Öz yaratdığımız gündəmdən qorxmağımız

oz-yaratdigimiz-gundemden-qorxmagimiz
Oxunma sayı: 1834

Nərmin Dadaşova

Salam, oxucu dost. Ümid edirəm yaxşısan. Mən yenə özümü insanın ekzistensialist modeli kimi hiss edirəm. E.Munkunun “Haray” rəsmindəki əlləri ilə qulaqlarını tutan naməlum məxluq kimiyəm. Üzü aşağı dərin bir su hövzəsində çabalayıram dünəndən bəri. Nə  bata, nə çıxa bilirəm.   

Dünən, oxucu dost,  bazar günü, orta statistik Azərbaycan qadınının ümummilli “domestos” günündə, qəfildən əlimdəki toz sildiyim bezi bir kənara tullayıb qulaqcıqlarıma cumdum. Şair deməli, “Bir axşam üstü, bir şərq şəhərində, yoruldum qadın olmaqdan”. Birdən, qəfildən hiss etdim ki, indicə musiqi dinləməsəm, ölə bilərəm. Tələsik evdən çıxıb naməlum istiqamətdə üzü küləyə sarı, getdikcə getdim… Heç bir yerə tələsməmək, heç kim tərəfindən gözlənilməmək, sorumsuz olmaq, məsuliyyət daşımamaq, çiynindəki bütün yüklərdən yarım saatlığına qurtulmaq, yarım saat qadın yox, sadəcə insan olmaq, nə qədər gözəl imiş… 

Sonra döndüm, əvvəl məişətimə, sonra işimə-gücümə, mediaya, gündəmə, yazıya-pozuya, kitaba - dəftərə, davaya-dərmana, dosta-tanışa, qadına-kişiyə…

Gündəm yenə eynidir- İntihara cəhdlər, yol qəzaları, narkotik  alverçiləri, işbazlar, müğənnilərin “sənət” söz-söhbətləri və sairə və ilaxırlar… Sonra da deyirik yolda heç kim gülümsəmir, metroda heç kim xoşbəxt görünmür, hamı kütləvi şəkildə depressiyadadır, əşşi yazdandır, qışdandır, apreldəndir, martdandır nə bilim, havadandır,  sudandır… Bilirsən axı, əzizim, əslində sən yaxşı bilirsən nədəndir…

Bir-birimizin bədbəxtliyində günahkarıq demişdim, düz demişdim. Məsələn, bu gün iki dost münaqişə ediblər  “Gənclik” metro stansiyasında.  Əsəblərini cilovlaya bilməyib dostlardan biri canını tapşırmaq istəyib metro relslərinə... Birinci sinif şagirdini maşın vurub, yerindəcə keçinib körpə, yüksək sürət iyirmi yaşlı gəncin həyatını yarıda  kəsib. Bunca qəzanın-bəlanın içində, iki insafsız da saxta dərman mafiyası qurub günahsız insanları zəhərləməyə cəhd ediblər. 

Baxın, bizi bəla bəhrinə aparan, qara zolaqdan çıxmağa qoymayan bütün bunlardır- özümüzün-özümüzə etdiklərimiz.

Qədərin, Tanrının, alın yazısının, yayın-yazın  günahı yoxdur yəni, günah nəfsinə, xislətinə, əsəblərinə yenilmiş insan  övladlarınındır. 

Səncə  də elə deyilmi?