“Ötən il proqram iştirakçılarına 29 min mal-qara verilib”

oten-il-proqram-istirakcilarina-29-min-mal-qara-verilib
Oxunma sayı: 668

Əmək və Əhalinin Müdafiəsi Nazirliyi həyata keçirdiyi sosial proqramlarla bağlı mətbuatda yayımlanan şikayətlərlə bağlı açıqlama yayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təmin olunması üçün şirkətlərin müəyyən olunması “Dövlət satınalmaları haqqında” Qanuna uyğun şəkildə həyata keçirilib.

Proqramın icrası üzrə 2018-ci il üçün ayrılan vəsaitdən qanunvericiliyə uyğun olaraq büdcəyə 3,2 milyon manat məbləğində vergilər ödənilib:

“Özünüməşğulluq proqramına ayırılan vəsaitin dövlətdən gizlədildiyi və mənimsənildiyi kimi əsassız fikirlər də növbəti iftiralardır. Təkcə 2018-ci ildə proqrama cəlb olunanların sayı 6 dəfə artıb, 7267 nəfər təlimləri uğurla başa vurub. Onlardan 6018 şəxs aktivlərlə təmin edilib, vəsaitin xərclənməsində şəffaflıq təmin edilərək xidmət və istehsalat sahəsində 20%, kənd təsərrüfatı sahəsində isə 14% olmaqla, ümumilikdə 6,1 milyon manat qənaət əldə edilib. Ötən il proqram iştirakçılarına 29 min baş mal-qara verilib və təqdim edilmiş aktivlərin keyfiyyəti ilə bağlı monitorinqlər keçirlərkən, habelə vətəndaşların müraciətləri araşdırılarkən onlardan yalnız 119 heyvanın (0,4 faiz) qüsurlu olduğu müəyyən edilib və dərhal dəyişdirilib.

Son olaraq, Ucarın Qaradağlı kəndinin sakini Oruc Orucovla bağlı KİV-də yer alan şikayət araşdırılıb və məlum olub ki, həmin şəxs 5 ay öncə proqram əsasında 21 baş xırda buynuzlu heyvanla təmin olunub, razılığını aktı imzalamaqla təsdiq edib. Bu günlərdə O.Orucovun təsərrüfatının növbəti monitorinqi aparılıb və ona verilmiş 21 baş qoyunun sayının 5 ay ərzində 30-a çatdığı müəyyən edilib. Belə olan təqdirdə, O.Orucovun və onun kimi minlərlə vətəndaşın ailəsinin rifahına dəstək olan mühüm bir sosial proqram barədə əsassız yazı ilə ölkəmizin hər uğurunu aşağılamaq cəhdi qəbul edilməzdir”.