Özünün və övladının “qatili” analar...

ozunun-ve-ovladinin-qatili-analar
Oxunma sayı: 954

Dünya Sakit

Ötən həftə Sumqayıtda daha bir faciə yaşandı – doğuş zamanı ana və körpəsi həyatını itirdi. Əlbəttə ki, dərhal mərhumənin yaxınları, xəbəri oxuyub hali olanlar həkimləri günahlandırdılar: bəlkə haqlı, bəlkə də haqsız olaraq. Düşünürəm ki, ekspertizanın nəticələri kimin haqlı olduğunu daha dəqiq müəyyənləşdirəcək  - açıqlanmasa belə.

Mənimsə diqqətimi Doğuşayardım komissiyası sədrinin açıqlaması çəkdi: 38 yaşlı qadının 18 illik fasilədən sonra sayca 3-cü hamiləliyi olub. Komissiya sədri ehtimal edir ki, qadının gizli keçən və həkimlərdən gizlədilən hansısa xəstəliyi olub...

Razıyam ki, Azərbaycanda həkimlərin bir xeyli hissəsinin ekstremal situasiyalarda çevik və düzgün qərar qəbul edib, xəstələrin həyatını xilas etmək kimi bacarıqları sıfıra bərabərdir.  Xüsusilə də doğuşayardım həkimlərinin böyük bir kəsimi bu sahədə “qurudadır”. Ümumiyyətlə, bizdə  doğuşayardım sahəsinə laqeydlik müşahidə edilir: regionlarda bu, daha açıq görünür. Bakıda isə hətta iri xəstəxanalar, prenetal mərkəzlərdə belə elə qeyri-peşəkar həkimlər doğuş aparır ki, normal ölkələrdə elələrini heç tibb bacısı belə işlətməzlər. 

Digər tərəfdən, nə hikmətdirsə, bizdə doğuşa, xüsusilə də təbii doğuşa səthi, ciddi diqqət tələb etməyən bir tibbi prosedur kimi baxılır. Bəzən hətta qeysəriyyə əməliyyatı ilə doğuşa da belə yanaşma qeydə alınır – Bakının ən böyük xəstəxanalarından birində yanvar ayının soyuqlu havasında, gecə yarısı əməliyyat stoluna uzadılıb, yarım saatdan çox oksigen aparatını oksigenlə dolduracaq əməkdaşı gözləyən biri olaraq, bunun canlı şahidiyəm. Halbuki hansı üsulla olursa-olsun, doğuş təkcə bir uşağın dünyaya gəlməsi deyil, həm də bir ananın yenidən doğulması deməkdir. 

Və bu doğulma ən böyük diqqət, ən ciddi münasibət tələb edir: həm tibb işçiləri, həm də və bəlkə daha çox doğuşa girən qadınlar, onların ailələri tərəfindən... Çünki doğuşun uğurlu və ya uğursuz keçməsi yalnız əməliyyat-doğuş stolunda həll edilmir. Buna qədər keçilən yol – hamiləliyə hazırlıq və hamiləliyin gedişi yarım saatlıq doğuş prosesinin taleyini həll edir 99 faiz hallarda. Nə yazıq ki, Azərbaycanda bunun mahiyyətinə varan qadınların sayı çox azdır. 

Anlayıram ki, bir çox hallarda qadınlar maddi imkanların məhdudluğu üzündən vaxtında həkimə müraciət etmirlər.  Lakin hesab edirəm ki, dünyaya uşaq gətirmək istəyən valideyn(ailədə söz sahibi olan kişilər xüsusilə) ilk öncə maddi imkanlarını hesablamalıdır. Əgər lazımi müayinələri aparmağa imkanın yoxdursa və “Allaha mədəd” deyib uşaq eşqinə düşürsənsə,  ya bir ömürlük şikəst(əqli və ya fiziki cəhətdən) övlada qulluq edib dərdini çəkmək, ya da ananın-uşağn həyatını itirməsi kimi nəticələri də göz önünə almalısan. Bu təhlükə yaşı 30-dan yuxarı olan qadınlarda qat-qat böyükdür. Müşahidələr göstərir ki, doğuş zamanı ölən qadınların əksəriyyəti məhz belə qadınlardır. Digər ağrılı məqam budur ki, o qadınların çoxusunun ilk deyil, 2, 3, hətta 4-cü hamiləlikləri olub sonuncu – ölümə aparan. Dünyaya 2-3 sağlam uşaq gətirən qadın 3-cü və ya 4-cüdə orqanizmində qeyri-təbii, düzgün olmayan proseslərin getdiyini hiss etməyə bilməz. Hiss etdiklərini yaxınları ilə bölüşmək, vaxtında zəruri yoxlamalardan keçmək hər bir qadının borcudur – ilk növbədə bətnindəki körpəsi, evindəki övladları qarşısında. Çünki doğuşu ölümə çevirən hiss edilib, diqqət ayrılmayan bu proseslər olur əksər hallarda . Yenə də böyük təəssüflərlə qeyd edim ki, qadınlarımızın, bütövlükdə cəmiyyətimizin xeyli hissəsi bunu dərk etmir.

Sonda şahidi olduğum bir hadisəni də qeyd edim. Bir neçə il əvvəl mənə çox yaxın olan bir qadın xeyli müalicələrdən sonra ilk dəfə hamilə qaldı. Özü orta təhsilli tibb işçisi olan yaxınımı uşaq bətnində 6 aylıq olanadək vacib olan müayinələrə göndərə bilmədim. Yaşının çox olduğunu, bu üzdən uşaqda bəzi problemlərin ola biləcəyini dəfələrlə anlatmağıma, maddi imkanlarının kifayət qədər yüksək olmasına rəğmən, UZİ müayinəsindən belə keçməyə həvəs göstərmədi. Yalnız 6 aylıq olanda lazım olan müayinədən keçdi və məlum oldu ki, uşağın beynində bir hissə inkişafdan qalıb, müalicə imkanı vaxt baxımından itirilib – çox ciddi əqli qüsurla dünyaya gələcək. Həkimlərin məsləhəti ilə uşağı aldırmağa məcbur oldu. İndiyədək də doğulmayan qızını, ana ola bilməməyini ağlamaqdadır...