Oyunlar penaltilərlə yadda qaldı

oyunlar-penaltilerle-yadda-qaldi
Oxunma sayı: 651

Azerisport.az xəbər verir ki, 3 gün ərzində keçirilən 10-cu turun görüşlərindən son ikisi də bazar gününə təsadüf etdi.

Hansı ki, hər iki görüşü kifayət qədər prinsipial saymaq olardı. Ən azı turnir cədvəli baxımından.

Tovuzda autsayderlər qarşılaşırdılar. “Turan” 7 xalla turnir cədvəlinin on birinci, ondan 4 xal geri olan “Sumqayıt Şəhər” isə son pillədə qərarlaşmışdı. Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən oyuna hər iki komanda itkilərlə çıxmışdı. “Turan”ın heyətində gürcü hücumçu Georgi Beriaşvili, “Sumqayıt Şəhər”in heyətinsə isə qapıçı Andrey Popoviç qırmızı vərəqə cəzalısı olduğundan meydana çıxa bilməmişdi.

Qarşılaşmaya gəlincə, gözlənildiyi kimi, Əsgər Abdullayevin komandası ilk dəqiqələrdən üstünlüyə yiyələnib əsl ev sahibinin kim olduğunu isbatladı. Çox keçmədən tovuzlular hesabı da açdılar. Düzdü, qol penaltidən vurulsa da, hər halda “Turan” üçün vacib əhəmiyyətə malik idi. Əvvəla bu komanda birdən-birə iki pillə irəliləyərək AZAL-la “Simurq”u özündən aşağı göndərdi. Bundan əlavə oyundakı yeganə qolun müəllifi olan Sergey Artyux bunun sayəsində bombardirlər yarışında vahid liderliyi ələ almış oldu. “Sumqayıt Şəhər” isə bu gedişlə mövsümün əbədi sonuncusu olmağa çox yaxındı.

Son iki turda iddialı rəqiblərinə qalib gələrək turnir cədvəlinin ikinci pilləsinə yüksələn “İnter” “Qəbələ”ni qəbul edirdi. Xatırladaq ki, bu iki komanda arasında keçirilən son altı oyunda “Qəbələ” “bankirlər”i məğlub edə bilmirdi. Turnir cədvəlinin lideri “Xəzər Lənkəran”ı addım-addım izləyən “İnter” “Qəbələ”ni də məğlub edərək çempionluq yarışında daha bir iddialı rəqibini uğursuzluğa düçar etmək şansına malik idi.

Lakin onlar bu şansdan yararlana bilmədilər. Düzdü, hesabı məhz “bankirlər” açdılar. Yeri gəlmişkən, Tovuz klubu kimi, “İnter” də məhz penalti sayəsində qonaqların qapısına yola tapdı. Amma tovuzlulardan fərqli, bakılılar bu üstünlüyü sona kimi qoruya bilmədilər. Əksinə hesabı bərabərləşdirən qonaqlar hətta qələbə də qazana bilərdilər. Sadəcə, komandasının bərabərlik qoluna imza atan Deon Bartonun matçın qəhrəmanı olmasına qapı tiri mane oldu.

Premyer Liqa
10-cu tur
23 oktyabr

Turan - Sumqayıt Şəhər - 1:0 (1:0)
Qol: Sergey Artyux, 30-pen.
Vərəqələr: Zura Dzamsaşvili, 63 (əllə oyun), Akif Tağıyev, 65 (rəqibə qarşı kobud oyun), Məhərrəm Müslümzadə, 71 (rəqibə qarşı kobud oyun), Hafiz Əliyev, 77 (rəqibə qarşı kobud oyun) - Ruslan Qurbanov, 45+1 (hakimin qərarına etiraz), Ruslan Tağızadə, 75 (rəqibə qarşı kobud oyun) – sarı.
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, Habil Əliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Qurban Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
23 oktyabr 2011. Tovuz şəhər stadionu. 3000 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev, 5. Ayxan Abbasov, 7. Ramal Hüseynov (k), 10. Nadir Nəbiyev (8. Akif Tağıyev, 58), 14. Aleksandr Qoqoberişvili, 18. Hafiz Əliyev, 20. Azər Məmmədov (15. Namiq Əliyev, 52), 22. Məhərrəm Müslümzadə, 24. Sergey Artyux (9. Yasin Abbasov, 62), 27. Zura Dzamsaşvili.
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 16. Orxan İsmayılov, 19. Ruslan Abbasov, 25. Camal Məmmədov.
Baş məşqçi: Əsgər Abdullayev.
Sumqayıt Şəhər: 12. Sahil Kərimov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 20. Timur İsrafilov, 8. Emin Mustafayev (27. Ramil Həşimzadə, 67), 21. Murad Səttarlı (7. Mahmud Qurbanov, 67), 90. Eldar Məmmədov (11. Kamil Nurəhmədov, 46), 16. Hacı Əhmədov, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 77. Samir Yusifov, 1. Emil Balayev, 47. Abdulla Abatsiyev, 17. Aqil Məmmədov.
Baş məşqçi: Bernhard Raab.

İnter - Qəbələ - 1:1 (1:0)
Qollar: Danildo Assioli, 20-pen (1:0) - Deon Barton, 58-pen (1:1)
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Ramiz Əsədov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Vərəqələr: Vladimir Levin, 10 (rəqibə qarşı kobud oyun) – Pavel Dorosev, 21 (qeyri-idman hərkəti), Deon Barton, 49 (hakimin qərarına etiraz) – sarı.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
23 oktyabr 2011. Bakı. "Şəfa" stadionu. 1000 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev (16. Elnur Abdulov, 65), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (2. Xəyal Mustafayev, 90+3), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze (9. Enyo Krastovçev, 75), 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 10. Asif Mirili, 20. Girt Karlson, 22. Peter Çrappan.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 9. Viktor Mendi, 10. Deon Barton, 11. Serge Djiehoua (18. Aleksandr Çertoqanov, 46), 14. Veselko Trivunoviç, 20. Stiv Olfers, 33. Saşa Yunisoğlu, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 7. Yaşar Abuzərov, 15. Nodar Məmmədov, 16. Abdulkader Kamara, 17. Arif İsayev, 26. Daniel Lopes Kruz.
Baş məşqçi: Toni Adams.

Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi: Bakı - Xəzər Lənkəran – 2:2, Simurq – Qarabağ – 0:1, AZAL - Rəvan – 1:1, Kəpəz – Neftçi – 1:1.