Ötən həftəyə QAT baxışı

oten-hefteye-qat-baxisi
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, təşkilat Türkiyə və Ermənistan sahibkarları arasında əməkdaşlığa dair memorandumun imzalanmasına və Türkiyənin BEKO şirkətinin Xankəndində nümayəndəlik açmasını pisləyib. Bu əməkdaşlığın iqtisadi mahiyyətdən çox siyasi maraqlardan irəli gəldiyini vurğulanıb. QAT bu yolla Ermənistanın Azərbaycanı
təkləməyə çalışdığını bildirib. Təşkilat bu məsələdə Türkiyə hökumətini həssas davranmağa və yaxasını kənara çəkməməyə çağırıb: “Məsələn, ABŞ hökuməti işi elə qurub ki, bu ölkənin hər hansı şirkətinin İranla işbirliyindən söhbət də gedə bilməz. Həm ABŞ vətənpərvərliyi var, həm də hökumətin sanksiyalarından ehtiyat edirlər. Türkiyə də bundan nümunə götürə bilər”.
Təşkilat Milli Məclisin iclasında deputat Etibar Hüseynovla Qarabağdan olan deputatlar arasında köçkünlərin işıq puluna görə yaranan mübahisəsinə də münasibətini açıqlayıb: “Qarabağlı deputatların Qarabağ məsələsində də belə fəal və aqressiv olmasına ehtiyac var. Qohumlarının maraqlarına, ciblərinə toxunanda əjdahaya dönürlər, bəs torpağın davasını nə vaxt aparacaqlar?”

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin İrəvana səfəri ilə bağlı sərt mövqe ortaya qoyan QAT bu məsələyə yenidən qayıdıb. Təşkilat bəyan edir ki, məsələnin bütün mənəvi, siyasi və digər tərəflərini, bu tərəflərin hər birində Azərbaycanın uduzduğunu kənara qoysaq belə bir məsələnin üzərindən keçmək olmaz. QAT bildirir ki, bu səfəri reallaşdırmaqla şeyx öz iradəsi ilə deyil, rus patriarxının göstərişi ilə hərəkət etdiyini nümayiş etdirmiş oldu: “Allahşükür Paşazadəni “snayperlər geri çəkilməlidir”, Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli yoxdur” sözlərini dedirtmək üçün ora aparmışdılar. Üstəlik tərbiyəsiz Serj Sərkisyan Şeyx danışarkən zalı tərk etməklə onu təhqir etmək imkanını əldən vermədi. Məhz bunlara görə biz Şeyxin düşmən ocağına getməyini istəmirdik”.

QAT xarici işlər nazirinin müavini, Prezidentin Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimovun Minsk qrupuna 3 həmsədr ölkənin vasitəçiliyinə, onların Ermənistana təsir etmək imkanlarına olan ümidlərin özünü doğrultmaması ilə bağlı fikirlərinə də aydınlıq gətirərək bunu Qarabağ danışıqlarının fəlsəfəsinə yeni baxış kimi dəyərləndirib.

Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ nümayəndələrinin birgə 22 sənədli film çəkmələri ilə bağlı xəbərlərə münasibət açıqlayan təşkilat prosesdə Əvəz Həsənov, Ayaz Salayev, Toğrul Cuvarlı, Vüqar Səfərli, Elcan Məmmədov iştirak etdiklərini xatırladıb. Əvəz Həsənovdan başqa heç birinin mətbuat qarşısına çıxmamasını isə həmin şəxslərin pula görə bu işə getdiklərinin sübutu hesab edib: “Pulu verən də İngiltərənin “Barış təşəbbüsləri” təşkilatıdır. İngilis pulun boş yerə xərcləməz. Ümid edirik ki, bu “xadimlər” də nə vaxtsa bunu başa düşəcəklər”.
İsa Qəmbərin Qarabağ münaqişəsi ilə bağlı öz müqəddəratını təyinetmə hüququna qarşı çıxmasını alqışlayan təşkilat bu mövqenin davamlı olmasını arzulayıb: “Müxalifətin İctimai palatadakı hissəsi ilk dəfədir ki, hakimiyyətdən fərqli və Qərbin dediklərinə zidd olan mövqe sərgiləyir. Onların müharibə tələbi ilə çıxış edəcəyini də gözləyirik”.

Hərbi ekspert Üzeyir Cəfərovun “Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasını 10-15 ildən tez qaldıra bilmərik, qaldırsaq, ermənilər bütün dünyanı bir-birinə qatacaqlar” fikrini çox bəsit və qorxaq mövqe hesab edib: “Nə üçün susmalıyıq, ermənilərin insafa gələcəyi günümü gözləməliyik?”.

QAT AXCP-nin sədr müavini Nurəddin Məmmədlinin son bəyanatına da münasibət bildirib. Təşkilat “Xalq cəbhəsi müharibədə çoxlu şəhid verib, ona görə də müharibə yenidən başlayarsa, iştirak etməyə məcburuq” deyən sədr müavininin bu fikirlərini primitiv düşüncə tərzinin əyani nümunəsi hesab edib.

Sonda ermənilərin Ağdamın Şelli kəndi yaxınlığında qəsəbə salmasına və 250 erməni ailəsinin burada məskunlaşmasına münasibət bildirən QAT bura ilk köçənlərdən birinin də güləş üzrə çempion Artur Sərkisyanın ailəsi olduğunu qeyd edib: “Bu çempion bildirib ki, rahat evimi, şəraitimi qoyub gəlmişəm ki, “azad etdiyimiz torpaqlara” sahib olaq.

Bu, erməni idmançısının dedikləridir, bizim idmançılar da deyirlər ki, bu idmandı, qoyun gəlsinlər. Tamaşaçılar da deyirlər ki, niyə qoymursunuz gedib yarışlara baxaq?”.