Özünə pullu erməni adaxlı tapıbsa, atın getsin...

ozune-pullu-ermeni-adaxli-tapibsa-atin-getsin
Oxunma sayı: 1151

Raminə Eyvazqızı

Azərbaycanlı aktrisanın erməni milyonçusu ilə evlənməsini ajiotaja çeviririk. Həmişə söyüş lövhəmiz "zanit" olub, tapıb nəyisə, kimisə ora qoyuruq. İndi bu "azərbaycanlı" dediyimizin bizə nə aidiyyatı var ki, onu üstünə basa-basa özümüzünkü edirik. Qadın qondarma erməni soyqırımı filmində rol alıbsa, özünə pullu erməni adaxlı tapıbsa, onu xəbərə çevirməyin nə adı var? Atın getsin! Neyləyək ki, bizimki  erməni qızı alanda da erməniləşir, erməniyə ərə gedən qızımız da erməniləşir. Məsələ də ondadır ki,  xalqına, millətinə "atan" soydaşların sayı artmaqdadır,  içərimizdə də, çölümüzdə  də. 

Azərbaycanlı əsilli, İran müğənnisi, aktrisası Ququşu (Faiqə Atəşin) illərdir, Azərbaycana gətirə bilmirik. Ququş özünü naza qoyub. Amma iki gün əvvəl onun Ermənistanda konsert  xəbəri onu göstərdi ki, müğənni erməni publikasını çox istəyir. Düşmən ölkədə sayca neçənci konserti olduğunu bilmirəm. Tək bildiyim odur ki, sosial şəbəkədən onun konsertinə gedib Ermənistanda qulaq asan cənublu soydaşlarımız saysızdır. Tarixə nəzər salaq. 2011-ci ildə Ququşun Bakıda konserti olacaqdı, əvəzində o İrəvana səfər planını pozmadı. Dəfələrlə onun azərbaycanlıları təhqir edən fikirlərini təkzib etdiyini eşitmişik. Şəxsimdə  müğənnini gözdən salan  təşviqata inanmamışam. Amma onun sosial şəbəkədən Yerevandan salam göndərməsi onu göstərir ki, erməni Ququşun saqqızını oğurlayıb. Hələ də onun Azərbaycana gəlməsinə ümidlü olanlar var. Amma xarici siyasəti nəzərə alsaq, Ququş çoxdan bizim qara siyahımıza düşməli idi. Onun ermənicə ifalarını elə öz cənublu soydaşlarımız reklam edir. Bu nə antimillətçilikdir, adam anlamır. Sənətdə, yaradıcılıqda millətçilik olmaz deməklə özlərinə təskinlik verənlərin ucbatından bu gündəyik. Brilliant Dadaşovanın erməni ifaçısını tərifləməyi də balaca məsələ deyildi, bəstəkar Eldar Mansurovun əsərlərini oğurlayanları. Bu yanlışı bir neçə sutka ilə unutduq getdi.

Ququşun 2002-ci ildə "Qəribe aşena" adlı mahnısı da dünyada böyük şöhrət tapdı, mənası "tanış olan özğə" deməkdir. Görünür, bu elə müğənninin özünə aiddir, bizə yadlaşan qadın. 67 yaşlı aktrisa, əslən gəncəli olan polkovnikin nəvəsidir (babası Qulu Sübhi, Seyid Cəfər Pişəvərinin 1945-46 -ci illərdə yaratdığı ordunun polkovniki idi), Ququş istəsəydi çoxdan bizə qonaq gələrdi.

Görünür, erməni sevgisi, dostları arzusunun  yerinə yetməməsi üçün çox əlləşiblər. Yoxsa, Bakı onu niyə cəlb etməsin ki? Görəsən, bu günə qədər bir azərbaycanlı olmadı ki, onun qulağına erməni vəhşiliyindən pıçıldasın. Bu ilin sentyabrında Tiflisdə konserti nəzərdə tutulur. Yenə bizdən ötüb  Gürcüstana getməyi planlaşdırır. 2000-ci ildən ABŞ-da yaşayan müğənninin öz nəsli olan tamaşaçılar arasındakı sevgisi isə ölmür. Görünür, sənətlə insan xarakteri arasındakı uçurumda dinləyici təqsirkar deyil. Əslində ürək qırılmaların tək səbəbi kimdənsə nə isə gözləməkdən yaranır. Gedib o boyda yaşını-başını ağartmış insanı zorla Bakıya gətirəsi deyilik ki. Gəlmir heç gəlməsin. Onun atası İstanbulda səhnədə canını tapşırmışdı. Avqustda erməni səhnəsi yenə Ququş üçün bəzədiləcək. Kaş ki, bənzər aqubət erməni səhnəsində baş verməsin!