“Özümü itirdim” - Rauf Məmmədov

ozumu-itirdim
Oxunma sayı: 1074

Şəmkirdə təşkil olunan şahmat üzrə Vüqar Həşimov Memorialında I tur sona çatıb. “Qafqazinfo" xəbər verir ki, ilk turda Azərbaycan şahmatçısı Rauf Məmmədov qara fiqurlarla Çexiya təmsilçisi David Navarayla heç-heçə oynayıb.

Partiyadan sonra David Navara oyun barədə danışıb: "Açılışdan sonra debütdə üstünlük qazandım. Çox maraqlı vəziyyət yaranmışdı. Təəssüf üstünlükdən istifadə edə bilmədim. Rauf çox dəqiq oynadı. Vəziyyəti bərabərləşdirdi və üstünlüyü qaytarmağa imkan vermədi. Amma qələbə qazanmaq imkanım var idi".

Mərhum Vüqar Həşimov barədə danışan çexiyalı şahmatçı onunla oynadığı turnirləri yada salıb: "Həşimovu çox yaxşı xatırlayıram. Vüqar hər zaman partiyada vəziyyəti dəyişməyi bacarırdı. Onunla indiyə qədər 9 dəfə qarşılaşmışıq. Beş oyunda Vüqar qələbə qazanıb. Onun yoxluğunu qəbul etmək çox çətindir. Bir insanı illər ərzində tanıyırsan, sonra onun dünyasını dəyişdiyini eşidirsən. Həşimovun özünəməxsus gülüşü həmişə yadımdadır. Şəmkir turnirində hər zaman onu xatırlayırıq".

Rauf Məmmədov oyunu haqqında fikirlərini bildirib: "Ötən il uğurlu oyunlarım çox oldu. Əmsalımı 2700-ə çatdırdım. Ona görə Şəmkirdə daha yaxşı çıxış etmək istəyirəm. David Navara kifayət qədər maraqlı rəqibdir. Cəlbedici oyunu və gözlənilməz gedişləri olur. Müəyyən mənada oyunumuzda oxşarlıq var. Heç-heçə oyuna görə olan nəticədir. Hərçənd qalib gəlmək imkanlarım var idi. Sadəcə Navarayla oyuna yaxşı hazırlaşmamışdım. 12-ci gedişdən sonra ümumiyyətlə özümü itirdim. Hansı gedişi oynayacağımı bilmirdim. David çox ağıllı oynadı və qısa zamanda bərabərlik yaratdı".

ShamkirChess 2018 superturnirinin təşkilatçılığını yüksək qiymətləndirən Azərbaycan şahmatçısı yarışın Vüqar Həşimovun xatirəsinə keçirilməsinin önəmli olduğunu qeyd etdi: "Vüqarın adına turnir təşkil edən şirkətlərə və insanlara təşəkkür edirəm. Onu həmişə xatırlayırıq. Həşimovun adı gələndə 2009-cu ildəki Avropa çempionatını xatırlayıram. Serbiyada millimiz ilk dəfə çempion oldu. Son həlledici görüşdə Daniel Stelvagenə qarşı gedişi və qələbəsini xatırlayıram. Çox xoşbəxt idik".