaylı sənədlər bu suala birmənalı “yox” cavabı verir. Və təsdiq edir: Osmanlıda soyqırım baş verməsi ilə bağlı uydurmalar əsassız ərazi iddialarına xidmət edən erməni mifologiyasının növbəti nümunəsi, məlum olayları soyqırım adlandırmaq isə bu termini öz mənasından məhrum etməkdən başqa bir şey deyil - kitabdan doğan ən ümumi qənaət budur.

Bəs, onda nə baş verib? Bəli, Birinci Dünya müharibəsi zamanı Osmanlının Anadolu vilayətlərində yaşayan ermənilərin kütləvi ölümü baş verib. Amma...

- əvvəla, ölənlərin sayı erməni təbliğatçılarının dediyindən fərqli olaraq, 1,5 milyon yox, 600 min nəfər olub;
- ikincisi, bu rəqəm müharibə zamanı həlak olan türklərin sayından (2,2 milyon!) bir neçə dəfə azdır;
- üçüncüsü, istər ermənilər, istərsə də türklər aclıqdan, xəstəlikdən, arxa cəbhəyə köçürülmə zamanı baş verən tayfalararsı toqquşmalardan həlak olmuşdu. Hər iki millətin təmsilçilərinin ölümünə bir səbəb var idi - müharibə;
- dördüncüsü, Osmanlı hökuməti onun ərazisinə müdaxilə edən rus qoşunlarına qoşulan və “beçinci kolon” yaradaraq öz dövlətinə xəyanət edən erməni vətəndaşlarının başını tumarlamalı deyildi. İkinci Dünya müharibəsi zamanı anoloji faktla üzləşən Amerika hökuməti də yaponların başını tumarlamamışdı. Və təkcə Van şəhərinin türk-müsəlman əhalisini son nəfərinə qədər vəhşicəsinə qırmaları erməniləri qiyamətə qədər ittiham etmək üçün yetərlidir;
- beşincisi, SSRİ və yaxud Rusiya Federasiyası rus imperiyasının hərəkətlərinə məsul olmadığı kimi, Türkiyə Cümhuriyyəti də Osmanlı imperiyası zamanı baş verən olaylara görə tarixi məsuliyyət daşımır və buna görə nə ermənilərdən üzr istəməyə, nə də onlara təzminat ödəməyə borclu deyil;
- nəhayət, altıncısı, Osmanlı hökuməti tərəfindən erməniləri məqsədyönlü surətdə məhv etməyə yönəldilən heç rəsmi əmr və göstərişdən – yəni soyqırım siyasətindən söhbət gedə bilməz. Ermənilərin özlərini İkinci Dünya müharibəsi zamanı Hitler tərəfindən soyqırıma məruz qalan yəhidilərə bənzətmək cəhdləri isə ağ yalandan başqa bir şey deyil.

Kitab bizə bu tarixi həqiqətlərdən danışır. Amma kitabın önəmi onun tarixi dəyəri ilə də qurtarmır.

“Erməni soyqırımı: mif və gerçəklik” sadəcə tarix və özü də Osmanlı tarixi yox, bu gün və Azərbaycanla bağlı kitabdır - həm dolayısı ilə, həm də birbaşa. Təkcə ona görə yox ki, ermənilərin son 25 ildə Azərbaycanda törətdiyi vəhşi terror faktlarının xronologiyası layihənin ideya müəllifi Adil Əliyevin təşəbbüsü ilə kitaba əlavə olunub.
Həm də ona görə ki, Türkiyə və Azərbaycan eyni tarixi taleyi yaşayan və bu gün də eyni düşmənlə üz-üzə duran ölkələrdir. Qarabağ hadisələri 1915-23-cü illərdəki Osmanlı olaylarının bilavasitə davamıdır - əsassız ərazi iddialarını Türkiyədə həyata keçirə bilməyən ermənilər bu arzularını tarixi Azərbaycan torpaqları hesabına gerçəkləşdirmək istəyirlər. 1975-ci ildən 1985-ci ilə kimi onlarla türk diplomatı və onların ailə üzvlərini qətlə yetirən ASALA erməni terror təşkilatı bu yaxınlarda eyni qətlləri Azərbaycan diplomatlarına qarşı da törədəcəkləri ilə bağlı təhdid dolu bəyanatlar yayıblar. Tarix davam edir...

Biz ermənilərlə təkcə hərb meydanı yox, həm də ideoloji cəbhədə üz-üzə gəlir, informasiya müharibəsi aparırıq. Az qala bütün dünyanı öz yalanlarına inandıran ermənilərə bu ideoloji müharibədə qalib gəlməyin birinci mərhələsi maariflənməkdir. “Erməni soyqırımı: mif və gerçəklik” maarifləndirici kitabdır.

Amma maariflənmə hələ yalnız ilk addımdır. Bir neçə il öncə məşhur türk yazıçısı Orxan Pamuk “Ermənilər bizi bağışlayın” adlı bir yazı yazdı və Osmanlıda erməni soyqırımı baş verməsini təsdiq etdi. Bəlkə, Pamukun pamuk kimi yuxa ürəyi erməni “soyqırımından” doğrudan da mütəəssir olmuşdu? Yoxsa, zəngin babasının bahalı malikasinə qapanıb illərlə evdən eşiyə çıxmayan, gününü kitab oxumaqla keçirən Orxan bəy öz ölkəsinin tarixini bilmirdi? Kifayət qədər istedadlı və intellektual bir yazıçını belə ştreykbrexerliyə vadar edən səbəb bir il sonra – o, Nobel ödülünə layiq görüləndə üzə çıxdı. Mirzə Cəlilin diliylə desək, o, oxuyub alim olmuşdu, amma adam olmamaışdı. Onun tərbiyəsi yox idi – vətəndaşlıq tərbiyəsi! “Erməni soyqirimı: mif və gerçəklik” tərbiyəedici kitabdır.

Milli orxanlarımızın meydana çıxmaması üçün belə kitabların nəşri və ali məktəblərdə tədrisinə, vətənini sevən hər kəsin, xüsusən də gənclərin bu kitabı oxumasına böyük ehtiyac var. Bu, kitab yox, istər xaricdəki düşmənlərə, istərsə də daxildəki potensial ştreykbrexerlərə qarşı güclü silahdır.

İnformasiya qarşıdurmasının maksimum gərginlik həddinə çatdığı indiki dönəmdə belə bir kitabı araya-ərsəyə gətirmək milli qeyrət işidir. Bundan dolayı Əli Həsənov və Adil Əliyevə, kitaba rəy vermiş alim-deputat heyətinə oxucular adından minnətdarlığımı bildirir, bir tərcüməçi kimi bu yaradıcı kollektivə qoşulmağımdan məmnunluq duyuram.

Əsəd Cahangir
Xüsusi olaraq “Qafqazinfo” üçün