Özünə kirpik qoyan oğlan

ozune-kirpik-qoyan-oglan
Oxunma sayı: 3946


Raminə Eyvazqızı

Hava yavaş-yavaş qaralırdı. Artıq yay gününün saat 9-u deyildi. Avtobusumuz dayanacağa yaxınlaşdı. Axşam saatlarında sürücünün sərnişin “ovlaması” bir az çətinləşdiyindən gözləməli olduq. Avtobusdan çölə boylanan oğlum qəfildən susqunluğu pozdu, dayanacaqdakı sütuna söykənən gənci göstərib dedi: “O qızdı, ya oğlan?” . Bayaqdan çoxunun diqqətini cəlb edən oğlana baxdım. Bizimkini qınamalı deyildi. Həmin gəncin(20-22 yaşlarında olardı) qoyma, qara kirpikləri adamın gözünə girirdi. Saç düzümü isə 90-cı illərin sonlarındakı “çolkalı” saçdan idi. Qaşlarının sərhədi möhkəmlənmişdi. Əynində cins şort və sadə tşört vardı. Bəstəboy bu gənc haqqında indi hamı eyni sualla düşünürdü. Oğlanın qızlaşması nə deməkdi? Gənc üzərindəki böyük diqqətdən həyəcanlanırdı. Gah əlini saçına, gah cibinə, gah da rüqzaqına mənasız-mənasız atırdı. Əzilib-büzülmək imkanı yox idi, çünki dayanmışdı. Kipriklər onun qadın ruhunu dindirirdi.

Dayanacaqdakı 10 dəqiqə 10 saata bərabər oldu. O qədər sual vardı ki... Çoxbilmiş cağdaş nəsildən olan oğlumun sualı hələ cavabsız qalmışdı. Elə bir cavab deməliydim ki, o növbəti sualı verməməliydi. İndi ehtiyyatda olan mükəmməl izahım da yox idi. Mövzunu dəyişməliydim. Avtobusa daxil olan saqqızsatan köməyə gəldi. Oğluma saqqız aldım və eyni vaxtda avtobusumuz tərpəndi. Qismən dincəldim. Amma özünə kirpik qoyan oğlanın ailəsini düşünürdüm.

Biseksual və ya homoseksual kəlməsinin ağırlığı əvvəlki kimi camaat arasında ajiotaja səbəb olmur. Amma suallar hər zaman var. Səbəblərdən danışmağa heç kəsin gücü catmır. Həmişə bu mövzudan danışanda Mahsum Qırmızıgülün “Günəşi gördüm” filmi yadıma düşür. Bir müğənninin durub birdən-birdən belə möhtəşəm film çəkməsi, ölkəsinin həqiqətlərini ustalıqla bir filmdə verməsinə adam heyran qalır. Tərif öz yerində. Filmdə qacqın düşən ailənin homoseksual fərdinin son səhnədə ölümü çox təsirlidir. Kadri( Kado)obrazının kiçik hekayəsi həzin sonluqla bitir, qardaşı onu bu yola düşdüyündən öldürür. Ona qoyulan Berfin(kürdcədə “qardələn”) adı isə filmin birabşa adı ilə səsləşir. Berfin gülü günəşi görəndə həmişəlik solurmuş. Film tənqidçiləri bu boyda film süjetində homoseksual probleminin sığışdırılmasını çox qınadılar. Amma real olanı gizlətməklə cəmiyyətdə daha böyük problemlərə zəmin hazırlanmırmı?

Götürək, əvvəldə düşdüyüm situasiyanı. Azyaşlıya əcaib görünən insan haqqında hansı formatda izah verilməlidir, neçə valideyn bilir? Bizi kimi cəmiyyətlərə filan prezident, filan müğənni, deputat qeydir, xəbərləri heyrətlənmək üçün gərəkdir. Amma cinsi yaradılışda baş verən nöqsanlar nəticəsində dünyaya gələn insanlar bu gün də doğulur.

Hermafrodit (ikicinsli), homoseksual-ruhu ilə bioloji varlığının fərqi arasında sıxılıb qalanlar. Dərin məsələdi. Bizdə homoseksuallar yarasa kimi gecələr cıxırlar, heç günəşi görə bilmirlər. Tək-tük buna macal tapır. Çoxluqla onlar əxlaqsızlıq simvoludur. İndi bu qrupun müdafiəsinə qalxmış kimi görünəcəm və qınaq atəşinə tutulacam. Yalnış təəssüratdı. İnsan faktoru. Təəssüf ki, bu indi hər yerdə unudulan şeydi. Gəlin, bir az da bu tərəfdən baxaq. Heç bilirsiz, Vətənini “homoseksual” kimi tərk edən saysız soydaşımız var, başqa ölkədən sığınacaq alsın deyə bu ad altında gizləniblər. Dərd burasındadı, həqiqi cinsi azlıqlarda yox. Söyün, tüpürün onlara, amma Avropa onları güya insan yerinə qoyub qoynuna alır. Problem ondadır ki, biz çox nəsnəni öz adı ilə çağırmaqdan qorxuruq, axı hər şeyin öz adı var. Hansı valideyn istəyər ki, homoseksual övladı olsun. Barı ana, ataya yazığınız gəlsin. Valideyn o vaxt yazıqlaşır ki, övladına “olmazlar”ın adını, izahını verə bilmir. 

***

İngilislərin Oskar Uayld(1854-1900) adlı homoseksual olduğu zənn edilən yazıçı, dramaturqu var. Yəqin çoxu onun ən azı hekayə, nağılından birini oxuya bilib. Oskarın əsrlər əvvəl dediyi maraqlı fikirləri bu günün hikmətli sözlərinə çevrilib. Həmin aforizmlərdən bir neçəsini xatırladım. “Heç kim keçmişini geri ala biləcək qədər zəngin deyil”, “Özümə yalan danışandan bəri heç kimə inanmıram”, “Təcrübə insanın səhvlərinə verdiyi addır”, “İnsanların 90%-i yaşamır, sadəcə vardırlar” və sairə. Sonuncu fikir o qədər doğrudur ki, insan qalan 10 %-in içində olub-olmadığını anlamaq üçün günlərlə baş sındırmaq istəyir. Buna dəyərmi? Qarşındakının hər şeydən qabaq insan olduğunu qananda məncə artıq 10%-dəsən. Məncə...