Özü şikayətçi olmasa da, arvadı şikayət etdi

ozu-sikayetci-olmasa-da-arvadi-sikayet-etdi
Oxunma sayı: 1246

Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadənin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə işi aparan müstəntiq Muxtar Muxtarov ifadə verib.

O bildirib ki, zərərçəkmiş H.Məmmədov xəstəxanada reanimasiyada olarkən verdiyi ifadəsində Ə.Əlizadədən şikayətçi olmadığını deyib.

Sonradan isə onun həyat yoldaşı Gülnarə Məmmədova şikayətçi olub. Cinayət işi materiallarında olan həkim rəyində qeyd edilib ki, H.Məmmədov həmin ifadəni verərək huşu özündə olmayıb.

Müstəntiq M.Muxtarov deyib ki, H.Məmmədov suallara cavab verə bilib: “Əgər ifadə vermək imkanı olmasaydı, ondan ifadə alınmayacaqdı. Özü ifadəsində dedi ki, borca görə söyüş qoyub, Əmrah da pulu çatdırmadığı üçün mübahisələri düşüb. Mən onun yanında gedəndə həkim də orda idi. Əgər huşsuz olsaydı, həkim məni içəri buraxmazdı. Heç vaxt yaralı şəxsdən ifadə alınanda həkimdən yazılı icazə alınmır”.

2017-ci il yanvarın 9-da Bilgəh qəsəbəsində Ə.Əlizadə mağazaya gələrək oranın sahibi, qonşusu Hacıbaba Məmmədovu bıçaqlayara öldürüb. Belə ki, Ə.Əlizadənin dükandan aldığı ərzağa görə 30 manat borcu olub. Bir neçə gün əvvəl həmin borcu tam ödəyəcəyinə söz versə də, həmin gün pulun bir qismini qaytarıb. H.Məmmədov da buna etiraz edib və Əmrahı təhqir edib. Bu zaman Ə.Əlizadə onu bıçaqlayıb.

Murad Əhməd