“Özünədəstək” proqramının pilot işləri aparılır

ozunedestek-proqraminin-pilot-isleri-aparilir-
Oxunma sayı: 668

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sınaq işləri çərçivəsində artıq 13 rayon üzrə 271 ailənin cəlb olunduğu bu proqramın qanunvericilikdə təsbit olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanan «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə» Qanun layihəsində müvafiq maddə əksini tapıb.
Qeyd edək ki, «Özünədəstək» proqramı kənd yerlərində maldarlıq və əkinçilik, şəhər və qəsəbələrdə isə əmtəə və xidmətlər istehsalı sahəsində aztəminatlı ailələrin səmərəli məşğulluğuna aktiv formada dəstək verilməsi məqsədilə ünvanlı yardım almaq hüququna malik ailələrə həmin yardımın orta aylıq məbləğinin 12 misli məbləğində birdəfəlik pul yardımı ödənilməsini nəzərdə tutur.

Ünvanlı yardım alan ailənin əmək qabiliyyətli üzvünün, o cümlədən, mal-qara saxlamaq üçün tövləsinin, yaxud əkib-becərmək üçün torpaq sahəsinin, qəsəbə və şəhər yerlərində kiçik əmtəə və xidmətlər istehsalı üçün müəyyən potensialının, həmçinin seçilmiş fəaliyyət növündə səriştəsinin olması və s. onun qeyd olunan proqramına cəlb edilməsi üçün potensiala malik olması hesab olunur.

Aparılan araşdırmalar nəticəsində hazırda ünvanlı yardım alan ailələrin belə potensiala malik təxminən 30 faizinin «Özünədəstək» proqramına cəlb edilməsi gözlənilir. Bu yeni aktiv dəstək mexanizmi ünvanlı yardım proqramı ilə paralel fəaliyyət göstərəcək. Lakin hər ailə onlardan yalnız birindən yararlana bilər. Başqa sözlə, proqrama cəlb edilmə, yaxud ünvanlı yardımı almaqda davam etmək ailənin öz seçimindən asılıdır.

Onu da bildirək ki, aztəminatlı vətəndaşlar tərəfindən maraqla qarşılanan «Özünədəstək» proqramı mütərəqqi dünya təcrübəsi əsasında hazırlanıb və hazırda bir sıra ölkələrdə (Braziliya, Meksika, Rusiya, ABŞ və s.) də bu proqram tətbiq olunur.