Öz aramızda təhlükə

oz-aramizda-tehluke
Oxunma sayı: 1628

Azər Qismət 

Aprelin əvvəlində Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təxribatlara görə ölkəmizə bir sıra dövlətlərdən çoxsaylı dəstək gəldi. Türkiyə, Pakistan, Belarus və digər ölkələr Azərbaycanın yanında olacaqlarına dair bəyanatlar verdilər. Türkiyənin keçmiş qərargah rəhbəri İlkər Başbuğ isə dedi ki, Azərbaycanla Türkiyənin bir dövlət olması ən böyük xəyalıdır. Başbuğ türk dünyasında nüfuzlu şəxslərdən biri sayılır və ona görə onun xəyalına reaksiyalar çox oldu. 

İnsan öz xəyalını dilə gətirə bilər, burda qəbahət heç nə yoxdur. Mənin xəyalım odur ki, torpaqlarımız Xətanin dövründəki sərhədlərə qədər gedib çıxsın, digərinin xəyalı odur ki, Azərbaycan dünyaya öz istəyini diqtə etsin, ölkəmizin elm xadimlərinin kəşfləri dillərdə dolaşsın, ən yaxşı əsgərlər bizdən çıxsın, Azərbaycan brendləri dünyanı dolaşsın. Əlbəttə, bunlar xəyallardır və hamımızın ürəyindən keçir.

Məni yandıran başqa məsələ oldu. Başbuğun xəyalı, yəni Azərbaycanla Türkiyənin birləşməsini arzulayanlar arasında elm və incəsənət xadimlərimizi görəndə içimdən ağrı keçdi. Yox, Türkiyə bizə əziz ölkədir, beynəlxalq arenalarda bizə dəstək olur, fikirlərimizi trubunalardan səsləndirirlər. Burada söhbət Türkiyədən getmir. Sadəcə, ona yandım ki, sanki içimizdə kiməsə birləşmək, kiminsə əsarətində olmaq hissləri var. Sanki, özümüzü yalnız belə qorumağı düşünürük. Özü də illərdir ki, düşüncələrimizə kiminsə bizi qoruyacağı fikri hakim kəsilib. Hələ də düşünənlər var ki, “faşistlər bizi işğal etsəydi indi bəy balası kimi yaşayardıq”. “O vaxt Stalin bizi rusa qoşsaydı, indi yağ içində böyrək kimi bəslənərdik”.

Təsəvvür edin, aprelin əvvəlində baş verən hadisələr zamanı bəzilərinin dilindən eşitdiyim sözlərdən anladım ki, hələ də əsarət və müstəmləkə buxovlarını tam qıra bilməmişik. Pakistanın 100 minlik qoşunla Azərbaycana hərbi dəstək verməyə hazır olması barədəki bəyanatından sonra bəzilərinin çiçəyi çırtladı. Çayxana və kafelərdə gedən söhbətləri eşidəydiniz: “Pakistan bura qoşununu gətirsə ermənilərin başını əzəcək”. Hələ bəzilərinin fikirləri lap ağlamalı idi: “Əfqanlar gəlsələr, ermənilər qorxudan qaçacaq”, “erməni türkün qorxusundan daha bizim torpaqları işğal etməz”. Yox, deməyin ki, onlar çayxana adamlarıdır. Onlar da bizdəndir. Deməli, uzaq-uzaq ellərdən gəlib bizi qorumalıdırlar, biz isə durub baxmalıyıq, kənardan ruh yüksəkliyi verməliyik.

Bütün bəlalarımızın kökündə əzəldən özümüzə əskik kimi baxmağımız durur. Deyirəm ki, “200-ə yaxın düşmən məhv etmişik”, deyirlər “boş şeydir”. Deyirəm “Azərbaycan elə bir hücum əməliyyatı qurub, Talış kəndindəki ermənilər bir də gözlərini açıblar ki, ordayıq”, deyirlər “ biz hara, döyüş əməliyyatı hara”. Deyirəm “Türkiyədə təhsil alan azərbaycanlı tələbələr təhsildə digər millətlərin nümayəndələrini ötüb keçiblər”, deyirlər “gopdur”. Deyirəm “Azərbaycan çox mürəkkəb coğrafi məkanda yerləşir, burada siyasət aparmaq hər oğulun işi deyil”, deyirlər “bizdən siyasət aparan olar?”.

O boyda Con Kerri özü də etiraf etdi ki, Azərbaycan mürəkkəb coğrafi məkanda yerləşir, bizimkilər əllərini yelləyir ki, “nə olsun”. 3 gün əvvəl bir rusla Azərbaycan dilində danışıram, yanımdakı tələbə yoldaşım deyir ki, “Azər, ayıbdır, onunla rus dilində danış”. İki gün əvvəl “Real Madrid”in oyununu tənqid etdim, azarkeşin biri üstümə düşdü ki, “guya səninkilər yaxşı oynayır?”. Sözə bax: “səninkilər”. Mənim millətimin nümayəndəsi özünü bizdən hesab etmir, “səninkilər” deyir. 4 günlük müharibədə isə başqasının dəstəyinə qol açıb oynayanlar oldu.

Daha demədilər ki, bizim torpağı niyə başqası qorumalıdır? Qazan xan demiş özümüzə nə gəlib ki, torpağımızı başqası qorusun. Onlar bizə dost jesti edib qoşunlarını göndərmək istəyirlər, lakin bu o demək deyil ki, biz kənara çəkilək, əvəzimizə evimizi qorusunlar. Nə vaxta qədər alman, rus, türk və başqa millətlərin həsrəti ilə yaşayıb, əsarətdə yaşamağı arzulayacağıq. Axı, bu torpağın özünün də əsgərləri var. Axı, hər qarış uğrunda ölmək istəyənlərimiz də var. Necə ki, aprelin əvvəlində bunu gördük.

Çıxmalıdır əsarət canımızdan. Və bir məsələni də anladım ki, bizdən heç vaxt imperiya quran olmayacaq. Dünyada 4 millət var ki, onlardan qorxulur. Türk, ingilis, alman və rus. Çünki onların qəlbində həmişə imperiya xülyası olub və bundan sonra da olacaq. Və onların ayağa qalxmaması üçün bütün işlər görülür, birini çıxmaq şərtilə. Bütün siyasət onların buxova salınması üçündür. Bəzilərimiz isə hələ də kənardan yardım gözləyirik. Bəzi ziyalılarımız isə hansısa ölkə ilə birləşməyi xəyal edir. Sadəcə, xəyal edir. Belə məsələdə xəyal qurmağın özü də günahdır.

Sözardı: Çin Elmlər Akademiyasının əməkdaşı Van Minşan toyuqların pis görməsinin səbəblərini araşdırıb. O, öz məqaləsində göstərir ki, toyuqların əcdadı vəhşi Bankiv toyuğudur. Bütün quşlar çox iti gözə malik olduğu halda toyuqların pis görməsi, gecələr isə ümumiyyətlə görməməsi süni seçmənin nəticəsidir. İnsanın yanına düşməzdən əvvəl onlar çox yaxşı görürmüşlər. Hər tərəfdən təhlükə gözləmələri gözlərinin itiliyi ilə nəticələnib. İnsanların yanında yaşayan toyuqların yem axtarmaq və düşmənlərdən qorunmaq üçün heç bir müdafiəyə ehtiyacı qalmayıb. Buna görə də gecələr toyuqların görmə qabiliyyəti zəifləyib. Əgər kənardan təhlükə gözləmirsənsə, düşmənin hücumunu dəf etməyə özün hazır deyilsənsə, onda getdikcə gözlər zəifləyir.

Görünür, neçə illər boyunduruqda qalmağımızın nəticəsidir ki, gözümüzün nuru gedib, yaxşı görmürük. Yaxşı görməyəni isə udurlar və əhilləşdirirlər. O ki qaldı kiminsə köməyinə. Sağ olsunlar. Nə kiminsə köməyinə ehtiyacımız var, nə də kiməsə birləşmək fikrində deyilik. Necə ki, 1918-ci ildə də harasa birləşmək barədə polemikalar çox olub. Şimala, Cənuba, yoxsa Qərbə. Sadəcə, ayıbdır.