Ötən həftənin “Qarabağ”ı –Dəyərləndirmə

oten-heftenin-qarabagi-deyerlendirme
Oxunma sayı: 656

Təşkilatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, bunda məqsəd Qarabağın taleyinə dair hadisələrin ictimailəşdirilməsi, diqqət mərkəzində saxlanılması, əyrini əyri, düzü düz göstərməklə cəmiyyətdə aydın təsəvvürün yaranmasına nail olmaqdır. Sənəd QAT İdarə heyətinin iclasında hazırlanıb.

QAT İdarə Heyətindən ötən Həftəyə dair DƏYƏRLƏNDİRMƏ

Ötən həftənin Qarabağa dair diqqəti çəkən hadisələrini təqdim edirik:

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi (rus dilindən mexaniki olaraq tərcümə edilmiş “qeyri-daimi üzv” ifadəsi uğurlu deyil) dünyada tanınmaq, əlavə təsir vasitələri əldə etmək və nüfuz baxımından ciddi nəticədir. Amma bu hadisədən eyforiyaya uymaq, daha çox təbliğat üçün istifadə etmək yolverilməzdir. Bu seçkinin Azərbaycanın müharibə variantından çəkindirməsi üçün istifadə olunmasına yol verilməməlidir. Ləngimədən konkret işlər, birinci növbədə Qarabağdakı erməni işğalına qarşı mübarizədə istifadə olunmalıdır. TŞ-nin 10 üzvü içərisində açıq ermənipərəst dövlətlərin olmaması, əksinə, Pakistan, Almaniya, Mərakeş kimi obyektiv ölkələrin olmasından yararlana bilərik.

Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçirilməsi, hər iki ölkənin rəhbərləri tərəfindən səmimi fikirlərin səsləndirilməsi, qaz məsələsində Azərbaycanın Türkiyəyə ciddi güzəştlərə getməsi, zəlzələ zamanı Azərbaycanın tez və effektiv yardım göstərməsi həftənin ən xoş hadisəsi kimi dəyərləndirilə bilər. Qarabağ məsələsinin həlli daha çox Azərbaycan və Türkiyə arasındakı səmimi münasibətdən asılıdır. Əgər bu səmimi münasibət davamlı olarsa, digər amillərin təsirini neytrallaşdırmaq mümkün olacaq.
Ermənistanın Təhlükəsizlik və Xüsusi Xidmət orqanlarının nümayəndələri Bakıda keçirilən tədbirə qatılmaqla öz planlarını bizə qəbul etdirməyə növbəti dəfə cəhd göstərdilər. Bu məsələdə Azərbaycan hakimiyyəti yanlışlığa yol verdi. Bu tədbirdə ermənilərin iştirakının mətbuat tərəfindən qabardılmaması, onlardan müsahibələrin götürülməməsi, fikirlərinin verilməməsi müsbət cəhət kimi qeyd oluna bilər. Əvvəlki dəfələrdə jurnalistlər dəstə ilə ermənilərin qabağına qaçır, fikirlərini soruşurdular, onlar da elə bilirdilər ki, “adamdılar”.
ATƏT Minsk qrupu həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı növbəti bəyanatla çıxış edərək fəaliyyətlərinin mənasızlığını nümayiş etdiriblər.

İctimai Palatanın 3 bəyanatı oldu, Avrointeqrasiya, siyasi məhbuslar və digər məsələləri əhatə etdi, amma Qarabağ məsələsinə toxunmadılar. Biz hesab edirik ki, istənilən məsələ ilə bağlı açıqlamalarda Qarabağ məsələsinə ən azından toxunulmalıdır. Hamı bilməli və görməlidir ki, bizim üçün Qarabağdan vacib məsələ yoxdur.

Ermənistan xarici ölkələrdəki səfirliklərində Dağlıq Qarabağla bağlı ayrıca şöbələr yaratmağa başlayıb. Bu şöbələrin qarşısına Dağlıq Qarabağdakı qondarma rejimi tanıtdırmaq vəzifəsi qoyulub. Vasitəçilər bizim başımızı danışıqlarla qarışdırır, ermənilər isə öz işindədirlər.
Müdafiə nazirliyinin hərbi hissələrində 1 əsgər silahdan atəş açaraq digər əsgəri yaralayıb, 2 əsgər bədbəxt hadisə nəticəsində, 2 əsgər xəstəlikdən dünyasını dəyişib. Bu, ordudakı fəalkətli vəziyyətdən xəbər verir. Gənclərimizin heç nədən həlak olmalarının məsuliyyəti Müdafiə nazirliyinin rəhbərliyinin üzərinə düşür. Bu faktlar Müdafiə nazirinin, baş qərargah rəisinin və digər rəhbər işçilərin istefasını və cinayət məsuliyyətinə cəlb olunmalarını zəruri edir.
Avropa Birliyinin Cənubi Qafqaz üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Filip Lefort açıqlama verdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmsında əsas əngəl tərəflərin arasında etimadın olmamasıdır və hər iki ölkə münaqişənin qurbanıdır. Bu, beynəlxalq təşkilatların yanlış mövqeyini bir daha nümayiş etdirir. Onlar başa düşmək istəmirlər ki, münaqişənin nizama salınmamasına əsas səbəb erməni işğalı və ermənilərin işğal olunmuş ərazilərdən çıxmaq istəməməsidir. Digər tərəfdən, “qurban” məsələsi anlaşılmadı, bizim torpağımız işğal altındadır, biz qurbanıq, bəs erməniləri niyə qurban hesab edirlər? Az keçməz ki, əsas qurban kimi elə erməniləri təqdim etməyə başlayarlar.

Sülhəddin Əkbər başda olmaqla Avro-Atlantik Şurası deyilən bir qurum yaratdılar, xeyli tanınmış adam da oraya daxil oldu. Dedikləri də odur ki, Azərbaycanın xoşbəxtliyini Avropaya, NATO-ya, Qərbə inteqrasiyada görürlər. İstər-istəməz ötən əsrin əvvəllərində “Azərbaycanın xoşbəxtliyini Rusiyaya bağlılıqda” görən adamlar yada düşür. Forma dəyişir, məzumun eynidir, Azərbaycanın xoşbəxtliyini kənarda, hansısa xarici dostların kölgəsində axtarırlar. Hesab edirik ki, xoşbəxtliyimizi öz daxilimizdə, özümüzdə axtarmalıyıq. Bu gün Qərbə inteqrsiyadan danışanlar, sabah Rusiya güclənərsə üzlərini ona tərəf çevirəcəklər. Azərbaycanın milli maraqlarına yad olan bu cür adamlardan qurtarmaq lazımdır.

AZAL Moskvanın “Domodedovo” aeroportundan erməni əsilli Rusiya vətəndaşının Bakıya uçmasına imkan vermədi. Digər dövlət qurumları, məmurlar, partiyalar, QHT-lər və s. bundan nümunə götürməlidirlər. Hamı bilməlidir ki, ermənilər Bakıya Azərbaycanın hansısa iddiasına görə deyil, işğalçı ölkənin və xalqın nümayəndəsi olduqlarına görə gələ bilmirlər.