Ötən il 2365 füzulili məcburi köçkünə mənzil verilib - Foto

oten-il-2365-fuzulili-mecburi-kockune-menzil-verilib
Oxunma sayı: 1418

İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsindən bir il ötür. Son bir ildə Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Füzuli rayon sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Füzuli Rayon İcra Hakimiyyəti məlumat yayıb. Məlumatda deyilir ki, imzalanmış hər bir sərəncam və fərman minlərlə füzulili məcburi köçkün ailəsinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb. Belə ki, son bir il ərzində Bakı şəhərində, o cümlədən respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan 422 ailə olmaqla 2365 füzulili məcburi köçkün mənzillərlə təmin edilib, işğal dövrü yandırılmış və dağıdılmış onlarla mənzil əsaslı bərpa olunub. Bir il ərzində rayonun 100 min nəfərdən artıq əhalisinə yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən 50066605 min manat vahid aylıq müavinət ödənilmiş, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş füzulili məcburi köçkün uşaqlarının 3064000 manat təhsil haqqı dövlət tərəfindən qarşılanıb, 34897 min məcburi köçkünün pulsuz tibbi müayinəsi təşkil edilib, ASAN XİDMƏT qatarları tərəfindən 2203 nəfər məcburi köçkünə müxtəlif istiqamətlər üzrə xidmətlər göstərilib. Ötən bir il ərzində Füzuli rayonundan olan 10638 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 3067900,49 manat subsidiya ödənilib, rayonun aztəminatlı ailələrindən olan 134 ailə özünüməşğulluq proqramına cəlb olunub, “DOST İŞ Mərkəzi” MMC və Məşğulluq Mərkəzi vasitəsilə 430 nəfər haqqı ödənilən ictimai işlərə, 2000 min nəfərdən artıq rayon sakini isə mövsümü işlər olan pambıq, taxıl, şəkər çuğunduru becərilməsinə və ipəkqurdu saxlanılmasına cəlb olunaraq məşğulluqları təmin olunub.

Son bir ildə ərazidə yaşayan füzulili məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdən yığılıb qalan 954024 manat borcu silinib. Dövlət başçısının şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı Fərmanı son bir ildə Füzuli rayonundan olan 370 şəhidin 430 vərəsəsinə şamil olunub, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə 1000-ə yaxın füzulili məcburi köçkünün kreditlə bağlı narahatlığına son qoyulub.

İlham Əliyevin təkcə fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman minlərlə füzulili məcburi köçkünün sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin, pensiyaçıların, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.