“Özlərini göyün 7-ci qatında hiss edirlər”

ozlerini-goyun-7-ci-qatinda-hiss-edirler
Oxunma sayı: 1796

"İndi sənət dünyasının bir bəlası var: mənəm-mənəmlik. Kim o bəlaya düçar olursa, onun sənətdə atdığı addımların sonu pis olur. Nə qədər özündən razı olsa, bir müddət ondan qazanc əldə edən əhatəsi onu dəstəkləyəcək. Bu da həmin müğənnini uçuruma aparacaq. Bir də gözün açacaq ki, o qədər də qazanc əldə edə bilmir, o zaman da onun ətrafında olan insanlar da artıq əhatələrində olmayacaq".

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva “Show time” verilişinə qonaq olan zaman deyib.Müğənni gənc ifaçılardan danışıb və onlara məsləhətlər verib:

"Bir ana, böyük kimi bu sənətdə olan gənc müğənnilərə tövsiyəm var: meyvə nə qədər bar verirsə, başını aşağı salır. Bu həyatın qoyduğu qanundur. Nə qədər şöhrət qazansanız, işlərinizin qarşılığında böyük mükafatlar görsəniz, bacarın ki, başınızı aşağı salasınız. Böyüklərə hörmət edin, kiçikləri sevin. Sənətinizi sevin, yalnız pulu sevib, pul arxasınca qaçmayın. Elə edin ki, pul sizin arxanızca qaçsın. Onda varlı olarsınız. Pul arxasınca qaçsanız, elə pulu da tez itirəcəksiniz".

N.Dostəliyeva gənc müğənnilərin nədən özlərindən razı olmalarının səbəbini də açıqlayıb: 

"Onlar gəncdirlər, bir neçə adamın onlara dediyi təriflər onları özlərindən çıxardır. Bəzi müğənnilər deyirlər ki, Azərbaycan kanallarına baxmırıq. Amma mən baxıram. Azərbaycanlı olduğum üçün efirlərə baxmaya bilmirəm. Görürəm ki, bəzi gənc müğənnilər pafoslu çıxışları ilə  özlərini göyün 7-ci qatında hiss edirlər. Boş, yalançı təriflərə uymayın"