Övladlığa götürülən bacısını bu yolla tapdı - “Unudulmaz duyğular idi!”

ovladliga-goturulen-bacisini-bu-yolla-tapdi
Oxunma sayı: 2929

İslandiyanın Dalvik şəhər sakini Una Olşevska Rusiyanın Nijni Novqorod şəhərində yaşayan bacısını tapıb. “Qafqazinfo” “Life”a istinadən xəbər verir ki, bacısının varlığından bir neçə il əvvəl xəbər tutan qadın onunla “VKontakte” sosial şəbəkəsi vasitəsi ilə əlaqə yarada bilib.  

“Mən 70-ci illərdə övladlığa götürülən və Latviyadan Nijni Novqoroda aparılan bacımı axtarıram”, - paylaşımına doğmasının uşaqlıq fotosunu əlavə edən Olşevksa yazıb.

Una qeyd edib ki, onun anası alkoqol düşkünü olduğundan valideynlik hüququndan məhrum edilmişdi. Ailə Riqada yaşayırdı, qadının 5 uşağı var idi. Qızları ayrı-ayrı ailələr övladlığa götürmüşdü. O, bacısını heç vaxt görməmişdi.

Una Olşevskanın "VKontakte" sosial şəbəkəsindəki paylaşımı

Olşevskanın “Life”a danışdığına görə, onun özünü 2 yaşında ikən Lativadan olan bir cütlük övladlığa götürüb. O, 25 yaşınadək Latviyada, daha sonra 15 il İngiltərədə yaşayıb.

“Artıq bir ildir İslandiyada yaşayıram. Mən Nijni Novqorodda üç il əvvəl olmuşdum, amma fiziki şəxslərin məlumatlarının qorunması səbəbindən bacımı tapa bilməmişdim”, - deyə Una izah edib.

Qadın qeyd edib ki, bacılarını tapmaq və hamılıqla bir yerə yığışmaq onun böyük arzusu olub. Bir müddət sonra Una öyrənib ki, böyük bacısı artıq dünyasını dəyişib, daha bir bacısı Hollandiyada, üçüncüsü Latviyada, dördüncüsü isə Rusiyada yaşayıb.

“Mən onu tapmaqda artıq ümidsiz idim və son olaraq bacımın axtarışı ilə bağlı post yerləşdirdim. Çox tezliklə, bir aydan sonra o özü mənə yazdı! Biz görüşdük. Unudulmaz duyğular idi!”, - Olşevska qeyd edib.

Məlum olub ki, əvvəllər onun bacısı həqiqətən də Nijni Novqorodda yaşayıb, amma sonra başqa ölkəyə köçüb.